Ermənilər hiylə işlədərək bizi pis vəziyyətə qoymağa çalışırlar…
Bu gün Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan sensasion bəyanatla çıxış edib. Nazir Ermənistanın İctimai Telekanalına müsahibəsi zamanı Azərbaycan və Ermənistan arasında Qarabağ nizamlanması üzrə predmeti açıqlayıb. Erməni nazirin sözlərinə görə, tərəflərin müzakirə etdiyi işçi sənədlər əvvəllər müzakirə edilənlərdir. Tərəqqiyə nail olunmamış sənədlər ATƏT-in Vyanadakı ofisinə saxlanmaq üçün verilir.
“Hələ ki saxlanmaq üçün verilməmiş sənəd Kazan sənədidir. Bütün digər şərhlər yersizdir”, – Nalbandyan deyib.
Xatırladaq ki, Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşündən əvvəl razılaşdırılmış prinsiplərin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi yolunda əsas kimi götürə biləcəyini yazmışdı. Həmin sənədə əsasən, əvvəlcə tənzimlənmənin əsas prinsipləri imzalanmalı, daha sonra isə Rusiya, ABŞ və Fransanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan sülh sazişi üzərində işə başlamalıdırlar.
İrəvan Dağlıq Qarabağ ətrafındakı rayonlardan işğalçı qoşunlarını çıxarmalıdır. Bu ərazilərə Füzuli, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonları və Laçının 13 kəndi daxildir. Həmin ərazilərdə təhlükəsizliyin qorunması beynəlxalq sülhməramlı qüvvələrə həvalə olunur. Laçın rayonunda Ermənistanla Qarabağı birləşdirilən dəhliz yaradılır.
Kazan sənədini şərh edən politoloq Elnur Sultanov bildirib ki, bu sənədin ortaya atılması Ermənistanın Azərbaycana qarşı apardığı informasiya müharibəsinin növbəti addımıdır: “Bu fikir söz qələbəliyi yaradaraq fikirləri qarışdırmaq məqsədi daşıyır. Kazan danışıqlarının sənədini heç kim bilmir. Çünki, bu ictimaiyyətə açıq olmayan gizli sənəddir. Kazan görüşündən əvvəl Azərbaycan tərəfi hər nə qədər prinsiplər qarşısında həvəsli davranırdısa, Ermənistan isə əksinə davranırdı. Kazanda Azərbaycan tərəfi neqativ bir sürprizlə qarşılaşdı. Belə ki, Azərbaycanın ümumi razılığını almadan Madrid Prinsiplərinə Ermənistanın istədiyi çox kritik modifikasiyalar etmişdilər. Bu sənəddən sonra Azərbaycan tərəfi danışıqlar masasını tərk etdi və yeni prinsiplərin necə olacağını onlara göstərdi. Kazan görüşündə ortaya atılan sənəd Madird Prinsiplərinin ən ermənipərəst hal ilə ortaya qoyulması idi”.

Politoloq qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlarda iki əsas məsələ var: “Bunlardan ən başlıcası Dağlıq Qarabağın statusu məsələsidir. Ermənilər deyir ki, referendumun tarixi dəqiq göstərilsin və səsvermə Dağlıq Qarabağın erməni əhalisi arasında keçirilsin. Onlar bilir ki, erməni əhali ultra milliyətçi ab-havası ilə 10 il sonra da Dağlıq Qarabağın müstəqilliyinə səs verəcəklər. Azərbaycan isə bu şəkildə Dağlıq Qarabağı itirmək istəmir.
İkincisi, ilk baxışdan az əhəmiyyətli görünən sülhməramlı qüvvələrin kimdən ibarət olmasıdır. Azərbaycan sülhməramlıların ATƏT-in Minsk qrupunun üzvlərinin olmasını istəmir. Əsasən də bir üzvə görə buna maraqlı deyil. Çünki, həmin üzv girdiyi yerdən bir daha çıxmaq istəmir. Ermənistan üçünsə bu məsələ əhəmiyyət daşımır. Böyük ehtimalla Kazandakı danışıqlarda bizim qarşımıza qoyulan sənəddəstatus məsələsində elə bir hal vardı ki, Dağlıq Qarabağı labüd olaraq ermənilərə verirdik. Yəni status məsələsində konkret referendumun tarixi göstərilirdi. Bu, o demək idi ki, Dağlıq Qarabağ həmin tarixdə Ermənistana veriləcək. Hesab edirəm ki, bütün bunlar spekulyasiyadır. Çünki, heç kim Kazandakı danışıqlarda müzakirə olunan sənədlərdə nəyin qeyd olunduğunu bilmir, bilsə belə deməz. Çünki, gizli idi”.
Politoloq fikrini belə davam etdirib: “Ermənistan tərəfi bilir ki, Kazandakı sənəd Azərbaycana sərf etmir, əskinə ermənilərin mövqeyini müdafiə edir. Düşmən tərəfi əslində danışıqlara hazırıq, amma bizim istədiyimiz kimi edək fikrini ortaya atır. Onlar bilir ki, Azbaycan buna etiraz edəcək. Qarşı tərəf hiylə işlədərək diplomatik olaraq pis vəziyyətə qoymağa çalışır. Bununla rəy yaratmağa çalışırlar ki, Kazan sənədləri əsasında danışıqları davam etdirməyə hazırıq, amma Azərbaycan buna hazır deyil. Yəni, üstüörtülü formada elə təklif edirlər ki, “yox” deyən tərəf biz olaq. Kazan prinsipləri Madrid prinsipləri başlayandan bəri gəlinən ən xoşagəlməz nöqtələrdən biri sayılır. Ona görə də böyük ehtimalla Azərbaycan tərəfi Kazan prinsipləri əsasında münaqişənin həllinə “yox” deyəcək”.

E.Sultanov hesab edir ki, Azərbaycan özünün təklif etdiyi modifikasiyalar əsasında Ermənistan tərfinin təklifinə razılıq verməlidir: “Çalışmalıyıq ki, bu diplomatik oyuna gəlməyək. Daha soyuqqanlı, konstruktiv cavab verilməlidir ki, Kazan prinsipləri Azərbaycan üçün də məqbuldur, amma bizim təklif etdiyimiz modifikasiyalar əsasında.
Ermənistan tərəfinə bildirməliyik ki, Madrid prinsiplərinin Kazan modifikasiyası təqdim olunanda öz təkliflərimiz olmalıdır ki, onlar daxilində danışıqlarda iştirak edə bilərik. Çünki, diplomatiyada əsas məsələ “yox” deyən tərəf olmamaqdır. Yəni, razıyıq sözünü dilə gətirmək lazımdır. Amma, Kazan görüşündə ortaya atılan sənədin bizim verdiyimiz modifikasiyalarla dəyişməsi şərti ilə danışıqlara hazırıq deməliyik. Çünki, “yox” desək, bu ermənilərin xeyrinə olar”.




