
İran parlamenti nüvə hüquqlarını qoruyan qanun qəbul edir, yekun sazişlə bağlı 3 məsələdə anlaşılmazlıq hələ də davam edir
Bazar günü Tehranda İran və ABŞ kişilərdən ibarət voleybol komandaları arasında yarış keçirilib. 2015-ci il FIVB Dünya Çempionatı çərçivəsində keçirilən qarşılaşmada İran komandası ABŞ-a 3-0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, cümə günü keçirilən yarışda İran komandası eyni hesabla qalib gəlmişdi. Hətta həmin vaxt qadınların da stadiondan yarışı izləməsi ciddi etirazlara səbəb olmuşdu. Ancaq bazar günü keçirilən yarış sakit başa çatıb.
Əlbəttə, voleybol matçı yalnız idman yarışı olmaqdan daha çox siyasi hadisə kimi qiymətləndirilir. Məsələ burasındadır ki, uzun sürən danışıqlardan sonra bu il aprelin 2-də İsveçrədə İran və “altılıq” ölkələri arasında gedən danışıqlar müsbət nəticə verib və nüvə məsələsində ilin anlaşması əldə olunub. İyunun 30-da isə tərəflər arasında yekun sənəd imzalanmalıdır. Razılaşma İranın qarşıdakı 10-15 il ərzində nüvə fəaliyyətindən imtina etməsi, ölkənin nüvə mərkəzlərini beynəlxalq müşahidə üçün açıq elan etməsi və bunun müqabilində İrana qarşı sanksiyaların ləğvini nəzərdə tutur.
Bir sıra müşahidəçilərə görə, son illərdə ABŞ hökuməti uzun illər düşmənçilik siyasəti apardığı İranla münasibətlərdə yumşalma xətti götürüb. Vaşinqton Tehrana qarşı bir sıra embarqoları götürüb, İslam Respublikasının bir neçə dondurulmuş bank hesabları azad edilib və pullar Tehrana qaytarılıb. Müşahidəçilərə görə, Vaşinqton bölgədə yeni siyasi vizion yaratmağa çalışır.
Ancaq hazırda vəziyyət elədir ki, iyunun 30-da yekun sazişin imzalanmasının özü sual altındadır. Doğrudur, hər iki tərəf, – həm ABŞ, həm də İran hökumət rəsmiləri beynəlxalq ictimaiyyəti əmin edir ki, təyin olunan vaxtda yekun saziş imzalanacaq. Eyni zamanda rəsmilər əksər detalların razılaşdırıldığını, yalnız bəzi detalların qaldığını deyirlər. Lakin əslində vəziyyət göründüyündən də xeyli mürəkkəbdir. Çünki ortada hər iki tərəfi narazı salan və hələlik üzərində ortaq məxrəcə gəlməyin mümkün olmadığı məqamlar qalır. Bu məsələni daha da mürəkkəbləşdirən İran daxilindəki siyasi vəziyyətdir. Belə ki hazırda İran parlamentində çoxluq təşkil edən mühafizəkar qanad hökumətə qarşı hücuma keçib. Mühafizəkarlar ABŞ-ın yekun anlaşma ilə bağlı irəli sürdüyü şərtlərin qəbuledilməz olduğunu iddia edirlər.

Yeri gəlmişkən ötən gün İran parlamentində ölkənin nüvə hüquqlarını qoruyan qanun müzakirəyə çıxarılıb və 199 səslə qəbul olunub. Sabah isə qanun parlamentin ümumu yığıncağında yekun səsverməyə çıxarılacaq və böyük ehtimalla qəbul olunacaq. Çünki hazırkı parlamentdə çoxluğu mühafizəkarlar təşkil edir. Eyni zamanda mühafizəkar qanad iddia edir ki, hökumət, xüsusən də xarici işlər naziri Cavad Zərif bu məsələdə Qərbə qarşı xeyli dərəcədə güzəştli davranır. ABŞ-ın yekun sənədə iki xüsusi maddə salmaq istəyir ki, bu da ciddi narazılıq doğurub. İran mühafizəkarlarını qəzəbləndirən əsas şərtlərdən biri beynəlxalq ekspertlərin İranın hərbi hissələrini, daha doğrusu raket hissələrini yoxlamaq və mütəmadi monitorinqini aparmaqdır. İkinci narazılıq doğuran şərt İranın nüvə sənayesində çalışan fikirlərin beynəlxalq ekspertlər tərəfindən müsahibəyə cəlb olunmadır. İran rəsmiləri bunu nüvə istintaqı adlandırırlar. Mühafizəkar qanad bəyan edib ki, bu şərtləri qəbul etmək olmaz. Bundan başqa yekun sənədin əsas məsələlərindən biri də İrana qarşı sanksiyaların hansı qaydada ləğv olunması ilə bağlıdır. 2 aprel anlaşmasından sonra İran rəsmiləri bəyan edib ki, ABŞ sanksiyaları anlaşma qüvvəyə mindikdən sonra tamamilə aradan qaldıracaq. Ancaq ABŞ hökuməti sanksiyaları mərhələli şəkildə qaldırılacağını bəyan edib. Maraqlıdır ki, indi İran xarici işlər naziri də etiraf edir ki, sanksiyaların müvəqqəti ləğvi ilə bağlı anlaşma olub. Rəsmi Tehran bunu ilkin etapda sanksiyaların ləğv olunması və ölkə iqtisadiyyatının dirçəldilməsi cəhdi ilə izah edir. Lakin bu arqumentlər Həsən Ruhani və Cavad Zərifin müxaliflərini qane etmir. Mühafizəkarlar iddia edirlər ki, hökumət məhz daxildə ictimai rəydən dəstək almaq üçün bu şəkildə diplomatik danışıqlardan istifadə ediblər.
Məsələ burasındadır ki, İranda qarşıdan parlament seçkiləri gəlir. Gələn il fevral-mart aylarında ölkədə növbəti parlament seçkiləri olacaq. Və mühafizəkarlar hesab edir ki, Həsən Ruhani parlamentdə də möhkəmlənmək üçün Qərblə anlaşma kartından istifadə edir. Həqiqətən də Cavad Zərifin apardığı danışıqlar İran üçün ciddi müsbət nəticələr doğurdu. Ancaq təbii ki, ortada yekun anlaşma yoxdur və üstəlik “islahatçıların” diplomatik uğuru mühafizəkar qanadı narahat edir. Mühafizəkar qanad hesab edir ki, ABŞ-la anlaşma İslam Respublikasının imicini zədələyəcək, müsəlman dünyasında etibarını azaldacaq, digər tərəfdən hazırda Yaxın Şərqdə ABŞ-İran maraqları ciddi şəkildə toqquşur. Mühafizəkarlar ABŞ-ın İraq və Suriyada İran maraqları ilə savaşdığını, bu mənada böyük sülhün mümkünsüz olduğunu, hökumətin apardığı danışıqlar prosesinin isə daha çox daxili siyasətə hesablandığını iddia edirlər.
Beləliklə, İranla Qərb (əslində ABŞ) arasında yekun sazişin imzalanmasına bir həftə qaldı. Əlbəttə, indiki şərtlərdən baxanda yekun anlaşmanın imzalanması xeyli dərəcədə çətin görünür. Çünki ortada hələ də razılaşdırılmayan bir neçə ciddi məsələlər var. qarşıdakı 7 gündə bunun edilməsi elə də asan görünmür. Lakin bütün bunların fonunda ABŞ-ın indiki hökumətinin Yaxın Şərqdə əsas oyunçulardan olan İranla münasibətləri qaydaya salmaq əzmi hiss olunur. Bu isə onu deməyə əsas verir ki, yekun saziş hətta müəyyən müddətə uzadılsa belə, Vaşinqton Tehranla təmasları davam etdirəcək.