Həsən Ruhani 65 illiyini Azərbaycanda qeyd edəcək; iki ölkə arasında müzakirəsi yetişən bir sıra ortaq və aktual məsələlər var…
Bu gün İran prezidenti Həsən Ruhani prezident postunda ilk dəfə olaraq Azərbaycana rəsmi səfərə gələcək. Səfər çərçivəsində Ruhani Azərbaycanın ali rəsmi şəxsləri ilə görüşəcək, Milli Məclisdə çıxış edəcək. Bundan əlavə, müxtəlif sahələr üzrə 10-a yaxın sənədin imzalanacağı gözlənilir.
Ruhaninin Bakı ziyarəti iki ölkə arasında münasibətlərin son aylar sabit qalması fonuna təsadüf edir. Hər halda, prezident İlham Əliyevin İrana aprel səfərindən sonra qarşılıqlı münasibətlərdə kolliziyalar qeydə alınmayıb.
Maraqlıdır ki, səfər ərəfəsində ingilis nəşrlərindən biri Bakıda İranla ABŞ arasında məxfi danışıqlar aparıldığı haqda material dərc edib ki, bu da özlüyündə Bakıya artan etimadın təzahürü sayıla bilər – hərgah, rəsmi Tehran xəbəri təsdiqləməyib.
Lakin tərəflər bir-birini nə qədər “dost-müttəfiq” desələr də, gerçək budur ki, İranla Azərbaycan strateji müttəfiq statusundan hələ çox uzaqdılar və ən azından, həm Ermənistan, həm də İsrail faktoruna görə “ehtiyatlı qonşular” kateqoriyasına daha çox uyun gəlirlər. Cənub qonşumuzun Azərbaycana münasibətdə ümmət deyil, ən əvvəl dövlət maraqlarından çıxış etdiyini isə ötən ay İranda Ermənistan baş naziri Ovik Abramyanın ən yüksək səviyyədə qarşılanması və ona xüsusi iltifatın göstərilməsi növbəti dəfə nümayiş etdirdi.
Ancaq son aylar bölgədə situasiya xeyli dəyişib. O sırada İŞİD timsalında əhalisinin əksəriyyəti şiə olan iki müsəlman ölkəyə ortaq təhdidlər meydana çıxıb. İstisna deyil ki, Bakı görüşlərində təhlükəsizlik terrorla mübarizə məsələləri və bu sahələrdə informasiya mübadiləsinin zəruriliyi də diqqət mərkəzində olacaq. Yada salaq ki, Ruhani uzun müddət İranın Milli Təhlükəsizlik Şurasının katibi olub və 2011-ci ildə həmin statusda o, Azərbaycana səfərə gəlib.
Bəs ekspertlər səfərdən nə gözləyir? Politoloq Elxan Şahinoğlu bir elə nikbin deyil. Onun sözlərinə görə, İran hakimiyyətində bəzi simalar hələ də Azərbaycanın daxili işlərinə qarışır və Bakının xarici siyasətində korrektə edilməsini istəyirlər (axar.az): “Əgər İran Azərbaycanla əməkdaşlıq etmək istəyirsə, birinci növbədə daxili işlərə qarışmaqdan əl çəkməlidir. Bu gün İranın özünün də vəziyyəti yaxşı deyil və o, beynəlxalq sanksiyalardan qurtulmaq istəyir. Sanksiyalardan qurtulduqdan sonra İran öz enerjisini bazara çıxarmaq istəyəcək ki, bunun üçün də ən mühüm əməkdaşlıq Azərbaycandan keçir. Çünki bizdə bunun üçün hazır infrastruktur var”.
Ekspert Bakı görüşləri zamanı tərəflər arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsindən söhbət gedəcəyini də mümkün sayır: “Amma hər şey Həsən Ruhanidən asılı deyil. Çünki İranda hakimiyyət arasında ixtilaf var və İslam inqilabından sonra hər zaman olub. Burada üç qüvvə var: İran prezidenti, Ali Dini lider və hərbiləşdirilmiş qüvvələr. Hətta Ruhani Azərbaycanla əməkdaşlığı gücləndirmək istəsə belə, o biri qüvvələr bunu bəyənməyib Azərbaycanın daxili işlərinə qarışa bilər”.
Politoloq Həsən Ruhaninin buradakı görüşündən sonra İran mediası tərəfindən müəyyən təxribatlara yol verilə biləcəyini də istisna eləməyib: “Əliyevlə Ruhani arasında Culfa istiqamətində 13 metrlik mübahisəli torpaq məsələsi də müzakirəyə çıxarıla bilər. Məsələ ondadır ki, səfər öncəsi və sonrası İran tərəfi təxribata əl ata bilər. Məsələ belədir ki, hər dəfə səfər yüksək səviyyədə keçdikdən sonra ertəsi gün ”Səhər” kanalı və digər media orqanları hansısa yüksək vəzifəli məmurun vasitəsilə Azərbaycanın daxili işlərinə qarışacaq açıqlamalarla təxribata əl atır. Gərək İran tərəfi bu tipli açıqlamalardan yayınsın. Bakıda həmçinin Rəştdən başlayaraq Rusiyaya qədər uzanacaq dəmir yolu məsələsi, İran qazının Azərbaycan üzərindən Avropaya daşınması müzakirə oluna bilər. Bütün bu məsələlər İran üçün aktualdır. Azərbaycan da bu istiqamətdə müəyyən addımlar ata bilər ki, əməkdaşlıq artıb inkişaf etsin. Amma yenə də təkrar edirəm ki, 20 ildə belə görüşlər az olmayıb. Hər dəfə də İran əvvəlki mövqeyinə qayıdaraq bizə qarşı informasiya məkanı təxribatlarını davam etdirib, Ermənistanla əməkdaşlığı genişləndirib”.
Onu da qeyd edək ki, səfər cənab Ruhaninin ad gününə – 65 illiyinə təsadüf edir. Lakin bunun təsadüf, yoxsa xoşməramlı jest olduğu yəqin ki, bu gün bilinəcək.