İran Ekspertlər Məclisinin üzvü, Zahidan şəhərinin keçmiş cümə imamı Ayətullah Abbas Əli Süleymani silahlı hücum nəticəsində dünyasını dəyişib.
Elchi.az İranın rəsmi xəbər agentliyi İRNA-a istinadən xəbər verir ki, Mazandaran əyalətinin qubernator müavini Ruhullah Solqi bu gün səhər saatlarında Ekspertlər Məclisinin üzvü Süleymaninin Mazenderan vilayətinin Babulser şəhərində silahlı hücuma məruz qaldığını açıqlayıb.
Süleymaninin həyatını itirdiyini bildirən Solqi, hücum edənin tutulduğunu qeyd edib.
İran rəsmisi hadisənin təfərrüatlarının daha sonra paylaşılacağını bildirib.
Ayətullah Abbas Əli Süleymani bundan əvvəl İran lideri Əli Xamneyinin Sistan-Bəlucistan əyalətinin nümayəndəsi və Zahidan cuma imamı vəzifələrində çalışıb.
İran Konstitusiyasına görə, İran liderini seçə, ona nəzarət edə və vəzifədən azad edə bilən bir komitə olan Ekspertlər Məclisi 8 ildən bir xalq tərəfindən birbaşa seçilən 88 ruhanidən ibarətdir.
Nuranə Məmmədova




