Bu gün “21 Azər” hərəkatının 69-ci ildönümüdür
Hər il olduğu kimi, bu il də bu tarixi günün ildönümü ərəfəsində Güney Azərbaycan və xaric ölkələrdə yaşayan mühacir azərbaycan türkləri tərəfindən müxtəlif tədbirlər həyata keçirildi və bu önəmli gün müxtəlif səviyyələrdə müzakirə mövzusu olub. Belə ki, Güney Azərbaycanın Xoy şəhərində minlərlə CD yayılıb. Azərbaycan Milli Hərəkatı fəalları tərəfindən nəşr olunan 45 dəqiqəlik CD-lərdə Azərbaycan Milli Hökuməti və günümüzdəki proseslər təhlil olunub. Həmçinin keçən günlərdə “Biz”-İran adlı coğrafiyada milyonlarla türkün üsyanı – broşurası nəşr olunub və Güney Azərbaycanın bəzi şəhərlərində yayılıb. Bir qrup gənc aydınlar tərəfindən nəşr olunan broşura 40 səhifə və 6 bölümdən ibarət olub.
GünAz TV-nin xəbəripnə görə, İran rejimi də tədbirlərə öz ənənəvi münasibətini gizlətməyib. “21 Azər” Hərəkatının ildönümü ərəfəsində Azərbaycan Milli Hərəkatı üzvlərinə qarşı təzyiqlər artıb və gözlənilən tədbirlər baş tutmasın deyə hökumət qüvvələri müxtəlif vasitələrlə fəalları təqib və təzyiqlərə məruz qoyublar. Əhər şəhərində ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları milli-mədəni fəallarla telefon əlaqəsi saxlayıb və onları həbs cəzası ilə təhdid ediblər. Bir sıra fəallardan isə gələcək günlərdə ETTELAAT idarəsinə müraciət etmək və öz fəaliyyətləri haqqında məlumat vermək istənilib. “21 Azər” Hərəkatının 69-cu ildönümü ərəfəsində Güney Azərbaycanın Qoşaçay şəhərində 3 nəfər azərbaycanlı milli-mədəni fəal (Cavad Sudbər, Həbib Mənafiazər və Yusif Muxtari) tutuqlanıb və Mahabad (Soyuqbulaq) zindanına intiqal edilib. Həmçinin bu ərəfədə azərbaycanlı fəal Siyamək Seyfi Təbriz zindanına çağırılıb. O, çağırışa əsasən 31 dekabrda Təbrizin Ümumi Məhkəməsinin 104-cü şöbəsində olmalıdır.
Xatırladaq ki, 1945-ci il azər ayının 21-də (dekabrın 12-si) Seyid Cəfər Pişəvərinin başçılığı ilə Təbrizdə Azərbaycan milli hökuməti qurulub. Milli hökumət bir il sonra Pəhləvi hakimiyyətinin qanlı müdaxiləsi və bir sıra xarici amillərə görə süquta uğradılıb. S.C.Pişəvəri 1947-ci ildə Azərbaycanda müəmmalı avtomobil qəzasında həlak olub. O, Bakıda Fəxri Xiyabanda uyuyur.
Azərbaycan Milli Hökuməti xalqın dəstəyi ilə dövlətin bir sıra mühüm işlərini həyata keçirib. Təbriz Dövlət Universitetinin və Azərbaycan türkcəsində çoxlu sayda orta məktəblərin açılması, milli teatrın və mili filarmoniyanın yaradılması, milli kitabxanaların istifadəyə verilməsi, yolların çəkilməsi və s. kimi işlər görüb. Milli Hökumət eyni zamanda aşağıdakıları həyata keçirib.
Azərbaycan Milli Hökuməti torpaq islahatını həyata keçirdi; Hökumət iri bankları milliləşdirdi; Dövlət məmurlarının rüşvət almasını əngəlləyən ciddi qanunlar qəbul olundu; Şəhərlərlə yanaşı, kəndlərdə xidmət göstərən səyyar xəstəxanalar və sağlamlıq klinikaları yaradıldı; Əsas malların qiymətlərinə ciddi şəkildə nəzarət edilirdi. Ərzaq məhsullarının gizlədilməsinə görə ağır cəza verilirdi; Sosial proqramın həyata keçirilməsinə başlanıldı, işsizlər işlə təmin olundu; Güney Azərbaycan Milli Ordusu yaradıldı.
Nəhayət ki, sosial-iqtisadi islahatların surətli bir şəkildə həyata keçirildiyi bir dövrdə, Milli Hökumət bir sıra xarici amillərlə yanaşı Tehran rejiminin qanlı müdaxiləsi və qətliamlar törətməsi nəticəsində 12 dekabr (21 Azər) 1946-cı ildə süquta uğrayıb.