“Dil və nitq bir-biri ilə qarşılıqlı əlaqədədir. Belə ki, nitqin aydın və təsirli olması üçün dil, yəni dilin bütün vahidləri əvəzsiz rola malikdir, eyni zamanda dilin mövcudluğu üçün nitq zəruridir, çünki dil nitq vasitəsilə təzahür edir. Nitq ünsiyyət vasitəsi olan dil sayəsində yaranır. Lakin şifahi və yazılı nitq zamanı dil vahidlərindən ədəbi dil normaları çərçivəsində istifadə etmək lazımdır”- bu sözləri Elchi.az-a açıqlamasında
AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Bəylərova deyib.
“Ümumiyyətlə, insan fəaliyyətinin müxtəlif sahələrində çalışanlar öz nitqlərini həm ədəbi dil normalarına, həm də mədəni nitqin tələblərinə uyğun şəkildə qurmalıdırlar ki, iş həyatında hörmət, nüfuz və uğur qazanmaq mümkün olsun. Burada ədəbi dilin həm fonetik, həm leksik, həm də qrammatik normalarına, o cümlədən mədəni nitqin aydınlıq, düzgünlük, dəqiqlik, təmizlik, səmimilik, zənginlik kimi tələblərinə əməl edərək ünsiyyət qurmaq nəzərdə tutulur. Kommunikasiya prosesində uyğun intonasiyadan, müvafiq sözlərdən və düzgün qurulmuş cümlələrdən istifadə olunsa, qarşı tərəfin şəxsiyyətinə toxunacaq təhqiramiz söz və ifadələr işlənməsə, yəni nitqin təmizliyinə əməl edilsə, təvazökarlıq göstərilsə, əlbəttə ki, normal ünsiyyət yaranacaq.
Bildiyimiz kimi, ünsiyyət öncə müraciətdən başlanır. Dilimizdə bir çox müraciət formaları vardır ki, onlardan lazımi şəkildə istifadə nitq mədəniyyəti baxımından önəmlidir. Məsələn, həmsöhbətə müraciət formasının əvvəlinə hörmətli, əziz sözlərini əlavə etmək olar. Bundan başqa, özündən yaşca böyük insanlara, vəzifə sahiblərinə, qadınlara “siz” deyə müraciət olunmalıdır. Eyni zamanda, rəhbər işçi də əməkdaşlara “siz” deyərək xitab etməlidir. Bəzən iş yerlərində belə bir xoşagəlməz halla qarşılaşırıq ki, danışan şəxs özündən yaşlı adamlara adı ilə və “sən” deyə müraciət edir. Bu, əlbəttə ki, qəbahət sayılır.
Bundan əlavə, iş həyatında müəyyən məsələlərin müzakirəsi zamanı verilən suallara diqqət yetirilməlidir. Həm düşündürücü, məntiqli suallar verilməli, həm də nəzakət qaydaları gözlənilməlidir. Hər hansı bir məsələni aydınlaşdırmaq, öyrənmək məqsədilə sual verilərkən bu kimi ifadələrdən istifadə etmək olar: “Sizə sual vermək olar?”, “Zəhmət olmazsa, mənə izah edə bilərsiniz?”, “Sizin bu haqda fikrinizi bilmək olar?” və s. Verilən sual və ya suallara cavab aldıqdan sonra həmsöhbətə təşəkkür bildirmək lazımdır. Əgər sual verilən tərəf sizsinizsə, suallar nəzakətlə qəbul edilməli, diqqətlə dinlənilməli və müvafiq cavablar verilməlidir.
Sual və cavab verilən zaman etik normalara sığmayan ifadələrə yol verilməməlidir. Məsələn, “Bu nə sualdır?”, “Bunu da bilmirsən?”, “Belə sual olar?”, “Səni başa salmaq çətin məsələdir” və s. Əgər sual düzgün qoyulmayıbsa, “Fikrimcə, bu sualı belə də qoymaq olar”, “Sualı başqa şəkildə də vermək olar” və s. kimi nəzakətli ifadələrdən istifadə edərək cavab verilməlidir. Belə olduqda həmsöhbət sizdən razı qalacaqdır.
Buraya qədər dediklərimiz iş həyatında ünsiyyət zamanı nitqin düzgün qurulması ilə bağlı idi. Lakin bununla yanaşı, düzgün davranış qaydalarının rolu da qeyd olunmalıdır. Hər hansı məsələnin müzakirəsi zamanı qarşı tərəfin fikirlərini axıra qədər dinləmək, fikir ayrılığına hörmətlə yanaşmaq, öz mülahizələrini həmsöhbətə mütləq şəkildə qəbul etdirməyə çalışmamaq bu qaydalar arasında vacib olanlardandır.
Həm qədim dövrün filosofları, həm də müasir dövrün psixoloqları insanlar arasında ünsiyyətin qurulması barədə müxtəlif aforistik fikirlər söyləmişlər. XX əsrdə fəaliyyət göstərmiş Amerika pedaqoq və yazıçısı Deyl Karnegi ünsiyyət nəzəriyyəsinin yaradıcısıdır. O, psixologiyanın nəticələrini praktikaya tətbiq edərək münaqişəsiz ünsiyyət konsepsiyasını yaratmışdır. D.Karnegi “Natiqlik sənəti və biznesdə insanlara təsiri” adlı kitabında düzün ünsiyyət qurmaq bacarığının iş həyatında roluna dair fikir və mülahizələrini qələmə almışdır. Ümumiyyətlə, iş həyatında ünsiyyətin uğurlu alınmasına mane olan bir neçə səbəb vardır. Bunlardan biri danışan şəxsin öz fikrini dəqiq və aydın ifadələrlə çatdıra bilməməsidir. Çünki belə olan halda qarşı tərəf onun nə istədiyini anlamır, yaxud da səhv anlayır və nəticədə anlaşılmazlıq, hətta mübahisə yaranır. Daha bir mühüm səbəb isə sırf psixoloji səciyyə daşıyır. Belə ki, kommunikantlar arasında etibarsızlıq, bir-birinə qarşı ikrah, qəzəb hissi hökm sürürsə, təbii olaraq, normal ünsiyyət yaranmayacaq.
Bir məsələni də vurğulamaq lazımdır ki, istər məişətdə, istərsə də iş həyatında düzgün ünsiyyətin qurulmasına həm verbal, həm də qeyri-verbal vasitələr xidmət edir. Belə ki, bir sıra psixoloqlar ünsiyyət zamanı jest və mimikaların xüsusi rolunu qeyd edir, informasiyanın çox hissəsinin onlar vasitəsilə ötürüldüyü fikrini irəli sürürlər. Deməli, bu qeyri-verbal kommunikasiya üsulları da insanlar arasında ünsiyyətin qurulmasında danılmaz rol oynayır. Lakin bu üsullardan da yerli-yerində, yəni ifrat jestikulyasiyaya yol vermədən istifadə olunmalıdır, əks halda belə bir fikir yarana bilər ki, danışanın söz ehtiyatı azdır, nitqi zəifdir.
Daha bir mühüm məqam iş həyatında hiss və emosiyalara nəzarət etməyi bacarmaq, eyni zamanda emosional həmsöhbəti sakitləşdirməyə səy göstərməkdir. Ümumiyyətlə, çalışmaq lazımdır ki, ünsiyyət münaqişə ilə nəticələnməsin. Əgər münaqişə baş veribsə, yaranmış münaqişəni həll etməyə çalışmaq önəmlidir. Bunun üçün kimin haqsız odluğunu yox, həqiqəti üzə çıxarmağa çalışmaq, hər şeydə qarşı tərəfi günahlandırmamaq, işlə bağlı münaqişəni şəxsi münaqişəyə çevirməmək, konfliktin yaranmasına gətirib çıxaran narazılığın səbəbini dəqiq ifadə etmək, tərəflərin öz səhvlərini etiraf etməsi olduqca vacibdir. Yekunda qeyd edək ki, insan fəaliyyətinin istənilən sahəsində uğur qazanmağın şərtləri sırasında ünsiyyət zamanı ədəbsizlik və nəzakətsizliyə qətiyyən yol verməmək, mədəni nitqin tələblərinə əməl etmək önəmli rola malikdir”.
Havar Şəfiyeva






