“Doğrudan da işğalçının məntiqi eyni olur. Azərbaycan ərazilərini vaxtı ilə işğal edən Ermənistan bunu bir qrup insanın müstəqil yaşamaq istəyi və onların təhlükəsizliyi üçün etdiyini bəyan edirdisə, indi də Rusiya eyni məntiqlə bunu etdiyini deyir. Bu barədə erməni rəhbərlərinin fikirləri indi Rusiya rəhbər idarəçilərin fikirlərinin eynisidir. Əsas oxşarlıq isə ondadır ki, bunlar özlərini bu hərəkətdə haqlı hesab edirlər”.
Bu fikirləri Elchi.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov bildirib.
“Bu məsələdə tək rəhbər şəxslər yox, onların xalqlarının da eyni fikirdə olduğunu görmək olur.
Onların qələbəsi kimi, məğlubiyyəti də bir-birinə bənzəyir. Xalqlarının düşdüyü durum da eyni olur. Heç biri məğlub olacağına inanmır, bunun mümkün olmadığını fikirləşirlər, amma günün birində bu məlum olanda, yenə də müxtəlif bəhanələr uydurub, özlərinə haqq qazandırmaq istəyirlər. Bu xalqlar heç vaxt öz fikirlərindən əl çəkmir, çünki dünyaya baxışları belə formalaşıb. Məğlubiyyəti gələcək qələbələrə hazırlıq üçün yeni başlanğıc hesab edirlər. Adətən bu məntiqi haqlı tərəfə şamil edirlər, amma haqsız işğalçı tərəfin bu məntiqi xəstəlik əlamətidir. Ətrafına, bəşəriyyətə qarşı yönəlmiş xəstə təfəkkür.
İşğalçının aqibəti gec-tez eynidir. Xalqının və dövlətinin məhvolma həddinə gəlməsi. Bunu dərk etməyən xalq bu aqibəti yaşamağa məhkumdur. Bir daha görünən odur ki, Rusiya bir həqiqəti anlamır ki, başqasının torpağına göz dikməklə əldə edə biləcəyin, əlindəkini də itirmək olur. Tarixin dərslərindən nəticə çıxarmayan xalqlar tarix üçün yeni istinad mənbəyi olur, sadəcə yeni tarix adı ilə”.
Yeganə





