
İraq əsgərləri İŞİD-ə silahlı qruplaşmasına qarşı quru hücumunu bir neçə həftəyə başlayacaq. Bunu İŞİD-ə qarşı beynəlxalq koalisiyanın ABŞ-dan olan koordinatoru, general Con Allen deyir.
Fevralın 8-də İordaniyanın rəsmi Petra agentliyinə müsahibəsində Con Allen deyib ki, “İraq əsgərləri İraqı geri almaq üçün quru əməliyyatına başlayanda, koalisiya da bununla yanaşı böyük atəş əməliyyatı həyata keçirəcək”.
Ötən 3 gün ərzində İordaniya İŞİD hədəflərinə 56 hava hücumu həyata keçirib. İordaniyalı pilot diri-diri yandırılandan sonra hökumət silahlı qruplaşmaya sərt cavab verəcəyini açıqlayıb.
Koalisiya ötən ilin avqustundan hava zərbələrinə başlayandan, Suriya və İraqdakı quru qüvvələri İŞİD-nin tutduğu ərazilərin 20 faizini geri qaytarıb. Bunu ABŞ dövlət katibi Con Kerri Münhendə deyib (“Azadlıq.org”).



