
ABŞ rəsmiləri iddia edirlər ki, İraq-Şam İslam Dövləti (İŞİD) adlanan terror qruplaşması kimyəvi silahdan istifadə etməyə başlayıb. Hətta bəzi mənbələr bildirirlər ki, terror qruplaşması bu silahları özləri istehsal edirlər.
Almaniyanın Müdafiə Nazirliyindən bildirilib ki, İŞİD qrupu ilə döyüş zamanı 60 peşmərgə (Şimali İraqda kürd ordusu) döyüşçüsü kimyəvi silahlardan aldıqları xəsarətlərdən əziyyət çəkir. İŞİD-in xardal silahından istifadə etməsi iddia olunur. Qərb mediasının yaydığı məlumatlara görə, onlar kimyəvi silahı toz formasında istifadə ediblər. Bu silah partlayanda xardal tozu hədəfin üzərinə səpilir. Variantlar sırasında müxtəlif fikirlər səsləndirilib. İŞİD-in kimyəvi silahı necə əldə etməsi ilə bağlı xarici mətbuatda yazılan faktlarda bildirilir ki, onlar xardalı özləri hazırlayır. Digər varianta görə isə qruplaşma xardalı İraq və ya Suriyadakı kimyəvi silah anbarlarından tapıb.
İŞİD adlı terror qruplaşmasının kimyəvi silah istehsal etməsi ilə bağlı yayılan məlumatları, politoloq Arzu Nağıyev isə musavat.com-a açıqlamasında əsassız adlandırıb. O bildirib ki, İŞİD-in kimyəvi silah istehsal etmək imkanı mövcud deyil:
“Kimyəvi silah istehsal etmək üçün, müəyyən istehsalat, prosesləri lazımdır. Onlar sadəcə olaraq, hardansa kimyəvi silah əldə edə bilərlər. Yaxud da məqsədli şəkildə kimlərisə qorxutmaq üçün onlara kimyəvi silah verə bilərlər. Hər hansı qazdan istifadə etmək, hələ kimyəvi silah anlamına gəlmir. Bu söhbət 11 sentyabr hadisələrindən sonra gündəmə gəldi. Bu il də Kəbədə baş verən kran aşmasının ardınca da İŞİD-in kimyəvi silaha malik olması ilə bağlı fikirlər ortaya atılıb. Bunlar hamısı boş söhbətlərdir. Kimyəvi silah olsaydı, çoxdan onun təqdimatını da edər, ondan yararlanardılar. Son zamanlar İŞİD-in metodu demək olar ki, tamamilə dəyişib. Onlar indi əsir və girovları satmaq, hərraca çıxarmaq kimi yollara əl atıb, pul əldə etməklə məşğuldurlar. Hesab etmirəm ki, onların kimyəvi silahı var”.
A.Nağıyev bildirib ki, kimyəvi silah adi silahlar kimi göz önündə saxlanılmır:
“O çox ciddi qorunan bir silahdır. Hər terror təşkilatının əlinə kimyəvi silah düşsəydi, onda bu, dünyaya da mənfi təsir edərdi. İŞİD-i yaradanlar o qədər də dərinə getməzlər ki, İŞİD kimyəvi silahdan istifadə etsin. Sadəcə olaraq xülyalarını dilə gətirməklə məşğuldurlar. Hər zaman “Böyük Orta Doğu projesi” kimi tanınan layihə var ki, o öz qüvvəsində qalır. Son günlər qaçqın axınlarının başlaması da öncədən planlaşdırılıb. Necə ola bilər ki, Suriyadan olan qaçqınlar çox varlı Səudiyyə Ərəbistanı və digər dövlətlər qəbul etmir. Axın Avropaya tərəf istiqamətləndirilir. Bütün bunlar məqsədyönlü işlərdir. Artıq terror məsələlərini bir neçə ildən sonra Avropaya gətirəcəklər. Bu da yuxarıda qeyd etdiyimiz layihənin davamı olacaq”.



