Daşqın körpüləri dağıtdığı üçün 15 kənd hələ də işıqsız və qazsız qalıb.
“Bu dəqiqə üçün İsmayıllıda ən böyük problem işıq və qazla bağlıdır. 15 kəndin kommunal təchizatını bərpa etmək hələ də mümkün olmayıb. Bərpa işləri aparmaq üçün sel gələn çayları keçmək mümkün olmayıb. Hazırda çayaların üzərindən gediş gəlişi bərpa etmək üçün iş aparılır”.
Bu fikirləri ANS PRESS-ə İsmayıllı rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Rövşən Ağayev selin yaratdığı fəsadlardan danışarkən deyib.
Sədrin sözlərinə görə, çayda suyun səviyyəsi nisbətən endiyi üçün bərpa işləri başlanılıb.
“Hazırda çayların içərisindən keçidlər düzəldirilir və kəndlərin kommunal xidmətlərinin bərpa edilməsi üçün işlər aparılıb. Yaşayış yerlərində işığın kəsilməsinə səbəb həmin kəndlərin 35 kilovoltluq elektrik xəttindən qidalandığı dayağının Enişdibi kəndində aşması ilə bağlıdır. Qazın kəsilməsinə səbəb isə Talış kəndindəki talış stansiyası adlandırılan yerdən çıxan daşıyıcı xətti sel aparmasıdır. Eyni zamanda bütün körpüləri də su aparıb”.
İntensiv yağışın səbəb olduğu sel bir ailəyədə ziyan vurub. Rayonun Çayqovuşan kənd sakini 2004-cu il təvəllüdlü Sadıqova Səbinə Samir qızını sel aparsa da, xoşbəxtlikdən onun həyatını xilas etmk mümkün olub.
Hələlik rayona dəyən ümumi zərərin miqdarı məlum deyil: “Təxminən 500 hektar əkin sahəsinə ziyan dəyib. Hazırda tələf olan mal-qaranın sayı müəyyənləşdirilir”.
Rövşən Ağayev rayonun Sulud kəndində baş verən sürüşmə səhəsi ilə bağlı vəziyyətə də aydınlıq gətirib. Bildirib ki, sürüşmə hələ də davam edir: “Aktiv fazada olsa da çox sürətli deyil. Sakinlər də ərazidən köçürülüb. Mütəxəssislər də, ərazidə sürüşmə dayanmayana qədər heç bir iş aparılmasının mümkün olmayacağı barədə rəy veriblər.”