İspaniyanın Tenerife adasında meşə yanğınları davam etdiyi üçün 26 min insan təxliyə edilib. Yanğınlar nəticəsində 5 min hektar ərazi külə dönüb.
Elchi.az xəbər verir ki, İspaniyanın Kanar adalarında Tenerife adasının şimal-şərqindəki təbiət parkında çərşənbə axşamı başlayan meşə yanğınları ilə mübarizə davam edir. Kanar Adaları Fövqəladə Xidməti yanğınlar səbəbindən 26 min insanın təxliyə edildiyini açıqlayıb.
Bildirilib ki, alov nəzarətdən çıxıb, 11 şəhəri əhatə edib, lakin hələ də turistik bölgələrə çatmayıb. Kanar Adaları Muxtar Administrasiyasının prezidenti Fernando Klavixo daha çox insanın təxliyəsi üçün göstəriş verdiyini açıqlayıb. Sıx tüstü səbəbindən yanğına havadan müdaxilə etməyin mümkün olmadığını bildirən Klavixo, indiyə qədər 5 min hektarlıq ərazinin külə çevrildiyini açıqlayıb. Tenerife adalarının bələdiyyə sədri Rosa Davila Kanar adalarında daha əvvəl bu yanğınların görülmədiyini bildirib və “Bizim prioritetimiz insanların həyatını qorumaqdır”,-deyə bildirib.
Digər tərəfdən, elm adamları iqlim dəyişikliyinin daha tez-tez və daha güclü hava hadisələrinə səbəb olduğunu bildirirlər.
Nuranə Məmmədova






