Elchi.az xəbər verir ki, İsraildə xalq baş nazir Benyamin Netanyahunun məhkəmə islahatına qarşı küçələrə çıxarkən, etirazlar zamanı 19 nəfər saxlanılıb.
İsraildə hökumətin məhkəmə islahatları paketinə qarşı etirazlar davam edir. Əllərində İsrail bayrağı ilə paytaxt Təl-Əvivdə toplaşan minlərlə insan hökumətin məhkəmə siyasətini tənqid edib. Təl-Əvivdə toplaşan minlərlə insan yolları bağlayıb, metro stansiyalarında böyük izdiham yaranıb.
Etirazçılardan bəziləri Tel-Əvivin mərkəzində İsrail ordusunun hərbi qərargahı olan Kiryaya girişlərdən birini bağlayıb. Bəzi etirazçılar həmçinin tüstü bombalarından istifadə edib, “milləti xilas et” və “diktatura iqtisadiyyatımızı öldürəcək” şüarları səsləndiriblər. Etirazçılar Netanyahuya qarşı “persona non qrata” pankartları qaldırıblar.
İsrail polisi nümayişlər zamanı ictimaiyyəti qızışdırmaqda şübhəli bilinən 19 nəfəri saxladığını açıqlayıb. İsrail Sağlamlıq Birliyi də sabah 2 saatlıq tətil keçirəcəyini açıqlayıb. Etirazda iştirak edən 48 yaşlı İtai Bar Natan məhkəmə islahatları siyasətini tənqid edərək, “Bu hökumət tamamilə dəlidir. Biz demokratiyamızdan və qurduğumuz hər şeydən narahatıq. Ona görə də biz burada mübarizə aparırıq”, – deyə o bildirib.
Mübahisəli məhkəmə islahatı
İsrail prezidenti İsaak Hersoq və ABŞ-ın etiraz etdiyi mübahisəli məhkəmə islahatına Ali Məhkəmənin səlahiyyətlərinin məhdudlaşdırılması, parlamentin məhkəmə qərarlarına üstünlük verilməsi və hakimlərin seçiminə hakimlərin təsirinin azaldılması daxildir. İsrailin yazılı Konstitusiyası olmasa da, Ali Məhkəmə ən yüksək məhkəmə orqanı kimi çıxış edir. İsraildə dövlətin fəaliyyəti, onun idarə edilməsi, insan hüquq və azadlıqları ilə bağlı “əsas qanunlar” mövcuddur.
İyulun 4-də İsrailin Konstitusiya Komissiyası məhkəmə sisteminin hökumət üzərində nəzarətini məhdudlaşdıran qanun layihəsini təsdiqləyib. Sözügedən qanun layihəsi Ali Məhkəmənin hökumətin və parlamentin qərarlarını qanuna zidd hesab etdikdə ləğv etmək səlahiyyətini məhdudlaşdırır.
Nuranə Məmmədova





