İstiqlal.az xəbər portalı DDOS tipli hücum üzündən müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Bu barədə saytın təsisçisi Qadir İbrahimli məlumat verib.

Onun sözlərinə görə, bu gün səhərdən etibarən saytın serverinə qarşı birbaşa İP ünvan vasitəsilə başladılan hücumun nəticəsi olaraq saytın trafiki “bandwidth” limitini aşıb və serverin üzərində yerləşən digər virtual serverlərin təhlükəsizliyini qorumaq məqsədilə hostinq şirkəti İstiqlal.az-a məxsus VPS konteynerin fəaliyyətini dayandırıb.
Hazırda saytın “Dedicated” serverə köçürülməsi və CloudFlare təhlükəsizlik sisteminə qoşulması üçün tədbirlər görülür. Saytın fəaliyyəti sabahdan bərpa olunacaq.
Q.İbrahimli müdaxilənin hansı çevrələrdən olması barədə müəyyən versiyaların olduğunu deyir: “Hələ ki, araşdırma aparırıq. Müyyən şübhələrimiz var. Çünki davamlı olaraq müəyyən biznes çevrələrinin nümayəndələri konkret şəxslərin sayda toxunulmaz elan edilməsi ilə bağlı mesajlar alırdıq. Reaksiyamız təbii ki, mənfi olurdu. Ancaq hələ araşdırma apardığımız üçün konkret adlar açıqlamırıq. Təbii ki, sonda rəsmi açıqlamamız olacaq.



