Kazaklarla separatçılar arasında “qan düşdü”Qondarma respublikalara nəzarət iddiaları iki qüvvəni üzbəüz qoyub; 2 çeçen məmurun adı “Maqnitski siyashısı”na
salındı
“Luqansk Xalq Respublikası”nda kazaklarla separatçı birləşmələr arasında hakimiyyət savaşı davam edir. Yanvarın 5-dən 6-na keçən gecə kazak bilşəmələri ilə separatçılar arasında bir neçə toqquşma olub. Tərəflərin açdığı artelleriya atəşi nəticəsində xeyli ölən və yaralanan olduğu xəbər verilir. Günlərdir davam edən gərginlik Rusiya Daxili İşlər Nazirliyinin ərazidəki bölmələrində də çaxnaşma yaradır. Son 2 gündə danışıq və razılaşma təkliflərinə tərəflərdən heç biri müsbət reaksiya verməyib. Unian.net Ukrayna Müdafiə Nazirliyinə istinadən bildirir ki, kazak birləşmələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.
Xəbərdə o da bildirilir ki, gecə saatlarında Rusiya sərhədini keçən ağır texnika separatçıların nəzarət etdiyi ərazilərə yerləşdirilib. Bundan başqa humanitar yardım adı ilə Rusiya əraziyə xeyli sayda silah-sursat və canlı qüvvə də keçirib.
Ukraynada separatizmi dəstəkləyən və açıq hərbi müdaxilə həyata keçirən Rusiyada daxili durum gərginləşir. Qərbin sanksiyaları Rusiyanın problemlərini çözülməz hala gətirib. Yanvarın 6-da Rusiya birjalarında 1 ABŞ dolları 61 rubldan baha satılıb. 1 Avronun qiyməti isə 73 rubl olub. İqtisadçı ekspertlər bildirir ki, rublun bu templə ucuzlaşması böhrandan çıxış imkanlarını getdikcə məhdudlaşdırır. Hətta neftin qiyməti yüksəlməyə başlasa belə, Rusiya iqtisadiyyatı Qərbin sanksiyalardan aldığı zərbələrin yerini doldurmaqda çətinlik çəkəcək. Hələlik çıxış yolu kimi Kreml neft hasilatını artırmaq yolunu seçib. Son günlərin rəsmi statistikasına görə, Rusiya bazara daha artıq neft çıxarır. Rusiya hökuməti bu addımı ölkəyə daxil olan pul kütləsinin həcmin artırmaq üçün atıb.
Ukrayna hökuməti isə ölkənin müdafiə qabiliyyətini gücləndirməyi hədəfləyib. 2015-cü ildə dövlət büdcəsindən ayrılan müdafiə xərclərinin 31,6 faizi silah alınmasına yönəldiləcək. Bu il Ukrayna müdafiə xərclərinə 40,2 milyard qrivna ayırıb. Bu, 2014-cü ildəki hərbi büdcəsən 13 milyard çoxdur.
Hökumət hərbi qulluqçuların və onların ailə üzvlərinin, eləcə də hərbi əməliyyatlara görə yaşayış yerini tərk etməyə məcbur olan vətəndaşların sosial müdafiəsinə də ciddi diqqət ayırır. Hökumətin qərarına görə, qaçqın ailələrinə yardımın maksimal həddi 2400 qivnaya yüksəldilib. Ancaq hələlik müavinətlərin ödənməsi ilə bağlı ay məhdudiyyəti götürülməyib. Hökumətin qərarına görə, köçkünlər 6 ay yardım ala biləcəklər. Bundan sonrakı qərarlar onların daimi yaşayış yerlərinə qayıtmasının mümkünlüyündən asılı olaraq veriləcək.
Bu arada bəlli olub ki, Qərb sanksiyalar tətbiq etdiyi Rusiya məmurlarının siyahısına daha 4 nəfər əlavə edib. Onların sırasında Çeçenistan Prezident Administrasiyasının başçısı Məhəmməd Daudov, Çeçenistan daxili işlər nazirinin müavini Apti Alaudinov da var. Yada salaq ki, təşəbbüsçünün adı ilə tanınan “Maqnitski siyası”na düşənlərin Avropa və ABŞ-a girişi yasaqdır. Bu şəxslərin Qərbdəki bütün bank hesabları isə dondurulub. Sonuncu düzəlişlərdən sonra siyahıda olanların sayı 64-ə çatıb. Onların hamısı Rusiyada yüksək dövlət və hökumət vəzifələri tutanlardır.
Helsinki İnsan Haqları Komitəsinin Kiyev bürosu Ukraynadakı hərbi və mülki əsirlərlə bağlı hesabat yayıb. Sənəddə bildirilir ki, indi separatçıların əlində 900 ukraynalı əsir var. Onlardan 400-ə qədəri mülki şəxslər, qalanları isə hərbi əməliyyatlar zamanı əsir düşən hərbi qulluqçalardır. Hesabatda qeyd olunur ki, əsirlər “qara işlərdə” işlədilir. Onlar beynəlxalq konvensiyalarda göstərilən hüquqları qorunmur. Helsinki Komitəsi bildirir ki, Ukrayna hökumətinin əsirlərin dəyişdirilməsi və geri qaytarılması ilə bağlı bir sıra təşəbbüsləri açıq qalıb – separatçılar danışıqlardan ya imtina edib, ya da əldə olunan razılaşmaları pozaraq əsirləri qaytarmaqdan imtina edib.
Aygün Muradxanlı, musavat.com