Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib.
İclasda çıxış edən komitə sədri Eldar İbrahimov ötən il görülən işlərdən söz açıb.
Daha sonra komitə sədri “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanunun ikinci oxunuşa çıxarılması üçün layihəüzərində iş aparıldığı deyib: “Aprel ayında bu qanunu plenar iclasda müzakirəyə çıxarmağı düşünürük. Cənab prezident tapşırıb ki, 50 belə təsərrüfat yaradılsın. Artıq bir çox təsərrüfatlarda işlər aparılır”.
E.İbrahimov qeyd edib ki, Taxtakörpü su anbarı ətrafında 35 min hektar yeni sahə istifadəyə veriləcək. Suvarılan sahələr Dəvəçi, Şabran, Xızı Abşeron rayonları əhatə edəcək.
“Yeni istifadəyə verilən torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalını artırmağa imkan yaradacaq. Hazırda elektron monitorinq aparılır. Peyk vasitəsilə boş torpaqlar çəkilir. Həmin torpaqlar kənd təsərrüfatına cəlb olunacaq. Torpaqlardan 50 sentiner həcmində məhsul götürə bilsək, nəyinki 10 milyon, 15 milyon əhalini də kənd təsərüffatı məhsulları ilə təmin etmək imkanımız olacaq”.
Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev ölkədə pambıqçılıq təsərrüfatının inkişaf etdirilməsinin vacib olduğunu qeyd edib.
“Əkilən məhsulun əksəriyyəti emala verilir və bundan hazır məhsullar alınır. 2010-cu ildə “Pambıqçılıq haqqında” qanun qəbul olunub. Təəssüflər olsun ki, bu günə qədər qanunun effektini görə bilməmişik. Əsas səbəblərdən biri də pambığın çox ucuz olmasıdır. Hansı kəndçi 42 qəpiyə məhsul satar? Pambığın satış qiymətinə yenidən baxmaq və dövlət tərəfindən nəzarət etmək lazımdır. Əlavə torpaq sahələri ayrılmalıdır ki, bu sahəni inkişaf etdirək. Ənənəvi kənd təsərrüfatı sahələrindən biri də tütünçülükdür. Bu sahə son illər tənəzzülə uğrayıb. Baramaçılıq sahəsini də yaddan çıxarmışıq. Bunun üçün ölkədə xammal yoxdur”.
Komitə üzvü, millət vəkili Novruzəli Aslanov bir neçə ildir “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsinin üzərində iş aparıldığını deyib.
“Təklif edirəm ki, fevral ayında bu qanun üzərində işləyək. Çox istərdim ki, mart ayında qanun II və III oxunuşda qəbul olunsun. Qarşıdan yay fəsli gəlir, əkinçilik başlayır, insanlar bu qanunun qəbul olunmasını gözləyirlər”.




