Peşmərgənin gəlməsi kürdləri ruhlandırıb, Hələbdən isə əlavə İŞİD qüvvələri köməyə gəlib, İraq alimləri sünni
qəbilələrini qorumağa çağırış edib
Kobanidə döyüşlər yenidən şiddətlənib. Suriya İnsan Haqları Müşahidə Evi təşkilatı son 3 gündə Kobani və ətrafında davam edən döyüşlərdə 100-ə yaxın İŞİD üzvünün öldürüldüyü haqda məlumat yayıb. Ümumilikdə isə İŞİD-in Kobaniyə hücum etdiyi 16 sentyabrdan bu yana davam edən döyüşlərdə 576 döyüşçü itirdiyini yazıb.
Bundan başqa döyüşlərdə 361 kürd (YPG) döyüşçüsü və 21 nəfər mülki şəxs Kobanidə öldürülüb. Təşkilatın hazırladığı hesabatda son günlərdə Kobaniyə Hələb və Rəqqa şəhərindən İŞİD döyüşçülərinin gətirildiyi qeyd edilib. Yeri gəlmişkən, son günlər Kobanidə İŞİD snayperlərinin mövcud olması və hündür binalardan kürdləri atəşə tutması haqda xəbərlər yayılıb.
Peşmərgə kürdlərə ruh yüksəkliyi gətirib
Oktyabrın sonunda Şimali İraqdan Türkiyə ərazisindən keçməklə Kobaniyə köməyə gələn peşmərgə qüvvələri şəhəri müdafiə edən kürdlərdə ruh yüksəkliyi yaradıb. Noyabrın 1-də Kobaniyə girən peşmərgə ağır silahlardan istifadə etməklə, İŞİD mövqelərini atəşə tutub. Kobani kantonu (vilayət) həmsədri Ənvər Müslim “Associated Press” xəbər agentliyinə açıqlamasında peşmərgənin gəlişinin kürdlərə ruh yüksəkliyi verdiyini deyib. Eyni zamanda koalisiya qüvvələri də Kobani və ətraf ərazilərdəki İŞİD mövqelərini bombalamaqda davam edir. ABŞ ordusu ötən həftəsonu Kobani ətrafında İŞİD-ə məxsus 4 bina və döyüş səngərlərinin vurulduğunu bəyan edib.
İraqda ordu irəliləyir
İraqda İŞİD-ə qarşı ordu və şiə könüllüləri ilə peşmərgənin birgə əməliyyatları davam edir. Noyabrın 1-də İraqın əsas neft anbarlarının yerləşdiyi Beyci qəsəbəsi İŞİD-dən təmizlənib. Ancaq eyni zamanda İŞİD Ənbar əyalətində çoxlu sayda tayfa üzvlərini qətlə yetirib və əsir alıb. İraqın nüfuzlu İslam alimi Ayətullah Seyid Əli Sistani hökumətə müraciət edərək İŞİD-ə qarşı savaşan qəbilələri qorumağa çağırıb. İslam alimlərinin hazırladığı birgə müraciət İraq Müdafiə və Daxili İşlər nazirliklərinə ölkədə terrora qarşı savaşan qəbilələrə yardım edilməsinə çağırır. Kərbəlada İmam Hüseyn (ə) hərəminin imam-camaatı Şeyx Əbdülmehdi əl-Kərbəlayi Cümə xütbəsində hökuməti sünni qəbilələrini İŞİD-in hücumlarından qorumağa və dəstəkləməyə çağırıb. İmam-camaat bildirib ki, İŞİD İraqın qərbində bəzi sünni qəbilələrini İŞİD-i dəstəkləmədikləri üçün cəzalandırıb və onlarla gənc qəbilə nümayəndəsini qətlə yetirib.
Suriyada Məhərrəmlik mərasimləri
Son 3 ildə davam edən daxili müharibə səbəbindən nisbətən gizli keçirilən Məhərrəmlik mərasimləri bu ildən başlayaraq yenidən kütləvi şəkildə qeyd olunmağa başlayıb. Türkiyənin “On4-haber” kanalının məlumatına görə, ölkə əhalisinin 15 faizini təşkil edən şiə-ələvilər təhlükəsizlik təminatı olması səbəbindən Məhərrəm-Aşura mərasimlərini açıq şəkildə qeyd etməyə başlayıb. Paytaxt Dəməşqdə və şiələrin yaşadığı bölgələrdə əza məclisləri keçirilməyə başlayıb. Bundan başqa hökumət bu bölgələrdə təhlükəsizliyi təmin etmək üçün könüllü birliklərə silah paylayıb və yerli təhlükəsizliyin təmin olunmasında könüllülərin dəstəyindən yararlanmağa çalışır.
Kənan Rövşənoğlu