«Sevil Massivi» işində şok proseslər yaşanır

“Sevil Massivi” Mənzil Tikinti Kooperativinin (MTK) rəhbərliyinə cinayət işi açılandan sonra həmin ərazidə ev, torpaq sahəsi alan insanların çoxunun problemləri həll edilməmiş qalır. Onlar nə mülklərinə sahib ola, nə də ödədikləri vəsaiti geri ala bilirlər. Payçılar 7 aydır ki, öz hüquqlarının müdafiəsi üçün mübarizə aparırlar. Yeni il tətili bitən kimi vətəndaşlar yenidən dövlət qurumlarının qarşısında aksiya keçirməyə başlayıblar.
Yanvarın 5-dən aldadılmış payçılar Prezident Administrasiyasının (PA), Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinin, Abşeron Rayon İcra Hakimiyyətinin Xırdalan icra nümayəndəliyinin və Hökməli Bələdiyyəsinin qarşısında etiraz aksiyaları keçiriblər. Onlar problemlərini şifahi deməklə yanaşı ərizə ilə də müraciət ediblər. Ərizədə aldadılmış payçıların adı, soyadı, atasının adı və daşınmaz əmlakın sahəsi yazılıb. Həmçinin ərizədə payçılar əmlak üçün verdikləri pulun məbləği və şəxsi telefon nömrələrini qeyd ediblər.
“Administrasiya ilə Korrupsiyanın yollarında qalmaqdan bezmişik. Vəkil belə tutmuşam. Amma nə fayda! Allahın bu millətə yazığı gəlsin! Səsimizi eşidən onsuz da yoxdur. Allah bizə kömək olsun”-deyə aldadılmış payçı Həsən Ağazadə bildirdi. Payçılar bildirirlər ki, PA-nın qarşısında etiraz aksiyasından sonra bu qurumdan onlara zənglər gəlib. Danışıq zamanı vətəndaşların qeydiyyat ünvanı ilə maraqlanıblar. Administrasiyadan vətəndaşlara bildirilib ki, problemlərinin həllinin tezləşdirilməsi üçün Baş Prokurorluğun rəsmiləri ilə mütəmadi görüşsünlər.
Vətəndaşlar bildirir ki, yerli icra hakimiyyətinin və cinayət işi üzrə istintaq aparan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin verdiyi vədlərdə məqsəd vaxt qazanmaq olub. Onlara hər dəfə “gedin, gələn ay gələrsiniz, sizə məlumat veriləcək” deyirlər. İdarənin rəisi Kamran Əliyev payçılara istintaqın 2014-cü ilin noyabr ayında bitib, işin məhkəməyə göndəriləcəyini desə də, hələ istintaqın bitmədiyi deyilir.
Aldadılmış vətəndaşları məyus edən faktlardan biri də budur ki, onları aldadan və buna görə hazırda barəsində cinayət işi açılan Hökməli bələdiyyəsinin sabiq sədri Mirnemət Miradiyevin yerinə oğlu sədr olub. 2014-cü ilin dekabr ayında keçirilən bələdiyyə seçkisinin nəticəsinə görə, 14 saylı seçki məntəqəsindən (Hökməli bələdiyyəsi üzrə) bələdiyyə sədri Miradiyev Mirəziz Mirnemət oğludur. Onun iki səs çoxluğu ilə sədr seçildiyi bildirilir.
Xatırladaq ki, “Sevil Massivi”ndə aparılmış istintaq zamanı kooperativin təsisçisi Aynur Zeynalovanın həmin kooperativin direktoru Elçin İsmayılov və digərləri ilə qabaqcadan əlbir olub 2013-2014-cü illərdə 172 min 507 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməkdən yayınmalarında, habelə xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 99 min 597 manat məbləğində gəlir əldə etmələrində şübhələr üçün əsaslar olduğundan Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən onlara Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Eyni zamanda Abşeron rayonu Hökməli bələdiyyəsinin sədri Mirnemət Miradiyevin bələdiyyə ərazisində yerləşən torpaq sahələrini A.Zeynalov və E.İsmayılovun bilavasitə şərait yaratmaları ilə müxtəlif şəxslərə sataraq ümumilikdə sonunculardan 170 min manat məbləğində rüşvət almasında şübhələr üçün əsaslar olduğundan Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən ona Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma) maddəsi ilə ittiham elan edilməklə ağır xəstəliyi ilə əlaqədar barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
İstintaqla həmçinin müəyyən edilib ki, “Sevil Massivi” MTK-nın məsul şəxsləri M.Miradiyevlə əldə etdikləri şifahi razılaşmaya əsasən bələdiyyənin mülkiyyətində olan 30 hektar perspektiv inkişaf torpaqlarını, eləcə də ayrı-ayrı şəxslərin mülkiyyətində olan “At yalı” və “Sonalı sahəsi” adlandırılan 110 hektar örüş torpaqlarını qanunsuz olaraq zəbt edərək həmin torpaqların vətəndaşlara faizsiz kreditlə satışını həyata keçiriblər. Vətəndaşlar tərəfindən isə həmin torpaq sahələrində layihə-smeta sənədləri olmadan, dövlət qeydiyyatına alınmadan 200 fərdi yaşayış evinin tikintisi həyata keçirilib. Kredit ödənişləri başa çatdıqdan sonra bələdiyyəyə məxsus olmayan sahələr bələdiyyə tərəfindən hərraca çıxarılmaqla satılaraq vətəndaşların adlarına rəsmiləşdirilib.
İstintaqın bu qərarından sonra isə bələdiyyə üzvlərinin iştirakı ilə iclas keçirilib. İclasda M. Mirsadiyevin bələdiyyə sədri vəzifəsindən çıxarılması barədə qərar qəbul olunub. Məlumatlı şəxslər iddia edir ki, M.Miradiyev oğlunu öz əvvəlki postuna gətirməklə əslində, özünün yarımçıq qalmış işlərini başa çatdırmaq, vəziyyətini daha da ağırlaşdıra biləcək saxta sənədləşdirmə işlərini ört-basdır etmək və nəhayət, sahibi olduğu ucsuz-bucaqsız torpaq sahələrini qoruyub saxlamağa çalışır.
Qeyd edək ki, M.Miradiyevin qanunsuz əməllərinə görə yüzlərlə məhkəmə işi açıq qalıb. Belə olan halda Abşeronun ən böyük kəndlərindən birini yenidən Miradiyevlərin əlinə keçməsi sakinlərdə ciddi etiraz doğurub. (bizimyol.info)