Britaniya kraliçası II Yelizaveta terrorçuların hədəfinə gəlib. Kral Qvardiyasının hərbçiləri İŞİD yaraqlılarının hücumuna məruz qala bilər.Virtualaz.org saytı xəbər verir ki, bu barədə Britaniyanın “The Mirror” nəşri məlumat yayıb.
Qəzet yazır ki, Britaniya kəşfiyyatı cihadçı terrorçuların bu hədələrinin real olduğunu təsdiqləyən internet yazışmalarını ələ keçirib.
“İŞİD yaraqlıları da başa düşür ki, bilavasitə kral ailəsinin üzvlərinə hücum etmək o qədər də asan məsələ deyil. Ona görə də onlar Kral Qvardiyasının üzvlərini hədəf ala bilərlər. Hər halda Britaniya kəşfiyyatı terrorçuların ələ keçirilən yazışmalarına çox ciddi yanaşıb. Kraliçanın mühafizəsi gücləndirilib. Müvafiq təhlükəsizlik tədbirləri görülüb” – deyə kral sarayındakı yüksək rütbəli təhlükəsizlik xidməti zabiti “The Mirror”a bildirib.
Mənbə onu da əlavə edib ki, İŞİD-in planlarına Kral Qvardiyası üzvlərinin ən azı birini öldürmək və ya oğurlamaq da daxildir.
Bununla belə Britaniya təhlükəsizlik xidməti kral sarayındakı fəxri qarovulu ləğv etmək barədə düşünmür.
“Kral sarayının fəxri qarovulu Britaniyanın vizit kartıdır. Üstəlik, kraliça II Yelizaveta terrorçuların hədələri qarşısından geri çəkilmək niyyətində deyil” – deyə saraydakı mənbə bildirib.
O da məlum olub ki, fəxri qarovulun mühafizəsi üçün silahlı polis naryadı ayrılıb. Xüsusi xidmət orqanları 2013-cü il, mayın 22-də baş vermiş insidentin İŞİD-çiləri “əla nümunə” kimi ruhlandıra biləcəyindən ehtiyat edirlər. O zaman Kral Atıcı Polkunun təbilçisi Li Riqbi Londonun Vulviç rayonunda başı kəsilməklə öldürülmüşdü. Kral polku üzvünün qatilləri Nigeriya mənşəli britaniyalılar – 29 yaşlı Maykl Adebaloco və 22 yaşlı Maykl Adebovale idi. Bu iki müsəlman qətli törədəndən sonra elə hadisə yerində videomüraciət hazırlayaraq bəyan etmişdilər ki, İraq və Əfqanıstanda müsəlmanların qırılmasının qisasını bu yolla alırlar.



