Rusiya ABŞ-ı Kreml rəhbərliyini dəyişməyə cəhddə ittiham edir; Rusiyalı iqtisadçı həmvətənlərinə ölkəni tərk etməyi məsləhət görür – Rusiya bu duruma 6 ay tab gətirə bilər
Donetsk hava limanının həm yeni, həm də köhnə terminalları Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır. Bu haqda mediaya açıqlama verən Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Andrey Lısenko deyib ki, Rusiya dəfələrlə etdiyi cəhdlərə baxmayaraq hava limanına nəzarəti ələ ala bilməyib:“Hər iki terminal havadan və qurudan edilən hücumlarla dağıdılıb. Həm hava limanını əldə saxlamaq, həm düşmənin aramsız hücumlarını dəf etmək o qədər də asan deyil. Çətinliklərə baxmayaraq bizim əsgərlər bu işin öhdəsindən gəlirlər”.
Lısenkonun sözlərinə görə, Kremlin əsas hədəflərindən biri Donetsk Hava limanının ələ keçirilməsidir. Ona görə də demək olar, hər gün Rusiya Silahlı Qüvvələrinin xüsusi təyinatlı dəstələri əraziyə hücum edərək nəzarəti ələ almağa çalışır: “Hücum təşkil edənlər arasında Federal Təhlükəsizlik Xidmətinin, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının kəşfiyyat qrupu və Rusiyanın bütün bölgələrindən toplanan muzdlular da var”.
Hərbi əməliyyatlar gedən əraziləri son 2 gündə 600 vətəndaş tərk etmək məcburiyyətində qalıb. Lısenkonun sözlərinə görə, bu rəqəm öncəki günlər müşahidə edilən köçkün sayından 5 dəfə azdır. Hərbi əməliyyatlar başlayan gündən Donetsk və Luqansk vilayətlərini 507 min insan tərk edib.
Ukrayna Müdafiə Nazirliyinin son günlər baş verən hərbi əməliyyatlarla bağlı açıqlamasında bildirilir ki, dekabrın 7-dən 8-nə keçən gecə Rusiya Silahlı qüvvələri cəbhə boyu Ukrayna ordusunun mövqelərini 157 dəfə atəşə tutub: “Son 2 gündə Donbasın işğal edilən ərazilərinə xeyli sayda ağır texnika, hərbi maşın gətirilib. Rusiya davamlı olaraq əraziyə silah-sursat və canlı qüvvə göndərir. Kəşfiyyat xəbərlərinə görə, son 1 həftədə Rusiya Daxili İşlər Nazirliyinin “Rosiç” (Novoçerkasssk), “Vyatiç” (Armavir), “Edelveys” (Mineralnıe Vodı), xüsusi təyinatlı dəstələrinin üzvləri əraziyə göndərilib”.
Donbasın Torez, Rovenki, Snejnoe, Krasnıy Luç yaşayış məntəqələrində isə Rusiya Silahlı Qüvvələrinin təşkilatçılığı ilə “Novorussiya Ordusu” üçün “səfərbərlik” elan edilib. Rusiya əsgərləri ərazidəki iş yerlərinə, xüsusən mədənlərə gələrək gəncləri silah gücünə “ordu”ya cəlb edir.
Ukraynada aylardır hərbi əməliyyatları davam etdirən Rusiyanın daxilində də gərginliklər var. Rublun məzənnədən düşməsi ilə başlayan dərin iqtisadi böhran, eləcədə Qərbin ölkəyə iqtisadi müstəvidə olduğu kimi, siyasi müstəvidə də basqıları davam etdirməsi Rusiyanın durumunun kritik həddə yaxınlaşdırır. Yada salaq ki, Qərb 2 aya yaxındır “Qazprom”, “Rosneft”, “Vneşekonombank” kimi nəhəng strukturlar da daxil olmaqla Rusiyanın 47 şirkətinə iqtisadi sanksiyalar tətbiq edir. Rusiya siyasətçiləri basqının davam etməsini ABŞ-ın ölkədə hakimiyyət dəyişikliyinə çalışması kimi dəyərləndirir.
Rusiya Dövlət Dumasının dekabrın 8-də keçirilən Xarici İşlər Nazirinin müavini Sergey Ryabkov deyib ki, Krım və Sevastopolun Rusiya birləşdirilməsinə və Donbasda baş verən olaylara görə ABŞ 50 Rusiya vətəndaşına qarşı sanksiyalar tətbiq edib:“Bu siyahıya Federal Məclisin həm yuxarı, həm aşağı palatalarının sədrləri, Prezident Administrasiyasının və hökumətin rəhbərliyində təmsil olunan şəxslər də daxildir. Heç şübhəsiz Qərbin Rusiyada iqtisadi durumu durmadan gərginləşdirməsinin əsas məqsədi ölkədə daxili sabitliyi pozmaqla hakimiyyət dəyişikliyinə nail olmaqdır”.
ABŞ-la Rusiya arasında davam edən soyuq savaşdan danışan Ryabkov deyib ki, Avropa Birliyi ABŞ-ın müttəfiqlərini də Rusiyaya qarşı məsafəli davranmağa, bununla da Kremlə qarşı cəbhəni genişləndirməyə cəhd edir.
“Böyük ehtimalla Rusiya prezidenti Vladmir Putin Krımı ilhaq etmək qərarı Viktor Yanukoviç hakimiyyətinin dəyişdiyi gərgin mərhələdə spontan baş verib. Bu qərar Rusiyaya baha başa gəlib – Qərbin sanksiyaları Rusiyaya ciddi ziyan vurmaqdadır”. Bu sözləri isə Azadlıq Radiosunun rus xidmətinə Rusiyalı iqtisadçı Stepan Demura deyib.
Demura Rusiyanın bel bir durumu yarım il dözə biləcəyinmi deyir:“Ekspertlərin, analitiklərin, eləcədə də siyasətçilərin çoxu sadə bir faktı etiraf etməkdən çəkinirlər – bu gün Rusiyanı faktiki olaraq “Siyasi Büro-2” idarə edir. Putinin heç bir strategiyası yoxdur və olmayıb. Ölkədə əmrləri dəlilər verir, ağılsızlar isə o əmrləri icra edir. Buna görə də ölkə qısa bir müddətdə dərin böhranla üz-üzə qalıb. Mənim iqtisadi hesablamalarıma görə, Rusiya bu duruma 6 aydan çox tab gətirə bilməz. Belə bir durumda nə etmək lazımdır? Əlbəttə ki, vətənpərvərlikdən dəm vurmaq.
Televiziyalar aramsız bizim necə əzəmətli dövlət, böyük xalq olduğumuzdan, diz çökməyəcəyimizdən, bizi çörəklə imtahana çəkilməyimizin mümkün olmayacağından danışmalıdır. Ölkədə hər kəs anlamalıdır ki, Rusiya iflas edir. Gürcüstanda etdiklərinin dadı Rusiyanın damağında qaldı. İqtidardakılar elə bildilər ki, Gürcüstanda olduğu kimi dünya Krıma da göz yumacaq. Bəlkə də Rusiya Ukraynanın şərqinə qoşun yeritməsəydi, Qərb Krıma göz yumardı. Ancaq Rusiya çox uzağa getdi”.
Demura deyib ki, indi Rusiya vətəndaşları üçün ən doğru qərar ölkəni tərk etməkdir:“İndilik böhrandan can qurtarmağın başqa yolunu görmürəm. Əhali artıq çörək yerinə Kremldə hazırlanan təbliğat xörəyini yeyir. Bu gedişlə mən Rusiyanın gələcəyini nəinki yaxşı, ümumiyyətlə görmürəm”.