Arzu Nağıyev: “Rusiya özünü SSRİ-nin varisi sayırsa, bu münaqişənin yaranmasında məsuliyyəti öz üzərinə götürməlidir”; Elxan Şahinoğlu: “Münaqişə ədalətli həll olunarsa və bölgədə sülh şəraiti yaranarsa, Azərbaycanın prinsip etibarilə Avrasiya İqtisadi Birliyinə üzvlüyü mümkündür”
“Aprel müharibəsi”ndən sonra Qarabağ danışıqlarını davam etdirməklə bağlı aktiv fəaliyyətə keçən şimal qonşumuz Rusiyanın qəfildən prosesi dayandırması ortaya müxtəlif suallar çıxarıb. Prezidentlərin Vyana danışıqlarından sonra Kremlin moderatorluğu ilə baş tutan Sankt-Peterburq görüşündə bəyan olunduğu kimi, danışıqların davam etdirilməsi barədə razılaşma əldə olunsa da, növbəti görüşün keçirilməsinə həvəsli görünmədi.
Bunun ardınca isə Rusiya hava məkanını da nəzarət altına aldığı Ermənistana “İsgəndər” raket komplekslərini verdi ki, bu da Bakıya birbaşa təhdiddir. Əslində danışıqların məntiqi yekunu olaraq Rusiyanın Ermənistandan ən azı Dağlıq Qarabağın ətraf ərazilərini boşaltmağı tələb edəcəyi gözləntilər sırasında idi. Düzdür, bunun qarşılığında Rusiyanın “sülhməramlı” missiyasının bölgəyə yerləşdirilməsi planının olduğundan da danışıldı. Ancaq ümumilikdə Putinin dediyi kimi, tərəflərin “nə qalib, nə məğlub” olması ilə bağlı planın belə işə salınması müşahidə olunmadı.
Belə görünür ki, 2016-cı il də Qarabağ münaqişəsinin həll olunmadığı il kimi tarixdə qalacaq və Rusiyanın “açar” rolunu oynayacağı barədə hətta Almaniya kansleri xanım Merkeldə olan gözləntilər məntiqi nəticəsini tapmayacaq. Problemi həll etmək əvəzinə, Rusiyanın təcavüzkara dəstək verməsi, əraziləri işğal olunan tərəfə isə təzyiqlər göstərməsi nonsensdir. Bəzi müşahidəçilər hesab edir ki, əslində baş verənlər Rusiyanın Azərbaycanı Avrasiya Birliyi, Gömrük İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının çətiri altına sala bilməməsinə verilən adekvat reaksiyasıdır.
Xatırladaq ki, Rusiya XİN başçısı aprel ayında Bakıda olarkən ölkəsinin niyyətini açıqlamışdı. “Azərbaycan nə Avrasiya İqtisadi Birliyinə, nə də ki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvdür. Lakin mən bu vəziyyətin dəyişə biləcəyinə ümid edirəm”,– deyə, Rusiya xarici işlər naziri Sergei Lavrov demişdi. Görünən budur ki, vəziyyət dəyişməyib və ümidi puça çıxan Moskva təzyiq rıçaqlarını işə salıb. Azərbaycan isə haqlı olaraq işğalçı ölkə ilə bir çətirin altında olmağı mümkün saymadığı üçün öncə ərazilərimizin azad olunmasında israrlıdır.
“Rusiyanın Azərbaycanı cəzalandırması, zənnimcə, məntiqsiz bir məfhumdur. Xarici və daxili siyasətdə nəyinsə diktə edilməsi cəhdi isə öz maraqlarından irəli gəlir”. Politoloq Arzu Nağyev bu mövzuda “Yeni Müsavat”a danışarkən bildirdi. Qeyd etdi ki, Rusiya regionda nüfuz sahibinə çevrilməyə cəhd edir. Buna nail olmaq üçün isə əsasən müharibə ocaqları yaratmağı, hərbi müdaxiləni üstün tutur: “Azərbaycanın bu gün ən prioritet məsələsi məhz Qarabağ münaqişəsinin həllidir. Təbii ki, Rusiya özünü SSRİ-nin varisi sayırsa, bu münaqişənin yaranmasında məsuliyyəti öz üzərinə götürməlidir və həlli istiqamətində də mühüm addımlar atmalıdır. Təəssüf ki, Rusiya Ermənistana havadarlıq edərək ən əsas öz məqsədlərini həyata keçirməyə çalışır. Həm də hərbi istiqamətdə, yəni silah-sursat satışı ilə bağlı ciddi müqavilələr imzalayır, eyni zamanda Ermənistanın iqtisadiyyatına tam nəzarət edir, NATO və Rusiya sərhədinin məhz Ermənistandan keçməsini əsas gətirərək nəzarətdə saxlayır”.

A.Nağıyev bildirdi ki, öz növbəsində Qərb Rusiyanın bu addımlarını diqqətlə izləyir və iqtisadi sanksiyalarla demək olar ki, onu cəzalandırır: “Belə bir məqamda Rusiya Avrasiya İttifaqı məsələsini ortaya atır. Məlumdur ki, bu ittifaq əsasən regional iqtisadi inteqrasiya üçün nəzərdə tutulmalıdır və əsas məqsəd kimi üzv dövlətlərin həyat tərzinin və əhalinin rifahının qaldırılması üçün iş görməlidir. Ancaq faktlar göstərir ki, bu qurum həm də siyasi maraqlar üçün yaranıb. Təsəvvür edin ki, Ukrayna bu ittifaqa daxil deyilsə, hansı Avropadan danışmaq olar? Deməli, əsas maraq Çin, Hindistan, Pakistan, İran və digər dövlətləri bura cəlb etməkdir. Məhz Azərbaycan da əsas maraq doğuran dövlətdir, çünki bizim iştirakımız olmadan normal qurumdan söhbət gedə bilməz. Statistika göstərir ki, bu ittifaq daxilində Rusiya, Belarus və Qırğızıstan arasında ticarət dövriyyəsi getdikcə azalır. Məlumdur ki, Azərbaycanın Avropa dövlətlərinin bir çoxu ilə ikitərəfli müqavilələri mövcuddur və son məqsəd kimi avrointeqrasiya hədəf seçilib. Rusiya və digər dövlətlərlə eyni zamanda MDB çərçivəsində ikitərəfli əlaqələrimiz mövcuddur”.
Politoloqun fikrincə, bu illər ərzində Ermənistanla olan münaqişənin həllinə Rusiya tərəfindən ciddi bir cəhd göstərilmirsə, bu, ancaq siyasi təzyiq deməkdir: “Buna görə də düşünürəm ki, Azərbaycan heç bir təzyiq və ya təhdidlərə baxmayaraq bütün dövlətlərlə qarşılıqlı münasibətlərə hazırdır və bu istiqamətdə mühüm addımlar atır və Rusiyanın özü də regionda beynəlxalq makrolayihələrdə iştirak etmək niyyətini həyata keçirmək istəyirsə, ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm rol oynamalıdır. Bütün bunlardan sonra digər layihələr haqqında danışmaq olar”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə hesab edir ki, Kreml Ermənistana modern “İsgəndər” raketlərini ötürməklə Azərbaycanla münasibətlərin üstündən xətt çəkdi: “Azərbaycan rəsmiləri, o cümlədən xarici işlər naziri Elmar Məmmədyarov bir neçə dəfə vurğulayıblar ki, əgər Qarabağ münaqişəsi ədalətli həll olunsa və bölgədə sülh şəraiti yaransa, Azərbaycanın prinsip etibarilə Avrasiya İqtisadi Birliyinə üzvlüyü mümkündür. Bu, birbaşa Kremlə mesaj idi ki, buyurun, sizdən asılı olan Ermənistan hakimiyyətinə təsir edib işğal atlındakı torpaqların azad olunmasını sürətləndirin, biz də Avrasiya İqtisadi Birliyinə üzv olaq. Ancaq bütün bu mesajlar havada qaldı, çünki Kreml Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü naminə konfliktin həllinə həvəs göstərmir”.
E.Şahinoğlu bu qənaətdədir ki, Rusiyanın modern “İsgəndər” raketləri Ermənistanda peyda olduqdan sonra Azərbaycanın iki seçimi var: “Birinci seçim – rəsmi Bakı Kremlə müraciət edir ki, Rusiya bizə də ”İsgəndər” raketləri satsın. Halbuki Kreml eyni adlı raketləri Ermənistana peşkəş edib ki, bölgədə hərbi balans Azərbaycanın xeyrinə pozulmasın. Əgər Kreml Azərbaycana “İsgəndər” raketlərini satmaq istəməsə, qalır ikinci seçim – “İsgəndər” raketlərini havada neytrallaşdırmağa imkan verən raketlərdən müdafiə sistemini əldə etmək. Bu sistemi İsrail Azərbaycana satmağa hazırdır. Rusiyanın Azərbaycana “İsgəndər” raketlərini satacağını düşünmürəm. Çünki əks halda həmin raketləri Ermənistana ötürməzdi. Elə Moskvanın raketləri Ermənistana ötürməkdə məqsədi hərbi balansın Azərbaycanın xeyrinə pozulmasına mane olmaq idi. İndi həmin raketləri bizə də versə, üstünlük yenə də Azərbaycanın tərəfində olacaq. Bu, Kremlin maraqlarına cavab vermir. Digər tərəfdən, Azərbaycan Türkiyənin hərbi strateji müttəfiqidir. Rusiya ehtiyat edə bilər ki, “İsgəndər” raketlərinin texnologiyası NATO ölkəsinin əlinə keçə bilər. Azərbaycanın “İsgəndər”ə qarşı İsraildən müasir raket sistemləri alması da Kremlin xoşuna gəlməyəcək. Çünki Azərbaycan Rusiyanın silahından da üstün olanına yiyələnəcək. Bütün hallarda nə etsək, Moskva razı qalmayacaq. Ancaq biz hərbi qüdrətimizi Rusiyanın xoşuna gəlib-gəlməmək üçün artırmırıq, nə ediriksə, işğal altındakı torpaqların azadlığı üçün edirik. Bunu isə heç kim bizə qadağan edə bilməz”.