
Ülvi Həkimov: “Yarımadada Türkiyə ilə bağlı ciddi ajiotaj var”; “Böhranlı vəziyyət bizə də təsir edib”
Ukraynanın digər ərazilərində yaşananlar, həmçinin Rusiyanın Suriyadakı əməliyyatları, Moskva-Ankara qarşıdurması Krım məsələsini arxa plana keçirib. Ancaq bu günlərdə belə xəbərlər yayıldı ki, Krım əhalisi yarımadanın yenidən Ukraynaya birləşdirilməsi ilə bağlı referendumun keçirilməsi tələbilə prezident Poroşenkoya müraciət edib, hətta bununla bağlı Ukrayna prezidentinin saytında petisiya da yerləşdirilib. Vəziyyətlə əlaqədar Krımda yaşayan soydaşımız Ülvi Həkimovla danışdıq.
Azərbaycanda sonuncu dəfə bu ilin yayında olan Ülvi Həkimov yaxın zamanlarda yenə də Vətənə gəlmək istədiyini bildirdi. Bununla belə Musavat.com-un əməkdaşı ilə söhbətində fürsət düşmüşkən, Azərbaycana ünvanlı xoş arzularını, qarşıdan gələn bayramlarla bağlı hər kəsə təbriklərini və salamlarını çatdırmağı xahiş etdi.
– Ülvi bəy, Krımda vəziyyət necədir?
– Bildiyiniz kimi, 2014-cü ilin mart ayında burda referendum keçirilib və Krım Rusiyaya birləşdirilib. Məlum məsələdir ki, Ukrayna dövləti bu vəziyyətlə heç cür barışmır və bu ərazini işğal olunmuş ərazi sayır. Onların işğal olunmuş ərazilərlə bağlı qanunları da var. Krımı də beynəlxalq hüquq normalarına əsasən öz tərkib hissəsi sayır. Bu hadisələrdən sonra burda Krım Tatar Məclisinin bir çox nümayəndələrinin Krıma girişi qadağan olunub. Əsasən də Mustafa bəy Cəmilov, Rüfət bəy Çubarovun. Bir neçə aktivistlər də həbs olunub. Onlardan biri Krım Tatar Məclisinin liderlərindən biri olan Axtem Çiyqozdur, hansı ki, 14 dekabrda ad günüydü. Onlar siyasi mövqelərinə görə həbs ediliblər. 26 fevralda burda mitinq olmuşdu, o hadisələr zamanı iki təqaüdçü basabasda həlak olmuşdular. Bu insanlar da həmin hadisələrlə bağlı həbs edilib. İndi Krım Tatar Məclisi və Ukrayna hökuməti Krımı blokadaya alıb. Əsasən də Krım Tatar Məclisinin siyasi məhbusların azad olunması tələbilə bura elektrik enerjisinin verilməsi dayandırılıb. İki həftədir ki, Krımda enerji ilə bağlı ciddi problemlər yaşanır. İndi işıq bir az bərpa olunur. Çünki Rusiyanın Krasnodar şəhəri tərəfindən bura dənizaltı energetik körpü çəkilib. İşıq müəyyən qədər bərpa olunub, amma yenə də keçirirlər.
“Dünən də bir neçə azərbaycanlılarla görüşdüm, hansı ki, Türkiyədən karqo ilə mal vurublar, onların taleyi məlum deyil; bilinmir ki, mal hardadır, keçəcək, keçməyəcək” |
– Sutka ərzində nə qədər işıq verilir?
– Ümumilikdə Krımın tələbatı 1000 meqovatdır. Onun təqribən 70 faizdən çoxu, yəni 80 faizi Ukrayna tərəfdən verilirdi, yəni 800 Mvatt-a qədər. Ukrayna işığı kəsəndən sonra Krımda çox böyük problemlər yaranmışdı. Burda generatorlarla bəzən sutkada 3 saat işıq verilirdi. Putinin özü də bura gəlmişdi, açılışda iştirak etdi, birinci energetik körpünü su ilə buraxdılar, nəticədə təqribən 200 Mvt bərpa olundu. İndi 500 Mvt-a qədər verilir və artıq ikinci xətt çəkilməliydi. Dekabrın 16-sına qədər tam bərpa olunmalıdır.
– Xəbərlər yayıldı ki, krımlılar yenidən Ukraynaya birləşmək istəyir, aksiyalar başlayıb. Hazırda durum necədir? Əhalinin Ukraynaya birləşmək istəyi ciddidirmi?
– İnternetdə belə xəbərlər yayıldı. Belə bir tələblə bağlı hər hansı aksiya, etiraz yoxdur. Hal-hazırda burda sakitlikdir. Əsasən mətbuat səviyyəsində müəyyən fikirlər bildirilir. Ancaq açıq və kütləvi şəkildə Ukraynaya birləşmək məsələsi yoxdur. Çünki burda elə bir rejim var ki, belə məsələlərin açıq şəkildə qaldırılması Rusiya Federasiyasının qanunlarına əsasən birbaşa cinayət məsuliyyəti yaradır. Krım Tatar Məclisinin həbs olunmuş nümayəndələri ilə bağlı müəyyən bəyanatlar verilir. Lakin Ukraynaya birləşməklə bağlı nə tələblər var, nə də aksiyalar keçirilir.
– Belə çıxır ki, yerli əhali, xüsusən də Krım türkləri artıq ümidini üzüb?
– Söhbət ümiddən getmir. Ən çox bu hadisələrlə bağlı Krıma gələ bilməyən, Ukraynada yaşayan şəxslər fikir bildirir. Amma Krımda yaşayan əhalidə belə fikirlər yoxdur.
– Krım Tatar Məclisində necə, Krım türklərinin taleyi nə qədər nəzərə alınır?
– Məclis özü də bölündü, parçalanma oldu. Seçkilərdə kimlər ki, əməkdaşlığa getdi, məsələn, Feyzi İlyasovgil var, əsasən onlar Krım Tatar Məclisində təmsil olunur. Digərləri isə sırf Ukrayna mövqeyindən çıxış edir. Bir hissə var ki, onlar yeni sistemlə və yeni hakimiyyətlə əməkdaşlıq edir və hakimiyyətdə də təmsil olunur. Yəni parlamentin sədr müavini səviyyəsində təmsil olunanlar, həmçinin hökumətdə nümayəndələr var.
“İki həftədir ki, Krımda enerji ilə bağlı ciddi problemlər yaşanır; sutkada 3 saat işıq verilirdi…” |
– Türkiyə-Rusiya qarşıdurmasının yaşandığı bu günlərdə Krım türkləri nə deyir, nə düşünür? Elə siz də daxil, Krımdakı türklər bu situasiyada narahatlıq keçirirmi?
– Türkiyəyə ilə bağlı yarımadada ciddi ajiotaj var. Əsasən də televiziyada Türkiyə əleyhinə yüksək səviyyədə təbliğat aparılır. Bizim yerli respublikanın rəhbərliyi Türkiyə ilə əlaqələrin tamamilə dayandırılması barədə bəyanat verib. Əsas narahatlıq iş adamlarınındır. Kimin ki, ticarət işləri Türkiyə ilə bağlıdır, onlar narahatdır. Əsasən də meyvəçilik, tərəvəzçiliklə bağlı olan insanlar, bir də ki, geyimlə, tekstillə, Türkiyənin digər malları ilə bağlı olan insanlar çox narahatdır. Mən dünən də bir neçə azərbaycanlılarla görüşdüm, hansı ki, Türkiyədən karqo ilə mal vurublar, onların taleyi məlum deyil. Bilinmir ki, mal hardadır, keçəcək, keçməyəcək. Bax, bu şəkildə narahatlıqlar var. Məlum məsələdir ki, bu vəziyyət onların biznesinə, işinə ciddi şəkildə ziyan vurur. Bu da balaca məsələ deyil. Rusiya Federasiyasının ərazisində əsasən də paltaryuyan maşınlar istehsal edən, avtomobillərin yığılması ilə məşğul olan, tekstillə bağlı olan fabrik- zavodlara xammal kimi bir çox materiallar Türkiyədən gəlirdi. İndi vəziyyətə görə bir çox fabrik və zavodların dayanması müşahidə olunur. Türkiyə ilə ticarət əlaqələri olan bir çox iş adamları bu gün əlaqələrin kəsilməsi səbəbindən ciddi narahatdır. Başqa bir narahatlıq və narazılıq onunla bağlıdır ki, yanvarın 1-dən Rusiya tərəfdən birtərəfli qaydada Türkiyəyə viza tətbiq olunacaq. Türkiyə vətəndaşı olan insanlar bundan sonra Rusiyaya gələndə viza almalıdır.
– Siz indi hansı ölkənin pasportunu daşıyırsınız?
– Bizə ikili vətəndaşlıq veriblər. Həm Ukrayna vətəndaşıyıq, həm Rusiyanın. Krım ərazisində yaşayanlara belə bir hüquq verilib.
– Siz istənilən vaxt həm Ukraynaya, həm də Rusiyaya gedə bilirsiniz?
– Bəli. Sonuncu dəfə Ukraynada fevral ayında olmuşam. Amma indi dəmir yolu işləmir, hava yolu yoxdur, təkcə avtomobil yolu ilə gedib-gəlmək mümkündür.
– Sizin biznesiniz əsasən nə ilə bağlıdır?
– Əsasən kənd təsərrüfatı məhsullarının istehsalı və satışı ilə məşğul oluruq. Qabaqlar əlaqəmiz daha çox Ukrayna ilə idi, ancaq indi daha yollar bağlanıb deyə, ticarət işləri, iqtisadi fəaliyyət Rusiyanın bölgələriylədir, Moskva, Nijni-Novqorod, Krasnodar, Stavropol vilayətləridir. Gübrələri, bir sıra digər malları da oradan alıb gətiririk. Ancaq təbii ki, böhranlı vəziyyət bizə də təsir edib.
– Krımda necə hesab edirlər, Rusiya və Türkiyə arasında savaşın olacağı təhlükəsi varmı?
– Belə fikirlər əsasən televiziyada səslənir. Mən Simferopolda yaşayıram. Ümumilikdə Krımda yarım milyon türkdilli əhali yaşayır. Lakin elə bir ajiotaj hiss olunmur, sakitlikdir. Cəmiyyətdə ciddi bir müzakirələr getmir.



