“Azərbaycan rəsmi şəkildə “Laçın dəhlizi” anlayışına aydınlıq gətirməlidir. Bu terminin hansı hüquqi əsasının olub-olması faktını dəqiqləşdirmək lazımdır. Bu yol Sovet vaxtı Qarabağın erməni əhalisi ilə Ermənistan arasında Azərbaycanın digər ərazilərindəki sərhəd respublikalarına adi gediş-gəliş yolları kimi istifadə edilib. Sovet vaxtı bu yolun heç bir statusu olmayıb və heç bir informasiya resursunda da bu yolun hüquqi statusu və adı ilə əlaqəli informasiya yoxdur. Bu yolu sadəcə erməni tərəfi “Laçın dəhlizi” adlandırıb və dünya ictimaiyyətinə qəbul etdirib”.
Elchi.az bildirir bu fikirləri BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov FB hesabında qeyd edib:
“Sovet dağılandan sonra isə uzun müddət həmin ərazilər erməni işğalında olduğu üçün həmin yola Azərbaycan tərəfindən hansısa hüquqi statusun verilməsindən söz belə gedə bilməzdi. Deməli, “Laçın dəhlizi” termini ermənilərin uydurduğu, bizim isə bu nüanslara fikir vermədən qəbul etdiyimiz anlayışdır və heç bir hüquqi əsası yoxdur.
Azərbaycan rəsmi şəxslərin dilindən bu faktı bəyan etməsi kifayətdir ki, bu termin öz anlamını itirsin. Bunun üçün heç bir hüquqi sənəd qəbul etməyə belə ehtiyac yoxdur.
10 noyabr 2020-ci il müqaviləsində adı çəkilən “Laçın dəhlizi” termini isə sadəcə əraziyə xüsusi status vermək üçün yox, rus sülhməramlılarının qoruması üçün zolaq baxımından müvəqqəti olaraq dəhliz sözünün işlədilməsi fikri üzərində durmalıyıq. Ancaq bu yolla dəhliz terminindən imtina etmək olar. Rusiya burda bizim səriştəsizliyimizdən istifadə edib bu yolu dəhliz adlandırmaqla bir növ ona xüsusi status verməyi planlayıb”.
Yeganə




