Malik Vəliyevin məktəblərlərinin çoxunun yalnız adı var
Qəzetimizin ötən saylarında biz dəfələrlə ölkənin təhsil sistemində həyata keçirilən əsaslı islahatlar və bu islahatların bir çox məqamlarda artıq özünü büruzə verən müsbət nəticələri barədə materiallar dərc etmişik. Lakin həmin materiallarda biz belə bir faktı da vurğulamışıq ki, bu sahədə islahatların səmərəliliyi çox vaxt respublikada həyata keçirilən antikorrupsiya tədbirlərinin effektivlik göstəricilərindən bilavasitə asılı olur. Həmçinin biz dəfələrlə belə bir faktı da xüsusi olaraq qeyd etmişik ki, respublikanın Təhsil Nazirliyi hələ də rəhbərlik etdiyi sahənin korrupsiyanı mühafizə edən kadrlardan təmizlənməsi işində qəti mövqe nümayiş etdirmir. Ötən saylarımızda biz redaksiyamıza daxil olan məlumatlar əsasında hazırlanmış və Laçın rayon Təhsil Şöbəsinin müdiri Malik Vəliyevin yarıtmaz fəaliyyətindən bəhs edən bir neçə tənqidi məqalə dərc etmişik. Məlum olduğu kimi Laçın Rayon Təhsil şöbəsi Ağcabədi rayonu Taxta körpü qəsəbəsində fəaliyyət göstərir. Şöbənin tabeliyində 5 məktəbdənkənar təhsil müəssisəsi (Uşaq Gənclər İdman Məktəbi, Uşaq Gənclər Şahmat Məktəbi, Uşaq Yaradıcılıq Mərkəzi, Texniki Yaradıcılıq Mərkəzi, Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi ), 118 ümumtəhsil məktəb vardır. Ümumtəhsil məktəblərinin 83-ü tam orta, 31-i ümumi orta, 4-ü isə ibtidai olmaqla 10804 nəfər şagird kontingentini özündə cəmləşdirir. Həmin şagirdlərin təlim-tərbiyəsi ilə 1983 müəllim məşğul olur. Bu məktəblərdən 53-ü Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində, 31-i Ağcabədi, 14-ü Bərdə, 20-si isə respublikanın digər rayonları ərazisində fəaliyyət göstərir. Artıq qeyd etdiyimiz kimi Laçın rayon Təhsil Şöbəsi üçün xarakterik olan qanun pozuntularından biri yalnız kağız üzərində mövcud olan məktəblərin fəaliyyəti ilə bağlıdır. Bu tip tədris müəssisələrinin fəaliyyəti əsasən köhnə tarixlə təsdiqlənmiş saxta sənədlərin verilməsi, əslində keçirilməmiş dərs saatlarına görə əmək haqqlarının hesablanması və digər üsulların tətbiqi ilə dövlət vəsatlərinin mənimsənilməsi üzrə istiqamətləndirilir. İddialara görə Malik Vəliyevin İsmayıllı rayonunda və Gəncə şəhərində “saxladığı” doqquzillik məktəblər məhz bu qəbildən olan müəssisələrdir. Digər tərəfdən isə real məktəb və uşaq bağçalarından yığılan aylıq pullar, həmin müəssisələrin ehtiyacları üçün ayrılmış vəsaitlərin mənimsənilməsi halları da aldığımız məlumatlarda ətraflı əks olunmuşdur. Daha sonra daxil olan məlumatda Malik Vəliyevin Laçın təhsilinin başına açdığı oyunlar, məktəblərdə dərs saatlarının alver predmetinə çevrilməsi, şöbə müdirinin məktəb direktorlarına aylıq haqq kəsməsi və digər bu qəbildən olan ittihamlardan söz açılır. İddia olunur ki, müəllimlər dərs saatı almaq üçün Malik Vəliyevə rüşvət verməyə məcbur qalıblar. RTŞ müdiri isə rəhbərlik etdiyi qurumu öz şəxsi şirkəti kimi idarə edir. Bu xüsusda aldığımız məktublardan birində oxuyuruq: “Hər tədris ilinin başlanğıcında sinif alverinə başlanır. Malik Vəliyev aylıq qoyduğu məbləği “düzgün” verməyən məktəbdən sinifləri kəsərək, özünə yaxın direktorlara satır”. Məlumatlarda həmçinin bildirilir ki, şöbə müdiri rayon məktəblərinin hər birinə aylıq haqq qoyub. Bu “haqq”ın məbləği isə hər məktəbdən 500-1000 manat civarında müəyyənləşdirilib. Malik Vəliyev bütün məktəb direktorlarına göstəriş verib ki, onlar ay ərzində şöbəyə deyilən məbləği gətirməlidirlər. Yəni, ibtidai və digər az müəllimi olan məktəb direktoru 500, orta məktəblər isə 1000 manat Malik Vəliyevə ödəməlidirlər. Əks təqdirdə direktorlar tutduğu vəzifələrindən qovulacaqları ilə hədələnirlər. Və yaxud da pul verməyən məktəblərdə dərs saatları aşağı salınır. Vəzifəsindən və şərlənməyindən qorxan məktəb direktorları isə RTŞ müdirinin hədə-qorxuları qarşısında məcbur qalıb həmin məbləği hər ay ödəməli olurlar. Mənbənin bildirdiyinə görə, məktəb direktorları həmin məbləği müəllimlərin aylıq maaşlarından tutmalı olurlar. Direktorlar hər ay müəllimlərin əmək haqqından 10-20 manat civarında tutmaqla bu məbləğin bir hissəsini düzəldə bilirlər. Qalan məbləğ isə şagirdlərdən yığılan vasait hesabına “düzələrək” şöbə müdiri Malik Vəliyevin cibinə gedir… (bizimdovr.az)
Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.



