Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib. Telefon söhbəti zamanı iqtisadi-ticari əməkdaşlığın, o cümlədən energetika və nəqliyyat sahələrində birgə layihələrin həyata keçirilməsi perspektivləri geniş müzakirə olunub.
Bu gün isə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfər edəcəyi bəlli oldu. Rusiya Xarici İşlər Nazirliyindən bildirilib ki, Lavrovun Bakıya səfəri fevral ayının sonunda baş tutacaq, ancaq dəqiq tarix barədə məlumat verilməyib.
BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov Azərbaycan və Rusiya liderlərinin telefon danşığını, həmçinin Rusiya XİN başçısının ölkəmizə səfəri ilə bağlı fikirlərini Elchi.az-la bölüşüb.
Politoloq qeyd edib ki, Azərbaycan rəhbərliyinin Rusiya rəhbərləri ilə görüşlərinin regionda olan gərginliklər fonunda hansısa gözləntilər yaratması təbii haldır. Bu, illərdir mövcud olan praktikadır.
Analitik Azərbaycan və Rusiyanın müttəfiq ölkələr olduğunu da diqqətə çatdırıb:
“İki ölkə rəhbərliyi yüksək səviyyədə hər zaman ikili təmaslarda olub. Regional proseslərin müzakirəsi və inkişafına dair fikir mübadiləsi ediblər. Qarabağda yerləşmiş Rusiya sülhməramlılarının fəaliyyəti barədə bir-birilərinə əksər hallarda xoş sözlər, bəzən də iradlar bildiriblər. Bunlar rəsmi kanallarla hər zaman deyilən fikirlərdir. Amma bu qədər…
Azərbaycan tərəfi olaraq hesab edirəm ki, belə görüşlərin nəticələrinin hər zaman sadəcə vaxt uzatmaq, gərginliyi saxlamaq cəhdi olduğunu dilə gətirməsi baxımından reallığın üzünə dik baxmaq kimi adlandırsaq, daha doğru olar.
Putin Azərbaycan Prezidenti ilə yenə nədən danışa bilər ki?
Qarabağa yenidən qaytardığı Vardanyanın hansı məqsədlə geri qaytardığı gerçəkliyindənmi, yoxsa onu sülhməramlıların harasında aparıb gətirdiyindənmi?
Lavrovun Bakıya gəlişi də Putinin danışdığı ümumi dostluq, müttəfiqlik yalanlarının bir daha Bakıda təkrarlanmasından başqa heç nəyə xidmət etməyəcəyi aydındır. Onlar səmimi olsalardı, indi region çoxdan sülhə qovuşmuşdu. Həm də indi yox, 25 il əvvəl. Amma sülh gözlədiyimiz Rusiyanın həmin rəhbərlərinin adı ilə sülh kəlməsinin nə qədər bir-birini tamamladığını Ukraynada görürük”.
Yeganə





