Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən ATƏT Nazirlər Şurasının 30-cu Toplantısından sonra açıqlama verən Rusiya xarici işlər naziri Sergey Lavrov da Ukraynadakı müharibədən danışıb. Lavrov, “Biz Kiyev və ya onun ağalarından hər hansı siyasi həll yolu axtarmağa hazır olduqlarına dair heç bir siqnal görmürük. Məqsədlərimizi yenidən nəzərdən keçirmək üçün heç bir səbəb görmürük” -deyib.
Elchi.az xəbər verir ki, Lavrov Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının 30-cu iclasının ikinci günündə mətbuat konfransı keçirib.
Ukrayna ilə danışıqlar prosesinin yenidən başlanılıb-başlanılmayacağı məsələsinə də toxunan Lavrov, “Kiyevdən və ya onun ağalarından hər hansı siyasi həll yolu axtarmağa hazır olduqlarına dair heç bir siqnal görmürük. NATO və Avropa İttifaqının bütün baş katiblərinin dediklərinə qulaq assanız, onlar yalnız bir şeyi deyirlər: “Biz Ukraynanı dəstəkləməliyik, çünki Ukrayna məğlub olsa, bu, bütün Qərbin məğlubiyyəti olacaq”. Siyasi prosesə başlamaq üçün 2 nəfər lazımdır. Eynilə tanqoda olduğu kimi. “Amma onlar tanqo deyil, breyk rəqsi ilə məşğul olurlar.
Lavrov Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarının davam edəcəyini də vurğulayaraq, “Hədəflərimizi nəzərdən keçirmək üçün heç bir səbəb görmürük”-deyib.
Lavrov həmçinin xatırladıb ki, bəzi Qərb ölkələrinin nazirləri ATƏT-in iclasında iştirak etməyib, ABŞ dövlət katibi Antoni Blinken isə görüşdən əvvəl təşkil edilən qeyri-rəsmi şam yeməyinə qatıldıqdan sonra Skopyeni tərk edib. Lavrov deyib: “Bu tədbirdə Ukrayna, Polşa və Baltikyanı ölkələrin nazirləri yox idi. Mənim anladığım odur ki, Blinken və Borrell (Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi) də getdilər. Bunlar niyə baş verir? Hesab edirəm ki, bununla onlar Rusiyanı təcrid etmək niyyətlərini vurğulayırlar . Məncə, onlar qorxaqdırlar, faktlarla səmimi söhbət etməkdən qorxurlar. “Həmkarım Blinken qaçdı, mən heç yerə qaçmadım. Blinken və Borrell ilə ikitərəfli görüş ehtimalının olmadığını bildirən Lavrov, “Əldəki faktlarla vicdanlı görüş keçirmək mümkün deyil”- deyib.
Nuranə Məmmədova






