Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az -ın suallarını cavablandırıb:
-Hər zaman Milli Məclisdə sahibkarların hüquqlarının pozulmasını qabartmısınız. Amma bu dəfə sahibkarlar kəmfürsətlik edərək qiymətləri bir göz qırpımında qaldırdılar. Yəqin buna görə bu dəfə parlamentdə onlara iradlarınız olacaq…
-Heç bir iradım olmayacaq. Ona görə ki, sahibkar əlində olan həmin malı satıb dollara çevirməlidir ki, gedib yenə onu alıb gətirə bilsin. Ona görə də baş verən qiymət artımına görə sahibkarları qınamaq məncə doğru deyil. Təəəssüf ki, bəzi hallarda biz Azərbaycanın bazar iqtisadiyyatına keçmiş bir ölkə olduğunu unuduruq. Buna görə də hələ də qiymətlərin inzibati yollarla tənzimlənməsi cəhdləri var. Qiymətləri bazar özü tənzimləməlidir. Sadəcə bu gün dövlət tərəfindən yalnız neftin, işığın, suyun, aviabiletlərin qiyməti tənzimlənə bilər. Çünki bu sahələr hələ də dövlət inhisarçılığındadır. Amma tutaq ki, dərmanın dövlət tərəfindən tənzimlənməsinə qətiyyən yol vermək olmaz. Sadəcə imkan yaratmaq lazımdır ki, rəqabət mühiti olsun və o zaman bazar özü qiymətləri tənzimləyəcək. Amma çox təəssüf ki, uzun illər ərzində biz ölkədə normal bazar mühiti formalaşdıra bilməmişik, eyni zamanda qiymətli kağızlar bazarını da yarada bilmədik. Ona görə də bu gün Azərbaycanda birja formal xarakter daşıyır. Yəni bu kimi məsələlərdə ciddi addımlar atılmalıdır ki, sahibkarlıq təbii yolla inkişaf mərhələsinə qədəm qoysun. Bunun da yolları barədə zaman-zaman hökumətə demişik. Ən azından mən vicdanım qarşısında rahatam ki, parlamentdə olduğum bütün dövrlərdə mən heç vaxrt hökumətin hesabatını qənaətbəxş saymamışam və həmişə onun əleyhinə səs vermişəm. Ona görə yox ki, mən müxalifətdə olan partiyanın sədri olduğum üçün hər şeyə mənfi don geyindirməliyəm. Siz özünüz də neçə illərdi parlamentdəsiniz və bilirsiniz ki, bir çox prinsipial məsələlərdə biz iqtidarı dəstəkləmişik. Bundan sonra da milli maraqlarla və dövləti əhəmiyyətli məsələlərlə bağlı zəruri hesab elədiyimiz halda dəstəkləyəcəyik. Amma iqtisadi və bəzən xarici siyasət məsələləri ilə bağlı bizim fərqli yanaşmalarımız, fərqli proqramlar irəli sürmüşük. Burada da ölkə iqtisadiyyatını necə qurmağın yollarını göstərmişik. İndi də hesab edirəm Azərbaycanın çox böyük potensialı var ki, indiki devalvasiyadan sonra yaranmış çətin durumu aradan qaldırmaq mümkün olsun. Amma təəssüf ki, 21 fevral devalvasiyasından sonra 10 ay vaxt itirildi. Yəni qeyri-neft sektorunun inkişafı üçün kəsərli tədbirlər görülmədi. Yəni 21 dekabrdan sonra deyil, 10 ay öncədən təxirəsalınmaz tədbirlər görmək lazım idi. Mən hesab edirəm ki, yubanmadan, günü sabahdan dövlət mütləq özəlləşdirməyə getməlidir. SOKAR, AZAL, Azərişıq, Azəriqaz kimi şirkətlər təxirə salınmadan özəlləşdirilməlidir. Özü də inhisarçılığın olmaması üçün həmin şirkətlər özəlləşdirilərkən də bir neçə yerə parçalanaraq sonra özəlləşdirilməlidir. Necə ki, xaricdə dövlət görəndə ki, inhisraçı şirkətlər yaranıb, qanunvericiliyə uyğun olaraq məcburi qaydada həmin şirkətləri parçalayırlar. Eyni qaydada da Azərbaycanda iş görülməlidir. Bu gün Azərbaycanda elə nazirliklər var ki, sadəcə ofis üçün özəl şirkətlərdən, vətəndaşlardan yer kirayələyirlər. Tutaq ki, bu gün SOKAR-a və ya Dövlət Neft Fonduna, Azərsu”ya o nəhənglikdə yeni ofis binaları tikməyə nə ehtiyac vardı? Hesab edirəm ki, elə həmin şirkətlər də, eyni zamanda vergilər nazirliyi də indiki ünvanlarında qalmalıdır. Həmin qurumlar üçün yeni tikilən dəbdəbəli inzibati binalar satışa çıxarılmalıdır, yaxud hüquqi və fiziki şəxslərə icarəyə verilməlidir. Yəni dövlət çalışmalıdır ki, onlardan pul qazansın. Dövlət idarəetmə xərcləri də qısa zamanda minimuma endirilməlidir. Ən azı 30-35 faizlik ixtisara gedilməlidir. Amma biz görürük ki, bu günlərdə yeni-yeni qurumlar yaradılır. Halbuki əksinə proses getməli və nazirliklər birləşdirilməlidir. Azərbaycanda 11-12 nazirlik, 3-4 komitə tamamilə yetərlidir. Bu istiqamətdə radikal addımlar atmaq lazımdır ki, vəziyyətdən az itkilərlə çıxa bilək. Artıq dünya mediasında gələn il neftin qiymətinin hətta 15-20 dollar civarında ola biləcəyi haqqında proqnozlar verilir. Hətta bir sıra şirkətlər məhz bu qiymətlərlə artıq müqavilələr imzalamağa başlayıblar. Bu onu göstərir ki, neftin qiyməti gələn il 15 dollara da düşə bilər. Belə olacağı halda bizim üçün gerçəkdən də çətin bir durum yarana bilər. Mən bütün parlament müzakirələrində, büdcənin qəbulu zamanı hökuməti qeyri-neft sektorunun inkişafı üçün səmərəli addımlara çağırmışam. Siz nəinki Milli Məclisin steneqramını, hətta saytınızın arxivini qaldıraraq buna əmin ola bilərsiniz ki, dəfələrlə həyəcan təbili çalmışıq. Mən sizin saytınıza müsahibəmdə də demişdim ki, necə ola bilər ki, xaricə neft satasan, amma mühərrik yağlarını çox baha qiymətə xaricdən alasan? Halbuki Qaradağ rayonun ərazisində kifayət qədər qeyri-münbit torpaq sahələri var ki, orada sənaye obyektləri ,müasir və gözəl zavodlar tikilməliydi. Baxın, plastik stol-stuldan tutmuş vanna –vedrəyə, aftafaya qədər hər şeyi İrandan, Rusiyadan, Türkiyədən alırıq. Axı bunların hamısı neftdən alınır və özümüzdə keyfiyyətli xammal olduğu halda niyə biz bu məhsulları xaricdən idxal etməliyik? Bu istiqamətdə çoxlu zavod və fabrik tikilməliydi. Təbii ki, Baki çox dəyişib və baxdıqca adamın ürəyi açılır. Amma bu məsələdə də prioritet düzgün seçilmədi. O vaxt mətbuatda da bu barədə deyildi ki, sanki biz Bakını gözəllik müsabiqəsinə çıxarmağa hazırlaşırıq, sanki biz bu yarışda İrəvana qalib gəlsək Qarabağı bize verecekler. Amma bunun əvəzində ölkəyə valyuta gətirən ixrac yönümlü məhsullar istehsal edilən müəssisələr tikilməliydi. Baxın görün bu gün Azərbaycana Çindən nə qədər yük və minik avtomobilləri o cumleden şinler gətirilir. Amma Çin neftin böyük bir hissəsini idxal edir. Həmin neftdən məhsul hazırlayaraq baha qiymətə satır. Axı Bakıda da sovetlər dönəmində şin zavodu olub. Ən azından bu sahədə mütəxəssislərimiz də kifayət qədər var. Yeni texnologiyalar gətirməklə bu sahədə idxaldan nəinki qurtula bilərdik, yaxın, uzaq ölkələrə ixrac edərdik. Dəfələrlə Milli Məclisdə hökumət qarşısında məsələ qaldırdım ki, Naxçıvanı minik avtomobilləri istehsal edən bir mərkəzə çevirək, Gəncəni də kənd təsərrüfatı təyinatlı texnika istehsal edən bir şəhərə çevirək. Bunun üçün Belarus kimi ölkələrlə deyil, avropanın nüfuzlu maşınqayırma sənayesinə malik ölkələrin şirkətləriylə müqavilələr imzalanmalıydı. Yenə də düşünürəm ki, gec deyil. Bu gün də Azərbaycanın Neft Fondunda kifayət qədər valyuta ehtiyatları var. Xalqımız da kifayət qədər işgüzar keyfiyyətlərə malikdir. Heç olmasa bundan sonra həmin vəsaitlərdən səmərəli istifadə olunsa, bank-kredit sistemi düzgün qurula bilsə nəsə etmək olar. Bank sisteminə müasir dünyanın pul-kredit siyasətindən baş çıxaran mütəxəssislər cəlb edilməlidir, yoxsa indikilər kimi yalnız bazara dollar çıxarmaqla manatın kursunu stabil saxlamaqla işini bitmiş hesab edən şəxslərdən imtina edilməlidir. Yəni bu zehniyyətdən kənar insanlar bank sistemində rəhbərliyə gətirilməlidir. Vaxtilə prezident tapşırıq versə də xaricdəki vəsaitlərimizdən gətirib sahibkarlara aşağı faizlərlə kredit vermədilər, amma əvəzində həmin pulu gətirib hər həftə 300-400 milyon dolları satıb manata dəyişməklə vəsaitlərin buxarlanmasına rəvac vermiş olurlar. Amma vaxtında həmin vəsaitləri gətirib sahibkaralara versəydilər belə bir mənzərə də yaşanmazdı. Hökumət pul bolluğuna düşdüyünə və əhali də dolanışığının yaxşı olmasına görə heç kim buna xüsusi diqqət yetirmirdi. Yəni aşağıdan ciddi tələb yox idi deyə hökumət buna həvəssiz görsənirdi. Amma biz yenə də hökuməti çağırırıq ki, bu sahədə islahatlar aparsın. Dövlət çalışmalıdır ki, izafi xərclərdən qurtulsun və yalnız tənzimləyici funksiya yerinə yetirsin. Bir sözlə, dövlətin iqtisadiyyata müdaxiləsi minimuma endirilməlidir. Yəni biz gerçəkdən də ölkəni bazar iqtisadiyyatına keçirə bilsək çətinliklərə sinə gərmək mümkün olar.
-Bu gün hamını narahat edən bir nömrəli məsələ unun və çörəyin qiymətinin iki dəfə armasıdır. Halbuki taxıl fondunda 750 min tona qədər ehtiyatımız var. Niyə onun bir qismini bazara çıxarmaqla ajiotajı qismən də olsa azaltmırlar? Hökumətin bundan da dar günü olacaq?
-Bilirsiniz, nəzərə almağa məcburuq ki, müharibə vəziyyətində olan ölkəyik. Ona görə də ehtiyat fondun hesabına nəsə etmək doğru yanaşma deyil. Tutaq ki, bir ay vəziyyəti stabil saxlamaq oldu? Bəs sonra nə olsun? Bir məhsul ki, xaricdən valyuta ilə alınır, bunun qiyməti qalxmalıdır, bunun qarşısını necə almaq olar? Dəyirman sahibləri əllərində olan taxılı baha qiymətə satmalıdır ki, gedib yeni məhsul alıb gətirə bilsin. Bütün ittihamları sahibkarlara yönəltmək doğru deyil. Rəqabət mühiti olsa sahibkar süni yolla qiyməti necə qaldıra bilər? Dövlətin işi sadəcə həmin rəqabət mühitini yaratmaqdır. Qiyməti isə bazar özü tənzimləməlidir.
-Naxçıvan son dövrlər müsbət nümunə kimi bəzi addımları ilə yaxşı mənada hamını heyrətləndirib. Bu dəfə də “naxçıvanbank”ın kreditorların köhnə məzənnə ilə, yəni alınmış kreditləri 1 dollar 1 manat 5 qəpik olmaqla ödənməsi haqqında qərarı ciddi rezonans doğurdu. Bu nümunə bütün ölkə üzrə həyata keçirilə bilərmi? Bunun üçün prezidentin göstərişimi lazımdır?
ardı olacaq




