Əlimusa Cəbiyev 1947-ci ildə Lənkəranda dünyaya göz açıb. Burada orta məktəbi əla qiymətlərlə bitirərək, Bakıya gəlib və paytaxtda vaxtilə fəaliyyət göstərən yod zavodunda işə düzəlib. Sonra uğurla qəbul imtahanları verib və Bakı Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsinin axşam şöbəsinə daxil olub.
Əlimusanın işləyə-işləyə ali təhsil alması təsadüfi deyildi. Bunun əsas səbəbi ailəsinə kömək etməsi ilə bağlı idi. O, söhbət zamanı bu məqama toxunaraq deyir: “Çoxuşaqlı ailədə böyümüşəm. Atam Nehmət kişi 1941-ci ildə müharibəyə getmiş, anam Şahbacı iki körpə uşaqla qalmış, sədaqətlə ərinin yolunu gözləmişdi. 1944-cü ildə döyüş meydanında ağır yara alıb ordudan tərxis olunan atam həyata, ailəsinə daha sıx bağlanmışdı. Müharibədən sonrakı illərdə isə Cəbiyevlərə daha səkkiz övlad sevinci yaşamaq qismət olmuşdu. Anam sovet hökumətinin qanununa görə, on uşaq dünyaya gətirib böyütdüyü üçün “Qəhrəman ana” adını almışdı…”.
Əlimusa Cəbiyev çoxuşaqlı ailədə böyüməyinin ona çox köməyi dəydiyini isə belə izah edir:
-Böyük ailədə tərbiyə alan uşaqlarda qarşılıqlı anlaşma hissləri yaranır. Qardaş-bacılar arasında daim bir-birinə qayğı göstərmək, kömək etmək xarakteri formalaşır. Uşaqlıqdan, necə deyərlər, qanıma, iliyimə işləyən bu xüsusiyyətlər sonralar böyük müəssisələrdə, əsasən həmkarlar ittifaqları təşkilatlarında çalışanda çox gərəyim oldu.
Yod zavodunda fəhlə işləyən Əlimusa beş il ərzində özünü intizamlı, təşəbbüskar, hər bir yeniliyi qavramağa çalışan gənc kimi göstərdiyi üçün universitet təhsilini başa çatdırandan sonra onu müəssisədə qalıb burada fəaliyyətini davam etdirmək məsləhət bilindi. Əlimusa Cəbiyev tezliklə növbə rəisi vəzifəsinə irəli çəkildi. Universitetdə mühəndis-geoloq kimi aldığı ixtisas, istehsalatda qazandığı təcrübə sayəsində bu işdə də özünü doğrultdu. Sonra ona zavodun baş texnoloqu vəzifəsi etimad göstərildi. Eyni zamanda, müəssisənin həmkarlar ittifaqı komitəsinə sədri seçildi.
Həmkarlar ittifaqı təşkilatındakı fəaliyyəti Əlimusa Cəbiyevin xarakterinin digər müsbət cəhətlərini də üzə çıxardı. İnsanpərvərliyi, işçilərlə ümumi dil tapmaq, birgə işləmək, onlara qayğı göstərmək bacarığı nəzərə alınaraq o, Moskvaya təhsil almağa göndərildi. Beləliklə, keçmiş SSRİ Kimya Sənayesi Nazirliyinin göndərişinə əsasən, 1978-1982-ci illərdə bu qurumun nəzdində rəhbər kadrlar hazırlayan institutda təhsil aldı.
Əlimusa Cəbiyev 1982-ci ildə artıq ovaxtkı Azərbaycan Dövlət Yanacaq Komitəsinin Birləşmiş Həmkarlar İttifaqları Komitəsinin sədri vəzifəsinə irəli çəkilir. Eyni zamanda, Həmkarlar İttifaqları Respublika Komitəsinin Rəyasət Heyətinin üzvü seçilir.
Keçən əsrin 70-80-ci illərindəki fəaliyyətini xatırlayan Əlimusa Cəbiyev deyir:
-İşçilərin mənzilə olan ehtiyacını ödəmək üçün dəfələrlə Moskvaya müraciət etmiş və yaşayış evlərinin tikintisi üçün xeyli vəsait almışdıq. Həmin vəsait Bakı Şəhər Sovetinin hesabına köçürülərək, yaşayış binaları inşa edilirdi. Bu yolla 2 min kvadratmetrə qədər yaşayış sahəsinin inşasına nail olmuşduq. O illərdə müəssisələrin yardımçı təsərrüfatlarının yaradılması da geniş vüsət almışdı. Həmkarlar ittifaqları təşkilatı bu işdə fəallıq göstərirdi. Yaradılan təsərrüfatlar kollektiv üzvlərinin ərzaqla təminatına əhəmiyyətli töhfə verirdi. Belə ki, burada bir çox məhsullar yetişdirilirdi. Çalışırdıq ki, işçilər həm də yaxşı dincəlsinlər. Onlar üçün keçmiş SSRİ-nin ən yaxşı kurort və sanatoriyalarına göndərişlər almağa nail olurduq.
Əlimusa Cəbiyevin xatirələrində tanınmış oftalmoloq, akademik Zərifə xanım Əliyevanın istehsalatın göz xəstəliklərinə təsirini tədqiq etdiyi və bu əsnada fəhlələrə, bilavasitə sexlərdə işləyən insanlara qayğı göstərdiyi dövrlər xüsusi yer tutur. Məlum olduğu kimi, Zərifə xanım Əliyeva Bakının bir neçə müəssisəsində, o cümlədən kondisioner, şin, yod zavodlarında fəhlə peşələrinin yaratdığı göz xəstəliklərini araşdırıb və müalicə edib. Əlimusa müəllim bu yorulmaz alim, gözəl insan və nəcib həkimin apardığı elmi işin yod zavodunda təcrübədən keçirildiyinin, tətbiq edildiyinin şahidi olub. Həmkarlar təşkilatının sədri kimi bunun fəhlələrin səhhətinə necə kömək etdiyini və onlara xoş təsir bağışladığını əyani görüb.
Müstəqilliyin ilk illərində həmkarlar təşkilatlarının fəaliyyətinin az qala parçalanacağını, iflasa uğrayacağını isə Əlimusa Cəbiyev ürəkağrısı ilə xatırlayır. Lakin o, bu dövrdə də ruhdan düşməyib. Dəfələrlə cəbhə bölgələrində olub, əsgərlərə, sərhəd kəndlərində yaşayan insanlara təkcə maddi yox, həm də mənəvi dəstək göstərib. On ildən çox Bakı Avtomobillərə Yanacaqdoldurma İdarəsində Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində işləyərkən də, insanlardan qayğı və diqqətini əsirgəməyib.
Əlimusa kişini bu gün həyata bağlayan gözəl ailəsi ilə bərabər, həm də saldığı bağ-bağçadır. Ağaclara, güllərə qulluq etməyi çox sevir. Nəvələri isə ömrünün solmayan gül-çiçəkləridir.
Vaqif BÜNYADOĞLU




