Milli valyutaya olan etimadı gücləndirmək, manat depozitlərinin artmasını təşviq etmək, eləcə də pul bazarında formalaşmış konyunktura uyğun olaraq pul siyasəti alətlərinin təkmilləşdirilməsinə şərait yaratmaq üçün Mərkəzi Bankın İdarə Heyəti 15 fevral 2016-cı il tarixindən uçot dərəcəsini 5%, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 2%, yuxarı həddini isə 10% səviyyəsində müəyyən etmək barədə qərar qəbul edib.
Mərkəzi Bankdan verilən məlumata görə, bu qərar həm də başlıca makroiqtisadi göstəricilərin proqnozuna və orta müddətli dövrdə dayanıqlı qiymət sabitliyinə nail olunması məqsədinə əsaslanmaqla qəbul edilib.
Bildirilib ki, Mərkəzi Bank bundan sonra da makroiqtisadi prosesləri və maliyyə bazarında vəziyyəti izləyəcək və zərurət yarandıqda mərhələlərlə pul siyasəti alətləri vasitəsilə çevik reaksiya verəcək.




