Macar operator “Facebook”u məhkəməyə verəcək
Sentyabrın 8-də polislərin təqibindən qaçan suriyalı qaçqınları badalaq vuraraq, yıxan macarıstanlı operator Petr Laslo “Facebook”u məhkəməyə verəcəyini açıqlayıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı operator yerli qəzetlərdən birinə müsahibəsi zamanı bildirib.
P.Laslo bildirib ki, onu və ailəsini məhkəməsiz ittiham edirlər. O, bu reaksiyaların çoxalmasının səbəbini isə “Facebook” sosial şəbəkəsində görür.
O, “Facebook hər gün məni ölümlə təhdid edən paylaşımları yayımlayır. Lakin mənim lehimə olan qrupları isə səbəbsiz yerə bağlayır” – deyə vurğulayıb.
Laslo özünün və ailəsinin ölüm təhdidləri aldıqlarını və Macarıstanda yaşamağa qorxduqlarını qeyd edib.
O, ailəsi ilə birlikdə rus dilini öyrənməyə başladıqlarını və uzun müddət yaşamaq üçün Rusiyaya köçmək niyyətində olduqlarını da bildirib.



