Manat larini ardı ilə apardı

Gürcüstan ekspertləri Bakıdan axan pulların dayandığını bildirirlər.

Yanvar ayında Gürcüstanın milli valyutası lari dollar qarşılığında xeyli dəyər itirib və gürcü ekspertlərin əksəriyyəti bunda Azərbaycan manatını günahlandırırlar.

ANS PRESS-in məlumatına görə, əgər dekabrın sonlarında 1 dolları 2,38 lariyə almaq mümkün idisə, hazırda 1 dollar 2,48 laridir. Yəni üzən məzənnəyə çoxdan keçmiş gürcü valyutası heç bir texniki müdaxilə olmadan, təbii yolla 1 ayda 1,79% dəyər itirib və gürcülər bundan çox narahat olublar.

Bunu da oxuyun

Son bir ayda dolların gürcü larisi qarşısında məzənnəsinin dəyişməsi

Mənbə: Gürcüstan milli bankı

Real olaraq Gürcüstandan Azərbaycana ixrac elə də yüksək olmasa və təxminən 100 milyon dollar ətrafında dəyişsə də, gürcü ekspertlərin narahatlığının əsası var. Bu narahatlıq üç istiqamətdən qaynaqlanır. Birincisi, Gürcüstandan Azərbaycana hər il 50 min başa qədər iri buynuzlu mal-qara gətirilir. Yəni Gürcüstan Azərbaycanın ət idxal etdiyi əsas xarici ölkədir. İkincisi, Gürcüstandan Azərbaycana çox sayda ikinci əl avtomobillər gəlirdi. Həm də hər il Gürcüstana 1 milyona yaxın azərbaycanlı turist istirahətə gedirdi ki, onların bu ölkədə ildə təxminən 300 milyon dollar xərclədiyi vurğulanırdı.

Gürcüstandan Azərbaycana idxal (min dollarla)

Mənbə: Dövlət Statistika Komitəsi

Yəni Azərbaycandan hər il Gürcüstana nağd yolla 500 milyon dollara yaxın pul axırdı və gürcü ekspertlərin dediyinə görə, indi bu pul əhəmiyyətli dərəcədə azalıb. Nəticədə, lari də əhəmiyyətli dərəcədə ucuzlaşmağa başlayıb. Düzdür, Gürcüstan mərkəzi bankının keçmiş rəhbəri Roman Qotsiridze bu cür rəylərin əleyhinə çıxıb və ayın sonuna nəticələrin tamamilə fərqli olacağını iddia edib. Lakin ANS PRESS-in bu üç istiqamət üzrə apardığı araşdırma gürcü ekspertlərin haqlı narahatlıq ifadə etdiyini ortaya çıxarıb.

ANS PRESS-in araşdırmasına görə, ən çox zərər Gürcüstanın turizm sektoruna dəyib və bu qış azərbaycanlılar demək olar ki, ənənəvi olaraq getdikləri bu ünvana səfərləri xeyli azaldıblar. Bakıda fəaliyyət göstərən turizm şirkətinin rəhbəri, iqtisadçı-alim Elxan Vəliyevin ANS PRESS-ə bildirdiyinə görə, hazırda bu istiqamətə gedən turistlərin sayı üç dəfəyə qədər azalıb:

“Bu, devalvasiyanın göstərdiyi psixoloji təsirlə bağlıdır. Adamlar əllərində olan dolları xərcləmək istəmirlər. Buna görə də ənənəvi olaraq qış tətilini Gürcüstanda keçirən ailələrin çoxu bu il fikirlərindən daşındılar. Mənim yaxın bir tanışım var – əvvəl Türkiyəyə səfər etmək istəyirdi, sonra qərarını dəyişdi, Gürcüstana getmək istədi, sonra bundan da vaz keçdi və Quba ilə kifayətlənməli oldu. İndi əksəriyyət belə edir. Buna görə də Gürcüstan istiqamətinə gedenlər 3 dəfəyə qədər, Türkiyə istiqamətində gedənlər isə 2 dəfəyə qədər azalıb”.

Elxan Vəliyevin sözlərini Gürcüstanın Bakuriani qış turizm zonasında yerləşən otel sahiblərinin dedikləri də təsdiqləyir. Bakurianidə fəaliyyət göstərən apartament-otel, yəni mənzil-otel şəbəkəsinin rəhbəri Mayya Maçaraşvili bildirib ki, əvvəllər müştərilərin 80%-i azərbaycanlılar olub. Bu il isə cəmi 5 azərbaycanlı ailə apartament-otel şəbəkəsinin qonağı olub.

Gürcüstandan mal-qara idxalının azalması da manatın devalvasiyası ilə bağlıdır. Bu ölkədə mal ətinin kiloqramı təxminən 5 lariyə, yəni 2 dollara satılır. Azərbaycan manatının qara bazar məzənnəsi ilə bu, təxminən 4 manata bərabərdir. Bu, bəzi rayonlarda mal ətinin satış qiymətindən fərqlənmir. Sərhəd-keçid məntəqələrində çıxan xərc nəzərə alındıqda, artıq Gürcüstandan mal-qara idxalı rentabelsiz səviyyəyə düşüb.

İqtisadi Tədqiqatlar Mərkəzinin aqrar sahə üzrə mütəxəssisi Vahid Məhərrəmov ANS PRESS-ə müsahibəsində Azərbaycanın fermer təsərrüfatları üçün əlverişli vəziyyət yarandığını bildirib: “Artıq Azərbaycanda mal ətinin pərakəndə satış qiyməti dünya bazarı qiymətinə uyğunlaşıb. Amma qiymətin qalxma təhlükəsi var. Bunun qarşısının alınması üçün çalışıb yerli fermerlərin istehsalını rentabelli etmək lazımdır. Bunun üçün qidalı yem istehsalının təşkili stimullaşdırılmalıdır. Ətçilik istiqamətində bəslənən mal-qaranın sayını da artırmaq lazımdır. Məsələn, işsizlik problemi olan bir çox kəndlərdə bələdiyyələrin nəzdində həm ətçilik, həm də südçülük fermaları açmaq olar”.


Vahid Məhərrəmov – İqtisadi Tədqiqatlar Mərkəzinin mütəxəssisi

İlkin hesablamalara görə, Azərbaycanın özünü südçülük və ətçilik məhsulları ilə təmin etməsi üçün təxminən 400 min inəyin saxlandığı yeni fermalar tikilməlidir. Bu fermaları həm bölünməmiş bələdiyyə və dövlət torpaqlarında, həm də Mərkəzi Aranın sovet illərindən sonra əkin prosesindən kənarda qalmış torpaqlarında yerləşdirmək olar. Bu məqsədə çatmaq üçünsə yaxın bir neçə ildə fermerlərə və yerli özünü idarə qurumlarına hər il bir neçə yüz milyon manat güzəştli kredit ayırmaq lazımdır. İndiki subsidiya vəsaitlərinə təxminən bərabər olan bu vəsaitlər bir neçə ilə geri qayıtmaqla yanaşı Azərbaycanı tam ərzaq təhlükəsizliyinə qovuşdura bilər – həm kəmiyyətcə, həm də keyfiyyətcə.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728