“Mərkəzdən aldıqları təlimata uyğun olaraq Şuşaya səfərə getməkdən imtina etməklə ABŞ və Fransa səfirləri ilk növbədə, Azərbaycan ictimai rəyində hakimiyyətlərini gözdən düşürdülər, özlərini rüsvay etdilər”.
Elchi.az xəbər verir ki, bu fikirləri millət vəkili Musa Qasımlı Feysbuk hesabında qeyd edib.
Onun sözlərinə görə, səfirlər Azərbaycana hörmətsizliyin nümunəsi olan bu qaba davranışlarında və fəaliyyətlərində düzəlişlər etməsələr, ictimai rəydə müsbət meyil yaranmayacaq:
“Səfərdən imtina etməklə səfirlər Azərbaycana çoxdan məlum olan bir neçə məsələni özləri dünyaya da izhar etdilər. Açıq-aşkar aydın oldu ki, bu ölkələr Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış münaqişənin uzun illər boyu həll edilməsində maraqlı olmayıblar, onu uzatmaqla məşğul olublar. 44 günlük müharibədə Azərbaycan təkcə işğalçı ölkə və dünya erməniliyi üzərində deyil, eyni zamanda onların belə havadarları üzərində də əzici qələbə qazanıb və bu geosiyasi, geoiqtisadi zəfəri onlar həzm edə bilmirlər. Müharibənin başa çatmasından iki ilə yaxın müddət keçməsinə baxmayaraq, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyanın aparılmasına, sülh sazişinin imzalanmasına ilk növbədə bu ölkələr mane olurlar. Münaqişənin davam etdirilməsində maraqlı olan bu dövlətlər qovulub çıxarıldıqları regiona qayıtmaq üçün bütün vasitələrdən istifadə edirlər. Lakin bu xəyallar artıq qaranlıq sulara qərq olub, gerçəkləşdirilməsi mümkün deyildir. Zəngəzur dəhlizinin açılmasına daha çox mane olan bu iki ölkədən birini 1979-cu ildən bəri düşmən olduğu dövlətlə bəzi ortaq maraqlar birləşdirir…”.
Yeganə





