“Xalqımız 44 günlük Vətən müharibəsində birlik, iradə göstərmişdir. “Zəfər Yürüşü”ndə Azərbaycan xalqı bütün gücünü səfərbər edib, yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu. 44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi”.
Elchi.az xəbər verir ki, bu barədə millət vəkili İlham Məmmədov FB hesabında bildirib:
“Dayanmadan, durmadan, usanmadan hər gün qan tökərək, şəhidlər verərək irəliyə gedirdi, Zəfərə doğru gedirdi. Bir gün belə dayanmadı, bir gün belə geriyə addım atmadı, ancaq irəli getdi, düşməni qova-qova döyüş meydanında tarixi Zəfər çaldı. Azərbaycan əsgər və zabitləri öz canını fəda edirdi ki, xalq ləyaqətini bərpa etsin, ədaləti bərpa etsin və öz torpaqlarına qayıtsın. Füzuli istiqamətdə beş-altı müdafiə xətti mövcud idi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bu müdafiə xəttini və bundan sonrakı müdafiə xətlərini yarmaq üçün ölümə gedirdi. Sözün əsl mənasında ölümə gedirdi, öz canını fəda edirdi ki, üçrəngli Bayrağımız Şuşada və o vaxt işğal altında olan digər bütün torpaqlarda dalğalansın. 44 gün ərzində 300-ə yaxın şəhər və kənd düşməndən azad edilmişdir. Müzəffər ali baş komandanın rəhbərliyi ilə rəşadətli ordumuz düşməni kapitulyasiya aktını imzalamağa və məğlubiyyətini qəbul etməyə məcbur etdi. Şərəfli missiya bu gün yaşayan nəslin üzərinə düşüb. Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq. Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər. Fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq. Azərbaycanın hər bir vətəndaşı vəd verməlidir ki, daim müstəqilliyin keşiyində duracaqdır. Azərbaycan xalqı qoymayacaq ki, bir daha düşmən başını qaldırsın, qoymayacaq ki, bir daha bizim üçün təhdid yaratsın. Bütün təhdidlərin qarşısı alınacaqdır. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır”.
Şayəstə





