
Milli Məclisin plenar iclası başlayıb.
Elchi.az Publika.az-a istinadən xəbər verir ki, iclasda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Dövlət Neft Şirkəti ilə Azərbaycan (ACG) Limited, BP Eksploreyşn (Kaspian Si) Limited, Şevron Xəzər LTD, Ekson Azərbaycan Limited, İndeks Sausvest Kaspian Si, İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk., ONGC Videş Limited, Statoyl Abşeron AS, Türkiyə Petrolleri A.O. arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə dair” qanun layihəsi müzakirə olunub.
Qanun layihəsi haqqında deputatlara məlumat verən vitse-spiker Valeh Ələsgərov deyib ki, yenilənən saziş bu il sentyabrın 14-də Bakıda imzalanıb: “Görülən işlərin nəticəsi kimi indiyədək podratçı tərəflər mənfəətlərindən 14,4 milyard dollar mənfəət vergisi ödəyib. Dövlət Neft Şirkətinin törəmə şirkəti podratçı tərəf olaraq mənfəət neftinin satışından 5,9 milyard dollar qazanıb. Müqavilə şərtlərinə uyğun olaraq texnoloji tələbat üçün istifadə olunmayan 41,7 milyard kubmetr həcmində səmt qazı ötürülüb. Mövcud məlumata görə, adı çəkilən yataqlarda ən azı 500 milyon tona yaxın çıxarıla biləcək neft ehtiyatı var. Müqavilənin əvvəlki müddəti 2024-cü ilə qədər olduğundan qalan 7 ildə hasilat aşağı düşəcək. Bu hasilatı isə sonradan bərpa etmək çox çətin olacaq. Ona görə də müqavilə müddətinin uzadılması, yenilənməsi çox uzaqgörənliklə atılan bir addımdır”.
Vitse-spiker qeyd etdi ki, Azərbaycan dövləti və Dövlət Neft Şirkəti yenilənmiş müqaviləni bundan əvvəlki müqavilədəki şərtlərdən də üstün şərtlərlə imzalayıb: “Dövlət Neft Şirkətinin danışıqlar nəticəsində daha üstün, əlverişli şərtlər əldə etməsində əsas amillərdən biri həm neft, həm də qaz sahəsində artıq heç bir riskin olmamasıdır. Bunun üçün də həmin xarici investorlar ölkəmizə hər il 450 milyon dollar olmaqla 8 il bonus ödəyəcək”.
Onun sözlərinə görə, sazişin 31 dekabr 2049-cu ilə qədər davam etməsi nəzərdə tutulub.
Deputat Vahid Əhmədov deyib ki, Bakı-Tiflis-Qars dəmir yolunun açılması ciddi qələbədir: “Bir çoxları buna mane olmaq istəyirdi. Erməni lobbisinin ciddi təzyiqlərinə baxmayaraq Azərbaycan dövlət başçısının siyasi iradəsi ilə dəmir yolu açıldı. Bu layihənin iqtisadi üstünlüklərini bir kənara qoyaraq deyirəm ki, ciddi siyasi əhəmiyyəti var. Bu, Azərbaycan müstəqilliyinin möhkəmlənməsinə xidmət edən layihədir. Mən bu layihəni həyata keçirilməsində əməyi olan hər kəsə minnətdaram. Azərbaycan dövlət başçısına təşəkkürümü bildiriəm”.
Deputat daha sonra qeyd edib ki, Əsrin Müqaviləsi imzalandıqdan sonra Azərbaycanda ciddi infrastruktur yaradılıb: “İndi müzakirə edilən saziş Əsrin Müqaviləsinin davamıdır. Çox müsbət haldır ki, yeni sazişə əsasən layihədə işləyəcək şəxslərin 90 % Azərbaycan vətəndaşı olacaq”.
Deputat Əli Məsimli isə hesab edib ki, bu gün Milli Məclis çox əhəmiyyətli bir sazişi müzakirə edir: “Əsrin Müqaviləsinin imzalanması zamanında ciddi narahatlıq var idi. Azərbaycan bunu həyata keçirə bildi. Bu müqavilə ilə Xəzərin karbohidrogen ehtiyatları dünyaya açıldı. Azərbaycan neft ölkəsi kimi özünü təsdiq etdi. Bu layihənin davamı olaraq indi müzakirə etdiyimiz layihə də Azərbaycana iqtisadi, siyasi, sosial, regional təhlükəsizlik istiqamətində dvidentlər qazandıracaq”.
Sonda çıxış edən V.Ələsgərov deputatların sualına cavab olaraq qeyd edib ki, layihəyə çərçivəsində 40 milyard dollara qədər investisiya yatırımı gözlənilir: “Bununla bağlı müxtəlif rəqəmlər deyilir. Bəzən 35, bəzən 38 milyard rəqəmi səsləndirilir. Amma istehsalatda xərcləri konkret planlaşdırmaq olmaz. Bu bazardakı qiymətlər və yataqlarda aparılacaq işlərlə bağlı məsələdir”.
Qanun layihəsi müzakirələrdən sonra yekdilliklə qəbul edilib.



