Qanlı Yanvar tarixi heç vaxt unudlmayacaq…
Qanlı Yanvar tarixindən düz 25 il ötdü… Həmin müdhiş gecənin yaşantıları bu gün müstəqillik adlı şərbətin dadını bilən hər kəs tərəfindən qürur tariximiz kimi böyük məhəbbətlə anılır. Biləsuvarda həmin gün şəhidlərimizin əziz xatirəsinə ucaldılmış abidə kompleksinin qarşısındakı izdiham, azadlığımız, suverenliyimiz uğrunda canlarını fəda etmiş haqq bəndələrinə qarşı sayğı ehtiramı günün bütün saatlarını əhatə etmişdir.
Anım mərasiminin davam etdirildiyi rayon mədəniyyət evinin foyesində təşkil edilən Qanlı Yanvara həsr olunmuş foto və məktəblilərin rəsm əsərlərindən ibarət sərgidə faciəni törədənlərə qarşı sonsuz nifrət və intiqam hissləri özünü tam çılpaqlığı ilə əks etdirirdi.
Mərasimdə Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyevin Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar faciəsi barədə ətraflı çıxışı dinlənilmişdir. M.Quliyev nitqində bildirdi ki, bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs Ümummilli Lider Heydər Əliyev olmuşdur. Məhz ulu öndərimiz 21 yanvar 1990-cı il tarixdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu hadisəni törədən şəxsləri kəskin pisləmiş və bunun heç bir insanlığa sığmayan vəhşilik olmaqla bərabər, demokratiyaya yad və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etmişdir. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Həmin gecənin qurbanlarından iki nəfəri də Biləsuvar rayonundan- Baba Məhəmməd oğlu Xammədov və Əlimərdan Əbil oğlu Hüseynov olmuşdur. Məhz bu rəşadətli insanlarımızın ölümün gözünə dik baxması, azadlığa qovuşmağı hər şeydən üstün tutması nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi.
Başçı çıxışında vurğulayıb ki, nə qədər ağrılı, acılı olsa da 20 Yanvar, həm də şərəf tariximiz, milli qürur günümüzdür.
Tədbirdə çıxış edənlər 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilməsində, cinayətkarların adının xalqa bəyan edilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini önə çəkib, hazırda 20 Yanvar şəhidlərinin ailələrinə dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərildiyini bildiriblər.
Bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi Azərbaycan xalqı ucun təkcə boyuk faciə deyildir. O, ləyaqətini qorumaq ucun hər cur qurban verməyə hazır olan xalqımızın tarixində şərəfli bir səhifədir.
Mərasimdə iştirakçıların böyük əksəriyyətinin göz yaşlarına səbəb olan məqamlardan biri də rayon mədəniyyət işçilərinin nümayiş etdirdikləri 20 yanvar qırğınını əks etdirən “Yarımçıq arzular” adlı tamaşası oldu. Şəfaqət Cavanşirlinin ssenaristi olduğu tamaşada rayonun tanınmış aktyorları- İlqar Dadaşov, Cahangir Məlikov, Rəşad Hüseynov, Günel Mirzəyeva və Sevil Əliyeva ifa etdikləri obrazlarla, həmin gün milli azadlıq, ərazi bütövlüyü uğrunda inamla mübarizəyə başlayan xalqın kütləvi terrorla üz-üzə qalmasını, yüzlərlə əliyalın dinc insanın sovet rejiminin ən ağır cinayətlərindən birinin qurbanı olmasını, yaralanıb, itkin düşməsini olduğu kimi- tüküprədici səslərlə izləyicilərə çatdırması, göz yaşlarına qərq olmuş tamaşaçıların qəlbində bir daha yağılara qarşı nifrət, qəzəb hissini oyatmış oldu. Puça çıxmış, yarımçıq arzuları ehtiva edən tamaşa sonda sürəkli alqışlarla qarşılanmışdır.
Qeyd edək ki, tamaşanın rejissoru Cahangir Məlikov, bədii rəhbəri isə İlqar Dadaşov olmuşdur.
Samir Qurbanov





