Qabil Hüseynli: “Məsələlər heç də sadə deyil, çox mürəkkəb bir dairəyə düşmüşük”
Azərbaycanda sıravi vətəndaşlardan tutmuş ölkənin birinci şəxsinədək hər kəs ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyətsizliyindən narazılıq edir.
22 ildir mövcud olmasına baxmayaraq Minsk Qrupu münaqişənin həllində heç bir irəliləyişə nail olmayıb.
Bu gün bu münaqişə həll olunmamış qalmaqla yanaşı, heç bir ölkə tərəfindən tanınmayan qondarma “Dağlıq Qarabağ hökuməti” öz nümayəndəliyini ABŞ, Fransa və İngiltərədə açıb.
Bu nümayəndəliklər müxtəlif sahələrdə, o cümlədən Qarabağa vizanın verilməsi, turistlərin ora səfərinin təşkili, Qərb şirkətlərinin Qarabağa sərmayə yatırması üçün şəraitin yaradılması və Qarabağın müstəqilliyi üçün beynəlxalq təşkilatlarda siyasi fəaliyyətlərin aparılması üçün çalışırlar. Belə bir vəziyyətin yaranmasının günahkarı həm də ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətsizliyi, münaqişənin həlli üçün üzərlərinə düşən işi həyata keçirməməsidir.
Bəs Azərbaycan Minsk Qrupu problemindən necə qurtula bilər, ölkəmizin bu qurumdan imtina etmək hüququ varmı?
Politoloq Qabil Hüseynli bildirdi ki, ATƏT-in Minsk Qrupu BMT-nin verdiyi mandat əsasında fəaliyyət göstərən vasitəçi bir qurumdur. Bu qurum vasitəçilik missiyasını həyata keçirir və onların ünvanına tənqid səslənəndə deyirlər ki, bizim tərəflərdən hər hansı birinə təzyiq göstərmək və tənqid etmək imkanlarımız yoxdur. Belə olan təqdirdə, ATƏT-in Minsk Qrupunun hüquqları məsələsinə diqqət yetirmək, bu məsələni qaldırmaq lazımdır: “Məsələn, necə ola bilir ki, Avropa Şurasında Ermənistanın təcavüzkar dövlət olması və Azərbaycan torpaqlarını işğal etməsi haqqında qətnamə qəbul edilir, amma Minsk Qrupu buna etiraz edərək deyir ki, digər təşkilatlar bu işə qarışmasın. Deməli, belə çıxır ki, Minsk Qrupu həmsədrləri vasitəçilik missiyası adı altında pərdələnərək əslində problemin həllini ləngidirlər. Onların səlahiyyətsizliyi də buradan qaynaqlanır. Minsk Qrupu həmsədrləri təcavüzdən danışır, amma təcavüzkarın adını çəkməyə cəsarəti çatmır. Hətta onlara sual verəndə də təcavüzkar dövlət kimdir, cavab verirlər ki, bunu müəyyən etmək tarixçilərin işidir. Bu, sadəlövh adamlar üçün hesablanmış cavabdır. Minsk Qrupunun səlahiyyətlərinə baxılması məsələsi gündəmə gətirilməlidir. Ya səlahiyyətlərinin genişləndirilməsi, ya formatının dəyişdirilməsi zərurəti yaranıb.

Minsk Qrupunun tamamilə ləğv edilməsi müəyyən qədər təhlükəlidir. Ölkə prezidenti İlham Əliyevin dediyi kimi, bu məsələdə dini təəssübkeşlik elementi də, islamafobiya elementi də var. Ona görə də tutaq ki, biz Minsk Qrupundan imtina etsək belə, vəziyyət yaxşıya dəyişməyəcək. Azərbaycan yenə də tənqid edilməyə başlayacaq. Yenə də Azərbaycana qarşı müəyyən iddialar irəli sürüləcək. Azərbaycan təcavüzə məruz qaldığı halda günahların hamısını Azərbaycanın üzərinə yükləməyə çalışacaqlar”.
Politoloq onu da dedi ki, ATƏT qarşısında ciddi surətdə məsələ qaldırmaq olar ki, Minsk Qrupunun həmsədrlərinin formatında dəyişikliklər edilsin. Çünki orada ABŞ-ı istisna etmək şərtilə digər iki dövlət açıq formada Ermənistanı müdafiə edir. ABŞ isə çox müəmmalı bir mövqe sərgiləyir. ATƏT-in qarşısında həm də bu məsələ qaldırıla bilər ki, Minsk Qrupunun həmsədrlərinin ciddi səlahiyyətləri olmalıdır: “Minsk Qrupu yalnız vasitəçilik eləməməlidir, problemin yaranma səbəblərini, inkişaf trayektoriyasını, onun doğurduğu nəticələri təhlil etməli, bu nəticələrə görə hər bir tərəfin günahını və məsuliyyətini müəyyənləşdirməlidir. Bu günah və məsuliyyətə görə də siyasi qiymət verilməlidir. Bugünkü vəziyyətdə isə Ermənistan Minsk Qrupundan qətiyyən çəkinmir. Hətta belə bir formatın mövcudluğundan məmnundur”.
Q.Hüseynli vurğuladı ki, beynəlxalq hüquq Azərbaycana Minsk Qrupunun vasitəçiliyindən imtina etmək hüququ verir. Azərbaycan bunu edə bilər: “Ancaq tutaq ki, biz Minsk Qrupundan tamamilə imtina elədik. Dağlıq Qarabağ məsələsi beynəlxalq səviyyəyə qalxmış bir münaqişə olduğundan o zaman biz bu münaqişəni həll eləyəcək digər bir siyasi müstəvi tapmalıyıq. Belə bir siyasi müstəvi isə yalnız BMT ola bilər. BMT-də isə yenə də əsas rıçaqlar-Təhlükəsizlik Şurasının üzvü olan Rusiya, ABŞ, Fransadır. Ona görə də məsələ gedib yenə də eyni yerə dirənəcək. Minsk Qrupundan rəsmi imtina edəndən sonra Azərbaycanı nə gözləyir və Azərbaycan nə ilə üzləşəcək, onunla bağlı fikirləşmək lazım gəlir. Bunu fikirləşdikdə göz önünə ürək açan mənzərə gəlmir. Ermənistan və onun havadarları bu məqamdan Azərbaycanın sülhdən imtina etdiyi təbliğatı üçün istifadə edəcəklər. Mən ona görə yuxarıda dedim ki, Azərbaycan Minsk Qrupunun həmsədrlərinin fəaliyyətindən ciddi narazılığını rəsmən ortaya qoymalı, qeyd eləməlidir ki, biz sülhyaratma prosesindən imtina etmirik, amma bu sülhyaratma prosesinin mütləq nəticəsi olmalıdır. Sülhyaratma prosesi elə qurulmalıdır ki, tərəflərdən hər birinə təsir və təzyiq etmək imkanları olsun. Azərbaycan bu şərti qoya bilər. Problemlərdən biri də budur ki, Azərbaycanın verdiyi təkliflərin qəbul edilməsi üçün münaqişə tərəfi olan Ermənistanın da razılığı olmalıdır. Çünki konsensus tələbi var. Bir sözlə, məsələlər heç də sadə deyil, çox mürəkkəb bir dairəyə düşmüşük”.