
Millət vəkili Sahib Aliyev Moskva-Ankara “barışmasını” şərh edən maraqlı statusla çıxış edib. Statusu olduğu kimi diqqətinizə çatdırırıq:
Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə qarşı tətbiq edilən bütün embarqoların aradan qaldırıldığını açıqlaması, turistlərin ora getməsi üzərindəki inzibati əngəllərin təcili ləğvinin özəlliklə vurğulanması, məncə, həm də Atatürk hava limanında törədilən terror aktının arxasındakı güclərə verilən cavabdır. Kreml bununla göstərir ki, Türkiyənin terrorun öhdəsindən gələcəyinə əmindir və bu yöndə istənilən dəstəyi verməyə hazırdır.
Başqa bir maraqlı məqam isə ondan ibarətdir ki, hər iki ölkənin prezidentləri görüşüb-danışmaq qərarına gəliblər və görüş yeri olaraq da Çin seçilib. Firkrimcə, burada da bir rəmzlik var.
Düzdür, görüş ona görə Çində baş tutur ki, böyük 20-lərin orada zirvə toplantısı keçirilməlidir. Ancaq, açığı mən Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatıyla əlaqələrinın dərinləşməsi yönündə addımların intensivləşəcəyini görürəm və proses bununla da bitməyəcək.
Prosesin bununla bitməyəcəyi Kremlin ürəyindən keçənləri bir az zamanı qabaqlayaraq və müəyyən qədər də abartaraq dilə gətirən biri kimi tanınan Vladimir Jirinovskinin son açıqlamasından da görünür. Yumşaq desək, heç də türksevər biri kimi tanınmayan Jirinovskinin Türkiyənin Rusiyaya Belarus və Ermənistandan da yaxın olacağını bildirməsi də təkcə onun və bəlkə də heç onun fikri deyil. Hiss olunur ki, həm rəsmi Moskva, həm də Ankara yeni geosiyasi kombinasiyalar üzərində işləyirlər.
Yeri gəlmişkən, prosesləri emosiyasız, yuxarıdan izləyən əcnəbi ekspertlər Rusiya ilə Türkiyənin barışmasını hər iki tərəfin öz sifətlərini qoruyub saxlamaqla reallaşdırdıqlarını deyirlər. Və heç şübhəsiz ki, bu məsələdə Azərbaycanın dövlət başçısının mühüm rolu var. Barışığın belə tezliklə və bu şəkildə baş tutmasında cənab İlham Əliyevin mühüm rol oynadığını iki gün öncə Türkiyənin baş naziri hörmətli Binəli Yıldırım da öz çıxışında açıqlamışdı. Bu isə artıq Azərbaycan rəhbərinin təkcə qardaşlıq qatqısı deyil, həm də regionda oynadığı rolun göstəricisdir.



