Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi Şurasının 93-cü iclası keçirilib. APA-nın Moskva müxbirinin məlumatına görə, iclasda MDB-yə üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın geniş spektrli məsələləri nəzərdən keçirilib.
İclasda Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib.
İclasın gündəliyinə 13 məsələ daxil edilib.
İclas iştirakçıları Kosmos üzrə Dövlətltərarası Şuranın 2020-2021-ci illərdə fəaliyyəti barədə hesabatı dinləyib, milli valyulatalardan istifadənin milli iqtisadiyyatların gücləndirilməsində rolunu müzakirə ediblər. Qeyd olunub ki, Dövlətlərarası Bank MDB məkanında milli valyutalarla ödənişlər üçün hesablaşma platforması yaradıb.
İclas çərçivəsində 2030-cu ilədək informasiya təhlükəsizliyinin təmin edilməsi strategiyasının layihəsi, baytarlıq sahəsində əməkdaşlığın genişləndirilməsinə yönəldilmiş bioloji materialların mübadiləsinə dair saziş layihəsi, ümumi elmi-texniki məkanın yaradılmasına dair saziş layihəsi və digər sənədlər nəzərdən keçirilib. Sənədlərin MDB Hökumət Başçıları Şurasının növbəti iclasında müzakirəyə çıxarılması planlaşdırılır.
Tədbirin sonunda 2021-ci il üçün məhsul və xidmətlərin keyfiyyətinə görə MDB Mükafatları təqdim olunub.
MDB İqtisadi Şurasının növbəti iclası iyunun 10-da Nur-Sultan şəhərində keçiriləcək.Foto














