Xətai rayonunun General Şıxlinski küçəsi 29-42 ünvanında yaşayan bina sakinləri 161 qaynar xəttinə, Prezident.az saytına müraciət ünvanlayıblar.
Müraciətlərində sözügedən binanı inşa edən “Tural-A” MTK-nın sədri Zaur Bayramovun mənzillərə qazın çəkilməsi üçün pul tələb etməsindən narazı olduqlarını bildiriblər:
“Biz qaz idarəsinə müraciət etmişik, onlar da deyir ki, MTK sədri sizin sənədlərinizi göndərmədiyi təqdirdə mənzillərə qaz çəkə bilmərik. Z. Bayramov da bu məqsədlə sakinlərdən 300-500 manat pul tələb edir. Bizim həmin pulu verməyə imkanımız yoxdur, həm də ki niyə rüşvət verməliyik?! Sədr bizə deyir ki, hara istəyirsiz şikayət edin. Mənim pulumu vermədiyiniz təqdirdə, sənədləri qaz idarəsinə göndərməyəcəm”.
Bəzi tikinti şirkətlərinin özbaşınalığı ilə bağlı AİM.Az-a danışan Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, hüquqşünas Sahib MƏMMƏDOV söyləyib ki, sakinlərdən əlavə xərclərin tələb olunması qadağandır. Onun sözlərinə görə, şirkət binanı kommunikasiya xətləri ilə birgə təhvil verməlidir:
“Qaz, işıq və kanalizasiya xətlərinin hamısı binanın zəruri infrastrukturdur, tikinti xərclərinin içərisində gedir. Sakinlərdən qanunsuz olaraq yığılan vəsaitə gəlincə, görünür şirkət prosesi sürətləndirmək istəyir. Əslində isə məqsəddən asılı olmayaraq bu qanunsuz yığımdır “.
Belə halların kütləvi xarakter aldığını deyən müsahibimiz qeyd edib ki, sakinlər bu korrupsiya faktı ilə bağlı aidiyyatı qurumlara müraciət edə bilərlər:
“Qanunsuz olaraq sakinlərdən pul tələb olunur. Məsələ ondadır ki, tikinti MTK-ları insanlarla müqavilə bağlamalıdır. Müqavilə notarial qaydada təsdiq olunmalıdır. Ödənilər pullar sığortalanmalıdır. Vergidən yayınmaq üçün münasibətlər rəsmiləşdirilmir. Uduzan isə sakinlər və ya alıcılar olur “.
İlham Türksoy,
AİM.Az



