Ərəstun Oruclu: “Belə yoxlamalar Azərbaycan qanunvericiliyinə ziddir”
İctimai-siyasi fəallar, QHT təmsilçiləri ölkə hüdudlarını tərk edərkən sirli “N5” yoxlamasına məruz qalırlar. Belə yoxlamaya məruz qalanlar təkrar-təkrar aranır, onlara məxsus kompyüter və texniki avadanlıqlar da xüsusi olaraq nəzərdən keçirilir. Qanunda belə bir yoxlama nəzərdə tutulubmu? “N5” kod adı altında həyata keçirilən yoxlama niyə xidmət edir?
Milli Təhlükəsizlik Nazirliyinin sabiq zabiti, “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyir ki, bu yoxlama qanunda nəzərdə tutulmayıb: “Bu təzyiq vasitəsidir. Çünki vətəndaş ölkəni tərk edirsə, o nə apara və ya gətirə bilər ki? Üstəlik, yoxlama-nəzarət sistemi o qədər mürəkkəbdir ki, istəsə belə nəsə keçirə bilməz. Bu çox əcaib bir praktikadır. Faktiki olaraq insanlar haqda qanunsuz dosye yığmaqdır. Əgər mənim hər hansı bir cinayətim yoxdursa, kimin nə ixtiyarı var ki, məni əlavə yoxlamaya məruz qoysun? Bu hərəkətlər diskriminasiyadır. İnsanlara bu cür yanaşma təzyiq faktorudur. Bu cür əməllərin praktik baxımdan heç bir səmərəsi yoxdur. Flaş-kartların, kompyüterlərin yoxlanılması absurddur. İndiki informasiya texnologiyaları dönəmində kiminsə özü ilə hansısa məlumatı daşımasına ehtiyac varmı? Fikrimcə bu yanaşma yalnız təzyiq vasitəsidir”.

Ə.Oruclu deyir ki, bu yoxlamanı təşkil edənlər nəticə etibarı ilə heç nəyə nail olmurlar: “Belə addımla bir nəticə əldə etmirlər. Əgər pulların ölkəyə gətirilməsinin qarşısını almağa yönələn addımdırsa, belədə ölkəyə gələnləri yoxlamalıdırlar. Yəni gedənləri yoxlayıb heç bir nəticə əldə etmirlər. Digər tərəfdən də Azərbaycan qanunvericiliyinə görə ölkəyə pul gətirmək qadağan deyil. Sadəcə gətirilən məbləğ deklarasiya olunmalıdır. Tutaq ki, övladım xaricdə yaşayır və onun yanına gedirəm. Övladımın verdiyi 100 min dolları ölkəyə gətirirəm. Bunu kimsə mənə qadağan edə bilməz. Yəni mən mənbəni göstərməyə də bilərəm. Azərbaycan qanunları buna yol verir”.
Ə.Oruclu “N5” adlı yoxlamanın qanuni və ya qanunsuz olmasının yoxlanılmasının praktik baxımdan mümkün olmadığı deyib: “Ona görə ki, bir nəfər gedir və ona flaş-kart və ya kompyüter keçirməyə imkan vermirlər. Əgər vermirlərsə, insana müəyyən bir arayış təqdim olunmalıdır və orada flaş-kart və ya kompyüterin aparılmasının hansı səbəbdən qadağan olunmasını göstərməlidirlər. Ümumiyyətlə belə yoxlamalar Azərbaycan qanunvericiliyinə ziddir, antikonstitusion addımdır”