Siyasi məhbuslara azadlıq tələbi ilə keçirilən aksiyada daha iki tələb irəli sürüldü
Sonuncu qurultaydan sonra təşkilatdaxili böhran yaşamasına baxmayaraq, Müsavat Partiyası yenidən meydanlara qayıda bilib.
Dekabrın 14-də Müsavat Bakıda, Yasamal rayonunda yerləşən “Məhsul” stadionunda mitinq keçirib. Beynəlxalq İnsan Haqları Günü münasibəti ilə “Siyasi məhbuslara azadlıq!” şüarı altında keçirilən mitinqi Müsavatın başqan müavini Səxavət Soltanlı giriş sözü ilə açıb.
Səxavət Soltanlı: “Siyasi məhbuslara azadlıq tələb edirik”
O, bildirib ki, mitinqin məqsədi həbs edilmiş siyasi məhbusların azadlığını tələb etməkdir: “Bugünkü mitinqimizin əsas məqsədi və əsas şüarı ölkədə insan hüquqları ilə bağlı olan problemləri bir daha diqqətə gətirməkdir. Yüzə yaxın siyasi məhbusun azad edilməsini Azərbaycan hökumətindən tələb edirik və hər kəsi “Azadlıq!” şüarını mitinqin başlamasından öncə səsləndirməyi xahiş edirik. Siyasi məhbuslara azadlıq!”. Meydandakılar onun çıxışına “Azadlıq!” şüarları ilə dəstək verib.
Daha sonra mitinq Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. İlk çıxış üçün söz Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərə verilib.
İsa Qəmbər: “Dünyada məhz insan haqlarına sayğı ilə yanaşan ölkələr, dövlətlər, xalqlar inkişaf edə bilirlər …”
İsa Qəmbər İnsan Haqları Gününün tarixindən, BMT-nin bununla bağlı deklarasiyanı qəbul etməsindən danışaraq bildirib ki, ölkədə həbs edilən siyasi məhbusların azadlığa çıxması üçün davamlı mübarizə aparılmalıdır: “Azərbaycanda da biz bu günü qeyd etmək qərarına gəldik. Bugünkü mitinq də məhz həmin günlə bağlıdır. Bu mövzu qlobal bir mövzudur. İnsan haqları fundamental və universal bir hüquqdur. Bu, bütün insanlara bütün bəşər övladlarına aiddir. Zamanından böyük liderimiz Məhəmməd Əmin Rəsulzadə deyib ki, nə qədər dünyada bir əsir insan qalır, bir əsir millət qalır, dünya miqyasında həqiqi azadlıqdan, həqiqi təhlükəsizlikdən danışmaq mümkün deyil. Zaman keçdikcə böyük liderimizin dediyi bu sözü bütün dünya qəbul etməyə başladı. Bu gün hər kəs dərk edir ki, insan haqları sadəcə bir insana hörmət, qayğı, diqqət demək deyil. İnsan haqları həm də dünyanın təhlükəsiz yaşaması üçün, dünyanın inkişaf edə bilməsi üçün önəmli bir dəyərdir. Həlledici bir dəyərdir. Dünyada məhz insan haqlarına sayğı ilə yanaşan ölkələr, dövlətlər, xalqlar inkişaf edə bilirlər. Bu baxımdan, Azərbaycanda da insan hüquqları ən aktual məsələlərdən biridir. Çünki zamanında biz müstəqilliyimizi bərpa etsək də, insan haqları ilə bağlı, azadlıqlarla bağlı Əliyev rejimi dönəmində çox ciddi problemlər mövcud olub və o problemlər gündən-günə ağırlaşmaqdadır. Əliyev hakimiyyəti özü xalqdan qorxur və xalqdan qorxduğu üçün də xalqı qorxutmağa çalışır. Məhz buna görə də insan hüquqlarına qarşı total şəkildə hücuma keçib. Bu gün yüz civarında bizim siyasi məhbusumuz var”.
İ.Qəmbər siyasi məhbusların ailələrinə də təşəkkürünü bildirib: “Onların dəyanətli davranışı, övladlarına, yaxınlarına sona qədər dəstək verməsi, onları nəinki qınamamaq, mənəvi dəstək vermələri bu gün həbsdə olan dostlarımız üçün həddindən artıq önəmli bir amildir. Ona görə də siyasi məhbus ailələrini bir daha salamlayıram. Eşq olsun sizlərə!”.
“Hakimiyyət total bir mübarizə aparır”
İ.Qəmbər həbsdəki siyasi məhbusların adlarını sadalayıb və əlavə edib ki, onların sayının artması narahatedici məqamdır: “Bu gün hakimiyyət bütün əxlaqi normaları açıq keçərək xanımları, qadınları da həbs edir. Həbsdə olanların sayı-hesabı yoxdur. Hakimiyyət onların hamısına qarşı total bir mübarizə aparır. Bizim də borcumuzdur ki, onların hamısını müdafiə edək, mümkün qədər tez azadlığa çıxmasına nail olaq”.
Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri həmçinin vurğulayıb ki, daha bir mənəvi borc da bütün dünyada yaşayan soydaşlarımızın hüquqlarını müdafiə etməkdir: “Mənəvi borc İranda yaşayan milyonlarla soydaşlarımızın hüququnu müdafiə etməkdir. Bu gün Rusiyada, Ukraynada, Belorusda, Avropada, Amerikada, Gürcüstanda, hər yerdə yaşayan soydaşlarımızın hüququnu müdafiə etmək mənəvi borcumuzdur”.

Onun sözlərinə görə, zamanında insan hüquqlarının müdafiəsi dünya siyasətinin mahiyyətinə çevrilib: “Bu məsələ təkcə Azərbaycan miqyasında həll olunmayacaq. 35 il bundan əvvəl- 1979-cu ilin dekabrında SSRİ İmperiyası Əfqanıstana hərbi müdaxilə, təcavüz etdi. Buna görə bütün dünya SSRİ-yə qarşı sanksiyalar tətbiq etməyə başladı, SSRİ-dən Əfqanıstandan çıxmağı tələb etməyə başladı. Bu sanksiyalarla müştərək, dünya bazarında neftin qiymətinin düşməsi nəticəsində çox qısa müddətdə SSRİ-də çox ciddi iqtisadi-sosial problemlər başlandı. 5-6 il sonra SSRİ rəhbərliyi islahatlar aparmağa məcbur qaldı. 10-12 il sonra isə SSRİ boyda imperiya çökdü və biz azadlığımıza nail olduq. İndi də oxşar hərəkətləri Rusiya edir. Bu dəfə Ukraynaya təcavüz edib. Ukrayna torpaqlarını, Krımı ilhaq, işğal edib. Ukraynanın digər ərazilərinə torpaq iddiası irəli sürürlər, problemlər yaradırlar. Yenə də oxşar proseslər gedir dünya miqyasında. Beynəlxalq birlik Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə başlayıb. Rusiyanın Ukraynadan çıxmasını, Ukraynadan əl çəkməsini tələb edirlər. Yenə də oxşar problemlər davam edir, neftin qiyməti düşür. Rusiyada rublun dəyəri düşür. Bu, bir qlobal prosesdir. Neftin qiyməti aşağı düşdükcə, əgər 1979-cu ildə başlayan proses 12 il sonra nəticələnmişdisə, indiki mərhələdə dünya birliyinin qarşısındakı Sovet İmperiyası deyil. Ona görə proseslər daha sürətlə gedəcək. Öz taleyini Rusiyaya bağlayan, və ya bağlamağa çalışan rejimlər də Rusiyanın taleyini yaşamaq məcburiyyətində qalacaq”.

İsa Qəmbər: “Azərbaycanda da dəyişikliklər labüddür”
İ.Qəmbər qeyd edib ki, Azərbaycanda dəyişikliklər mütləqdir: “Bu baxımdan, Azərbaycanda da dəyişikliklər labüddür. Amma bu dəyişikliklər öz-özünə olmayacaq. Bu dəyişikliklərin reallaşdırılması üçün mübarizə aparılmalıdır. Fədakarlıqlar göstərilməlidir. Rus imperiyasında o dönəm başlayanda Azərbaycan xalqı ayağa qalxdı, möhtəşəm bir xalq hərəkatı formalaşdı. Azərbaycan Xalq Cəbhəsini yaratdıq. Əbülfəz Elçibəyin rəhbərliyi ilə möhtəşəm bir mübarizə aparıldı. Və o mübarizənin nəticəsində Azərbaycan öz müstəqilliyini bərpa etdi. İndiki mərhələdə də Azərbaycan xalqının mübarizəsi nəticəsində dəyişikliklər baş verə bilər və baş verəcək. Ona görə də mübarizə davam etməlidir. Cəmiyyətin fəallaşmasına nail olmalıyıq. Demokratik qüvvələrin içərisindəki dağınıqlığa son qoyulmalıdır. İnsanlarda ümidsizliyə, inamsızlığa son qoyulmalıdır. Hər birimiz bu dəyişikliklərə inanmağı bacarmalıyıq. Ətrafımızı inandırmağı, cəmiyyətimizi inandırmağı bacarmalıyıq. Demokratik düşərgə ilə, müxalifətlə, Müsavatla xalqın bütünləşməsini təmin etməyi bacarmalıyıq. Mən əminəm ki, bunu edə biləcəyik. Bunun konkret yolları barədə işlər, axtarışlar, məsləhətləşmələr davam edir. İnanıram ki, bunu etməyə bizim gücümüz çatacaq”.
İ.Qəmbər beynəlxalq birliyə müraciət edib, 2015-i ildə Azərbaycanda keçirilməsi nəzərdə tutulan Avropa İdman oyunlarının boykotuna çağırışın da müzakirə edildiyini diqqətə çatdırıb: “Dünyada bu gün gedən əhval-ruhiyyə, proseslər beynəlxalq birliyin bizim bu çağırışımıza qulaq asmasına, bunu nəzərə almasına gətirib çıxaracaq. Artıq beynəlxalq miqyasda bu məsələ səslənməyə başlayıb”.
“İnanıram ki, Azərbaycan xalqı öz sözünü deyəcək”
İ.Qəmbər bildirib ki, haqq-ədalət yolunda olan insanlar hər zaman qalib gəlirlər: “Biz buna inanmışıq. Biz də haqq-ədalət yolundayıq. Azərbaycan xalqının azad, ədalətli, ləyaqətli yaşamaq haqqı var. Mən bu mübarizədə xalqımızın qələbəsinə inanıram və mübarizəyə davam etməyə səsləyirəm. Mən inanıram ki, Azərbaycan xalqı öz sözünü deyəcək”.
Həbsdə olan müsavatçılar Sirac və Fərəc Kərimli qardaşlarının atası Raqif Kərimli də mitinqdə çıxış edib. O, bildirib ki, azadlıq uğrunda mübarizə davam etməlidir.
Həbsə olanlara əfvlə bağlı təzyiqlər edildiyini deyən R.Kərimli qeyd edib ki, azadlığı sədəqə kimi verməzlər: “O insanların günahı yoxdur, niyə əfv istəməlidirlər ki?”
Aksiyada Cənubi Azərbaycanlı mühacirlərin müraciəti də səsləndirilib.
Müraciətdə bildirilir ki, güneyli mühacirlər 20 ildən artıqdır ki, Azərbaycanda yaşasalar da, hüquqlarını tələb edə bilmirlər: “Burada bizim hüquqlarımız tam şəkildə tapdalanır. Biz hüquqlarımızın bərpasını istəyirik”.
Keçmiş siyasi məhbus Vidadi İsgəndərli də mitinq iştirakçılarını və ümumilikdə xalqı azadlıq uğrunda mübarizəyə səsləyib.
Arif Hacılı: “Biz Azərbaycanda demokratik bir cəmiyyətin qurulmasına nail olacağıq”
Müsavat başqanı Arif Hacılı isə çıxışında bildirib ki, ölkədə azadlıq istəyənlər, siyasi məhbusların olmasına etiraz edənlər yalnız bu meydanda olan insanlarla məhdudlaşmır: “Azərbaycan xalqının mütləq əksəriyyəti ölkədə demokratik bir cəmiyyətin qurulmasını, ölkədə siyasi məhbusların olmamasını istəyir. Amma Azərbaycanda avtoritar hakimiyyətin apardığı siyasət, repressiya tədbirləri bu gün Azərbaycan xalqının öz sözünü, öz səsini var gücü ilə səsləndirməsinə imkan vermir. Bu gün Azərbaycan hakimiyyəti – bizim opponentlərimiz bəyan edirlər ki, guya Azərbaycanda avtoritar rejimə qarşı mübarizə, müqavimət yoxdur. Guya Azərbaycanda insanlar bu günkü rejimlə barışıblar. Ancaq bu, yalandır. Bu cür fikirlərin səsləndirilməsi üçün heç bir əsas yoxdur”.

O, cəmiyyətin bu günkü rejimlə barışmadığını da vurğulayıb: “Cəmiyyətdə müqavimət davam edir. Xalqımız demokratik cəmiyyətdə yaşamağa layiqdir. Demokratik cəmiyyət qurmağa da qadirdir. Bizim mübarizəmiz əbədidir!. Azərbaycan cəmiyyətində müqavimət davam edir. Bu müqavimət sonadək davam etməlidir və davam edəcək və biz Azərbaycanda demokratik bir cəmiyyətin qurulmasına nail olacağıq”.
Daha sonra mitinqin qətnaməsi səsləndirilib. Qətnamədə bildirilir ki, Azərbaycan hökumətinin yeritdiyi yanlış siyasət nəticəsində ölkədə ictimai-siyasi və sosial-iqtisadi vəziyyət ağır həddə çatıb: “Azərbaycan siyasi və vicdan məhbuslarının sayına görə dünyanın lider ölkələrindən birinə çevrilib”.
Mitinqin qətnaməsi və üç tələb…
Qətnamədə ölkədəki siyasi və vicdan məhbuslarına qeyd-şərtsiz azadlıq tələb edilib. Həmçinin demokratik institutlara qarşı aparılan repressiya siyasətinə son qoyulması tələb edilib. Ölkə vətəndaşlarının Konstitusiyada və qanunlarda, eyni zamanda beynəlxalq konvensiya və müqavilələrdə əksini tapan hüquqlarının təmin edilməsi də tələblər sırasındadır.
Sonda mitinq “Koroğlu” üvertürasının sədaları altında insidentsiz yekunlaşıb.
Röya RƏFİYEVA,
Fotolar Məhəmməd Türkmənindir.