Partiyanın Məclisində boş qalmış yerlərə namizədlərin qeydiyyat prosesi davam edir
Dekabrın 27-də Müsavat Məclisinin növbəti iclası keçiriləcək.
Həmin gün Məclisin sədr və katibliyinə, eləcə də, partiyanın MNTK, Divan və sərbəst Məclis üzvlüyünə boş qalmış yerlərə seçkilərin keçirilməsi nəzərdə tutulur. Namizədlərin qeydiyyat prosesi dekabrın 26-da başa çatacaq.
İndiyə qədər Məclis katibliyindən başqa, digər seçkili orqanların hər birinə iddiasını irəli sürən şəxslər var.
Bu barədə musavat.com-a Müsavat Divanının üzvü Razim Əmiraslanlı məlumat verib: “Artıq 25 nəfərə yaxın şəxs sərbəst Məclis üzvlüyünə namizədliyini irəli sürüb. Eyni zamanda 4 nəfər MNTK-ya iddialıdır. Hələlik sədrliklə bağlı bir dəyişiklik yoxdur. Bu posta Nüşabə Sadıxlı və Sabir Məmmədli namizəddirlər. Divana isə, indiyə qədər yalnız Səxavət Soltanlının namizədliyi qeydə alınıb. Siyahının artacağı istisna deyil. Qeydiyyat müddətinin başa çatmasına iki gün qalır”.
Qeyd edək ki, hazırda Müsavat Məclisinə 32 , MNTK-ya 3, Divana isə 4 yer boşdur. Məclis sədri avtomatik Divan üzvü sayılacaq.
İndiyə qədər keçirilən 3 seçki nəticəsində Məclisi tam formalaşdırmaq mümkün olmayıb.