
Qabil Hüseynli: “Bu, barıt çəlləyi kimi bölgədə detanator rolunu oynaya bilər”
Şimali İraq Kürd Administrasiyasının rəhbəri Məsud Bərzani bu ilin oktyabr ayınadək İraqın şimalında müstəqil Kürdüstan dövlətinin rəsmən elan olunacağı və tanınacağını bəyan edib.
Bölgədə gərginliyin hökm sürdüyü bir vaxtda Bərzaninin belə bir bəyanatla çıxış etməsinin reallığa əsaslanıb-əsaslanmadığı müzakirə mövzusudur. Eyni zamanda sual olunur ki, İraqın şimalında müstəqil Kürdüstan dövlətinin yaranması Türkiyə və Azərbaycan, həmçinin region üçün nə vəd edir?
Politoloq Qabil Hüseynli bildirdi ki, Bərzaninin müstəqil Kürdüstan dövlətinin elan ediləcəyini bildirməsi beynəlxalq aləm tərəfindən mənfi qarşılanıb. ABŞ bu xətti qəbul etmir, Rusiyanın özü də bu xətti qəbul eləmir. Bölgə dövlətləri isə ümumiyyətlə, İraq dövlətinin ərazi bütövlüyünün qorunmasının birmənalı surətdə tərəfdarıdır: “Düzdür, Bərzani söyləyib ki, biz son nəfəsimizə qədər mübarizə aparacağıq. Amma məsələ burasındadır ki, yaxın Şərqdə sərhədlərin yenidən biçilməsi və orada yeni bir dövlətin meydana gəlməsi uzun sürən qarşıdurmalara və müharibələrə səbəb olacaq.
Çünki bölgədə marağı olan böyük dövlətlər yaxın Şərqdə hər hansı sərhəd dəyişikliyinin baş verməsini qəbul etmirlər. Onlar belə hesab edirlər ki, burada yeni bir dövlətin yaranması barıt çəlləyi kimi bölgədə detanator rolunu oynaya bilər. Bu nöqteyi-nəzərdən hazırda İraqın ərazi bütövlüyü məsələsi dünyanın aparıcı gücləri tərəfindən ciddi şəkildə qorunur. Türkiyə hökuməti Bərzani ilə müəyyən iqtisadi əlaqələrə malik olsa da qəti şəkildə müstəqil Kürdüstan dövlətinin elan olunmasına qarşıdır. Səudiyyə Ərəbistanı da İraqın və Suriyanın ərazi bütövlüyünün saxlanmasında qəti fikirdədir. İraq dövlətinin iqtidarı da son vaxtlar müəyyən qədər toparlana və güclənə bilib.
Belə bir şəraitdə inanmıram ki, Bərzaninin bəyanatını gerçəkləşdirə bilməsi hazırda mümkün olsun. Hətta mümkündür ki, Bərzaninin əlindən hazırda mövcud olan muxtariyyət də çıxsın. Zənnimcə, Bərzaninin bəyanatı hələ vaxtı gəlməmiş, yetişməmiş məsələnin gündəmə gətirilməsi deməkdir. Bu da Bərzaninin özü, onun partiyası və kürd xalqı üçün arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Osmanlı İmperiyasından yalnız kürdlər müstəqil dövlətə sahib deyillər. Kürdlər o dərəcədə səpələniblər ki, çoxlu sayda ölkələrdə müxtəlif sayda yaşayırlar. Ona görə də bu qədər səpələnmiş şəkildə onların vahid dövlət qurmaq istəklərinin reallaşması kifayət qədər çətin və mürəkkəb görünür”.
Politoloq onu da vurğuladı ki, bu istək kürdləri yaşadıqları dövlətlərlə ciddi qarşıdurmalarla üz-üzə qoya bilər.



