Arif Hacılı: “Parlament seçkilərində ölkədə status-kvo dəyişəcək və demokratik qüvvələrin proseslərə təsir imkanları
artacaq”; Sərdar Cəlaloğlu: “Builki parlament seçkiləri əvvəlkilərdən fərqlənəcək”
2015-ci il Azərbaycan üçün bir sıra mühüm hadisələrlə zəngin il olacaq. Təbii ki, ən mühüm və diqqət mərkəzində olacaq hadisə parlament seçkiləridir. Payızda keçiriləcək parlament seçkilərinin ilboyu ölkənin siyasi həyatına qaynarlıq gətirəcəyi proqnozlaşdırılır. Azərbaycanda parlament seçkiləri adətən digər seçkilərdən daha aktiv proseslərlə müşahidə olunur. Bu baxımdan, yenicə başlanan ilin siyasi baxımdan aktiv olacağı proqnozları verilir. Ölkənin bir neçə tanınmış müxalifət partiyalarının rəhbərləri də məhz belə proqnozlar veriblər.
Müsavat Partiyasının başqanı Arif Hacılı “Yeni Müsavat”a bildirdi ki, 2015-ci il ölkəmiz üçün mühüm bir il olacaq: “Hesab edirəm ki, yaxın zamanlarda ölkədə siyasi fəallıq artacaq. Müsavat Partiyası olaraq biz qüvvələrimizi səfərbər etmək, partiya strukturlarını gücləndirmək və parlament seçkiləri ilində vəziyyətin dəyişməsi uğrunda real mübarizə aparmaq niyyətindəyik. Parlament seçkiləri təbii ki, ötən bələdiyyə seçkilərindən fərqlənəcək. Çünki parlament seçkiləri daha çox əhəmiyyət kəsb edir. Parlament seçkilərinə həm yerli siyasi qüvvələr, həm beynəlxalq birlik xüsusi diqqət yetirir.
Eyni zamanda parlament seçkilərində beynəlxalq müşahidə təşkil olunur. 125 seçki dairəsi üzrə irəli sürülən namizədlər siyasi fəallığın artmasında mühüm rol oynayır. Biz bu il ərzində müəyyən islahatların keçirilməsi, o cümlədən proporsional seçki sisteminin bərpası, seçki komissiyalarının formalaşması və təşkili istiqamətində fəaliyyət göstərmək niyyətindəyik. Bu məqsədlə Azərbaycanda fəaliyyət göstərən siyasi qüvvələri, ictimai birlikləri bir araya gətirmək və səfərbər etməyə çalışacağıq. Hesab edirəm ki, parlament seçkiləri zamanı ölkədə status-kvo dəyişəcək və demokratik qüvvələrin proseslərə təsir imkanları artacaq”.
ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a bildirdi ki, yanvarın 5-də partiyanın İdarə Heyətinin yeni ildə ilk iclası olub. İclasın gündəliyində 2015-ci il üçün partiyanın cari vəzifələri müzakirə olunub. Əsas müzakirə olunan məsələ parlament seçkilərində ADP-nin iştirakı məsələsi olub. ADP-nin seçkidə hansı şəkildə iştirak etməsi kimi məsələlər müzakirə edilib.
S.Cəlaloğlu qeyd etdi ki, parlament seçkiləri ili əvvəlki illərdən fərqlənəcək: “Ümumi şəkildə, dünyada gedən hadisələr, Azərbaycan iqtidarının davranışları, cəmiyyətin sosial təhlili göstərir ki, Azərbaycanda proseslər keçən illərdəki kimi davam eləyə bilməz. İstər beynəlxalq konyuktura, istər ölkə daxilindəki vəziyyət, Rusiyadakı iqtisadi böhranın ölkəmizə təsiri və digər məsələləri üst-üstə gələndə belə proqnoz vermək olar ki, builki parlament seçkiləri əvvəlkilərdən nə iləsə fərqlənəcək. Bu fərqliliyin nə qədər olacağı müxalifətin və iqtidarın davranışlarından asılı olacaq. Əgər iqtidar və müxalifət düzgün davranışlar nümayiş etdirə bilsə, bu fərqliliklər ölkədə yeni bir siyasi situasiyanın meydana çıxması ilə nəticələnə bilər. Əgər əvvəlki illərdəki kimi tərəflər arasında düşmənçilik davam etdirilsə, təbii ki, ölkənin xeyrinə olan heç bir dəyişiklik müşahidə olunmayacaq. Müşahidə olunan dəyişiklik ancaq mənfi istiqamətə olacaq. İqtidarla müxalifətin davranışlarında ciddi dəyişilmələr olmalıdır ki, situasiya dəyişilsin. Ona görə də birinci növbədə biz özümüzü dəyişdirməliyik ki, qarşıdan gələn parlament seçkilərində də vəziyyət dəyişilsin”.

AXCP və Milli Şura da seçkilərdə iştirak etməyə meyllidir. Bunu AXCP sədri Əli Kərimli 2015-ci ildən gözləntiləri ilə bağlı AzadlıqRadiosuna açıqlamasında bildirib. O, təmsil etdiyi partiyanın və Milli Şuranın bu il üçün prioritet saydığı problemləri, planlaşdırdıqları və həyata keçməsini arzuladıqları addımları açıqlayıb: “2015-ci il parlament seçkiləri ili olduğu üçün daha çox seçki islahatları məsələsi gündəmə gələcək. Partiyamız seçki islahatları paketini təqdim edib onu müdafiə edəcək. Parlament seçkisində iştirakla bağlı qərar üçün vaxt var. Hələ ki, bütövlükdə Xalq Cəbhəsində Milli Şurada parlament seçkisində iştirak etmək meyli güclüdür. Amma vaxt baxımından seçkiyə bir az yaxınlaşanda, heç olmasa, orada iştirakın elementar imkanlarını gördükdə qəti qərarımızı verəcəyik”.
Etibar SEYİDAĞA