Xəzər dənizi sahilində yerləşən Nabranı ilə məşhur olan Xaçmazda yay istirahət turizm mövsümünə ciddi hazırlıq işləri görülür. Bu barədə rayon Turizm İnformasiya Mərkəzinin rəhbəri Vasif Əhmədov İstiPress-in şimal bürosuna açıqlama verib. Onun sözlərinə görə, Xaçmazda ümumilikdə meşə, dəniz, rayon mərkəzində 59 istirahət mərkəzi var ki, onlardan 20-si Nabran-Müqtədir zonasında yerləşir. Vasif Əhmədovun sözlərinə görə, may ayının 27-28-də Nabranda yay istirahət mövsümünün açılışı olacaq. Bütün turizm mərkəzləri mövsümə hazırlıq işlərini davam etdirirlər.
Ümumən Xaçmazda istirahət güşələrində qiymətlər 1 nəfər üçün 30 manatdan 150 manatadək dəyişir ki, bunlar da obyektin standartına, xidmət səviyyəsinə görə tənzimlənir. Nabranda cəmi 1 ədəd 4 ulduzlu hotel-istirahət mərkəzi fəaliyyət göstərir ki, burada qiymət ən yüksək xidmətə görə təyin edilir. Nabranda turizmdən söz düşəndə əsas çimərlik turizmi göz önünə gəlir. Prezident İlham Əliyevin də xüsusi diqqət yetirdiyi, sərəncam imzaladığı çimərlik turizmi, etiraf edək ki, günün tələbləri səviyyəsində deyil. Məşhur Nabranda çimərlik boyu primitiv sahil zolaqları, iaşə obyektləri çoxluq təşkil edir. Müəyyən yenilənmə müşahidə edilsə də, hələ də bəsit çimərlik zonaları gözə dəyir. Zibilliklər, natəmizlik, mal-qara sürüsü də Nabran çimərliklərində turistlərə tanış olan mənzərədir.
İstiPress olaraq mövsümə hazırlıq ərəfəsində Nabran sahillərini yenə heyvan sürüləri ilə dolu gördük. Düzdür, indi Nabranda təmizlik işlərinə yerli qurumlar xüsusi önəm versələr də, bu qaydalara tam riayət olunmur. Xaçmaz İcra hakimiyyəti başçısının Nabran İƏD üzrə nümayəndəsi Nəzakət İskəndərova qısa vaxt ərzində Nabranın bütün çimərlik boyu təmiz və mal-qarasız olmasına söz verdi. Xaçmaz Gigiyena və Epidemiologiya Mərkəzindən isə bildirildi ki, bütün nümayəndəliklərə və bələdiyyələrə çimərlik zolaqlarında təmizlik – gigiyenik qaydalara xüsusi diqqət yetirmələri üçün xəbərdarlıq məktubu göndərilib.
Qeyd edək ki, rayonda prezidentin çimərlik turizmi ilə bağlı imzaladığı sərəncamdan irəli gələn vəzifələri icra etmək üçün Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsi yerli icra hakimiyyəti ilə birgə işlərə başlayıb. Mədəniyyət naziri Əbülfəs Qarayevin aidiyyatı qurum rəsmiləri ilə keçirdiyi görüşdə Xaçmazda 2 özəl, 2 ictimai çimərliyin yaradılması nəzərdə tutulub. Bu məqsədlə Xaçmaz icra hakimiyyəti də yerli qurumlarla birgə məsləhətləşmələr aparılacaq. Çimərliklərdə qiymətlərlə bağlı Xaçmaz Turizm -İnformasiya mərkəzinin rəhbəri Vasif Əhmədov məlumat verdi ki, özəl çimərliklərdə dənizdə çimməyə görə pul alınmır, özəl sahillərdə göstərilən iaşə xidmətinə – çay, dondurma yemək sifarişinə görə xidmət haqqı alınır. Çimərlik mövsümünün iyunun 15-də açılmasını nəzərə alsaq, hələ bu qiymətlər tam tənzimlənməyib. Xaçmaza, xüsusən Nabrana ölkə vətəndaşlarından başqa, hansı xarici ölkələrdən turist gözləyirsiniz? – sualına Xaçmaz Turizm-İnformasiya Mərkəzinin direktoru Vasif Əhmədov orijinal bir cavab verdi: “Ermənistandan başqa, bütün ölkələrdən turist gözləyirik. Təkcə düşmən ölkənin nümayəndəsinin ayağı dəyməsin torpağımıza”. Vasif Əhmədov Sovetlər Birliyindən məşhur olan Nabranın əvvəlki şöhrətini tam qaytarmaq üçün rayonda təxirəsalınmaz işlərə start verildiyini dedi.



