
Türkiyədə, Antalyada öz işinə başlayan NATO xarici işlər nazirlərinin zirvə görüşündə terrorçu təşkilat olan İŞİD-lə bağlı məsələlər də müzakirə edilib. Daha çox Əfqanıstan, Suriya və Ukrayna görüşdə gündəm təşkil edəcək.
Zirvə görüşündə 28 müttəfiq ölkənin təmsilçiləri qatılıb. Həmçinin, Avropa Birliyi nümayəndələri və BMT-nin Baş katibinin Əfqanıstandakı xüsusi nümayəndə köməkçisi qatılıb.
NATO-nun baş katibi Jen Stoltenberq qeyd edib ki, onlar İŞİD-lə mübarizə tədbirlərini müzakirə etməlidirlər. Türkiyə rəsmiləri İŞİD təhdidlərinə qarşı qərarlı bir şəkildə hərəkətə keçilməsinin vacibliyini vurğulayıblar.
Baş nazir Əhməd Davudoğlu da İŞİD mövzusunda əməkdaşlıq çağırışı edib. Suriyada 12 milyon adamın vətənsiz qaldığını bildirən Davudoğlu, Türkiyədə 2 milyondan çox suriyalı olduğunu da vurğulayıb. “Xərclərimiz 6,5 milyard dollara çatıb. Bütün beynəlxalq birliyin xərcləri 356 milyon dollar səviyyəsində çatıb. İŞİD-in idarəçiliyi altındakı torpaqlara sərhəd olan tək ölkə Türkiyəyə milli təhlükəsizlik təhdidi var. Beynəlxalq birlik bu mübarizədə əməkdaşlıq etməlidir. Hərbi, iqtisadi və humanitar yönlü bir plana ehtiyac var”,- deyə o, qeyd edib.
Davudoğlu eyni zamanda qeyd edib ki, NATO vasitəsilə Əfqanıstana dəstək verməyə davam edəcəklər: “Əfqanıstanın təhlükəsizliyinin təmin edilməsində 60 min dollarlıq dəstəyimiz oldu. Ukraynaya da dəstək verməkdəyik. Krımın ilhaqı söz mövzusu ola bilməz”.
Bildirilir ki, NATO bir ildən də uzun müddətdə cənub sərhədindəki İŞİD təhdidindən çox şərq sərhədindəki Ukrayna böhranına fokuslanmış vəziyyətdədir. NATO İŞİD-ə qarşı döyüşə daxil olmasa da, 28 üzvünün hamısı ABŞ liderliyindəki koalisiyada yer alır.



