NATO ölkələrinin xarici işlər nazirləri Norveçin paytaxtı Osloda keçirilən qeyri-rəsmi görüşdə Vilnüs Sammitinə hazırlıq məsələlərini müzakirə ediblər.
Elchi.az xəbər verir ki, Osloda keçirilən iki günlük toplantının ilk günündə Norveç Kralı V Haraldın dəvəti ilə Kral Sarayında görüşən NATO xarici işlər nazirləri, daha sonra “Akershus” qalasında Norveçin xarici işlər naziri “Anne Beathe Tvinnereim”in verdiyi şam yeməyində yenidən bir araya gəliblər.
Xarici işlər nazirlərinin qeyri-rəsmi iclasının sabahkı sessiyası saat 10:30-da NATO-nun baş katibi Yens Stoltenberqin çıxışı ilə açılacaq.
İclasın gündəliyi iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO Zirvə toplantısına hazırlıqdır.
Əsas məsələlərdən biri NATO-nun Ukrayna ilə tərəfdaşlığının inkişafı olacaq. Bundan əlavə, Ukraynanın müdafiə səylərinə verilən dəstəyin və sülh planının necə davam edəcəyi müzakirə olunacaq.
Rəsmi gündəm maddələri arasında olmasa da, Kosovodakı gərginliyin də müzakirə mövzusu olacağı gözlənilir.
NATO-nun baş katibi Stoltenberq NATO-nun Kosovodakı Sülh Qüvvələrini (KFOR) gücləndirmək üçün 700 əsgər göndərəcəyini açıqlayıb.
Nuranə Məmmədova




