“Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın əsas yekunlarına görə bu dövrdə muxtar respublikada 22 min 296 yeni, o cümlədən 19 min 215 daimi iş yeri açılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası isə işaxtaranların səmərəli məşğulluğu üçün əlverişli şərait yaradıb, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin güclənməsinə geniş imkanlar açıb.
Həyata keçirilən tədbirlər nəticəsində muxtar respublikada 6364 yeni iş yeri açılıb, əmək bazarında tələb və təklifin müəyyənləşdirilməsi üzrə təhlillər aparılıb, 5537 işaxtaran müəssisələrdə mövcud olan vakansiyalar üzrə işlə təmin edilib, 627 nəfər ictimai işlərə göndərilib, əmək bazarının tələbinə uyğun olaraq işaxtaranlar üçün təşkil olunan peşə kurslarına 7595 nəfər cəlb edilib. Həmin dövrdə sosial cəhətdən həssas əhali qruplarının məşğulluğu da diqqətdə saxlanılıb, 158 nəfər kvota yerlərinə, sağlamlıq imkanları məhdud 171 nəfər münasib işlərə göndərilib, məhdud fiziki imkanlı 161 nəfər peşə kurslarına cəlb edilib.
1995-ci ilin sonuna məşğulluq xidmətlərində rəsmi işsiz statusu alanların sayı 5 min 211 nəfər təşkil edirdisə, hazırda bu göstərici sıfır səviyyəsinə endirilib, əmək bazarında sabitlik təmin olunub. 1996-cı ildən bu günə kimi muxtar respublikada 85 min 861 yeni iş yeri açılıb ki, bunun da 59 min 90-ı və ya 68,8 faizi daimi iş yerləridir.




