Trans-Anadolu qaz boru kəmərinin (TANAP) maksimum səviyyədə istifadə olıunması üçün Türkiyə olaraq Azərbaycan və digər bölgə ölkələri ilə əməkdaşlığı inkişaf etdirməyə hazırıq.
Elchi.az-ın xəbərinə görə, bu barədə Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.
“Türkiyə və Azərbaycanın siyasi dəstəyi olmasaydı Cənub Qaz Dəhlizi layihəsinin reallaşmayacağını bu il bir daha burada vurğulamaqda fayda görürəm. Dolayısı ilə Türkiyə Avropa İttifaqının təchizat təhlükəsizliyinin artırılması adına ən uyğun yol və ən etibarlı limandır”, – Fatih Dönməz vurğulayıb.
O, Cənub Qaz Dəhlizindəki boru xəttindən nəql olunacaq təbii qazın həcmini artıra bilmək üçün əlavə rezervlərə və əlavə mənbə ölkələrə ehtiyac olduğunu qeyd edib: “Bu çərçivədə bölgəmizin rifahı adına Azərbaycan və digər bölgə ölkələri ilə əməkdaşlığımızı inkişaf etdirməyə hazırıq. TANAP-ın 31 milyard kub metr maksimum tutumda istifadə edilməsi üçün investisiya qoyulmasına dair təşəbbüsləri dəstəkləyirik”.





