Rusiyanın aparıcı müxalifət liderlərindən olan Boris Nemtsovun bütün dünyada ciddi rezonans doğurmuş qətli üzrə əsas şahid, ukraynalı fotomodel Anna Duritskaya ölümlə hədələndiyi bəyan edib.
Virtualaz.org saytı Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, A.Duritskaya bu hədələrlə bağlı artıq martın 5-də Ukraynanın hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət etdiyini bildirib.
A.Duritskaya ərizəsində yazıb ki, “valideynlərinin yaşadığı evə gələcəyi təqdirdə naməlum adamlar tərəfindən ölümlə təhdid olunur”.
Ukraynanın hüquq-mühafizə orqanları fotomodelin bu müraciəti ilə bağlı cinayət işi açıblar. Baş Prokurorluq A.Duritskayanın təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq qurumlara tapşırıq verib.
Qeyd edək ki, B.Nemtsov fevralın 27-də Moskvada 4 güllə ilə qətlə yetirilib. 56 yaşlı ruisyalı siyasətçi 23 yaşlı ukraynalı sevgilisi A.Duritskaya ilə Moskva küçələrində gəzintidə olarkən öldürülüb.



