İsrailin baş naziri Benyamin Netanyahunun rəqəmsal media müşaviri, yüzlərlə insanın həyatını itirdiyi Əl-Əhli Baptist xəstəxanasına hücumun İsrail tərəfindən həyata keçirildiyini bildirən paylaşımını silib.
Elchi.az xəbər verir ki, oktyabrın 17-də axşam saatlarında İsrailin Qəzzada Əl-Əhli Baptist Xəstəxanasına hücumu nəticəsində 471 nəfər həyatını itirib.
Oktyabrın 7-də fələstinlilərlə İsrail arasında baş verən qarşıdurmada ən çox insan itkisi ilə nəticələnən hadisə dünya ictimai rəyində hiddət doğurub.
İsrail rəhbərliyi bir müddət sussa da, sonradan hadisənin Fələstin İslami Cihad Hərəkatının Qəzzadan atdığı raketin səhvən xəstəxanaya düşməsi nəticəsində baş verdiyini iddia edib.
Mütəxəssislər də daxil olmaqla bir çox insan İsrailin Qəzzadakı qruplar tərəfindən də təkzib edilən iddialarını həm texniki, həm də ziddiyyətli izahatlara görə inandırıcı görməyib. Bu, İsrailin hücuma ilkin reaksiyası ilə sonrakı reaksiyaları, eləcə də əvvəlki illərdə Qəzzadakı xəstəxanaları, məktəbləri və media bürolarını hədəf alması arasında ziddiyyət təşkil edir.
Şayəstə Hüseynova






